Seminar öz işinə başlayıb

"Azərbaycan Respublikasında biznesin idarə olunması sahəsində kadrların ixtisasının artırılması üzrə Azərbaycan-Almaniya birgə Proqramı" çərçivəsində sahibkar və gənc menecerlər üçün Almaniyada təşkil olunmuş ixtisasartırma kurslarının səmərəliliyinin qiymətləndirilməsinə həsr edilmiş iki günlük seminar öz işinə başlayıb. SİA-nın məlumatına görə, tədbirdə İqtisadi İnkişaf Nazirliyinin, Almaniyanın Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ), Almaniya Federativ Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinin, Almaniyanın müvafiq tədris mərkəzlərinin nümayəndələri, eləcə də 2011-ci ildə Almaniyada ixtisasartırma kursları keçmiş 52 sahibkar və gənc menecer iştirak edir.

İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdir müavini Elçin İbrahimov, Nazirliyin Beynəlxalq təşkilatlarla əməkdaşlıq şöbəsinin müdir müavini Hidayət Abdullayev seminarda çıxış edərək maarifləndirmə tədbirlərinin sahibkarlıq fəaliyyətinin səmərəli təşkilində rolundan danışıb, Almaniyada təşkil olunmuş ixtisasartırma kurslarının əhəmiyyətini qeyd edib, bu Proqramın gələcəkdə də davam etdirilməsinin Azərbaycan gənclərinin menecment sahəsində beynəlxalq təcrübəyə yiyələnməsində, iş adamları arasında işgüzar əlaqələrin genişlənməsində rolunu vurğulayıblar.

Bakı Biznes Tədris Mərkəzinin direktoru Akif Fərruxov, Almaniyanın GİZ təşkilatının beynəlxalq eksperti Vladislav Belov və digər iştirakçılar çıxışlarında "Azərbaycan Respublikasında biznesin idarə olunması sahəsində kadrların ixtisasının artırılması üzrə Azərbaycan-Almaniya birgə Proqramı" və bu Proqram çərçivəsində həyata keçirilmiş ixtisasartırma kurslarının uğurlu nəticələri barədə məlumat veriblər. Bildirilib ki, bu Proqram çərçivəsində iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən 111 sahibkar və gənc menecer Almaniyanın bir sıra tədris mərkəzlərində və istehsal müəssisələrində təlim və təcrübə keçiblər. 25 sahibkarın və gənc menecerin isə 2012-ci ilin noyabr ayında Drezdenin "Yeni Federal Torpaqlar Konsorsiumu" Tədris Mərkəzinə ixtisasartırma kurslarına göndərilməsi nəzərdə tutulur.

Tədbirdə ixtisasartırma kursunda iştirak etmiş menecerlərin çıxışları və təqdimatları dinlənilib, "Azərbaycan Respublikasında biznesin idarə olunması sahəsində kadrların ixtisasının artırılması üzrə Azərbaycan-Almaniya birgə Proqramı" çərçivəsində Almaniyanın müvafiq şirkətləri ilə yaradılmış işgüzar əlaqələr barədə iştirakçılara ətraflı məlumat verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə