Regionların inkişafı işsizliyi aradan qaldırır

Regionların inkişafı işsizliyi aradan qaldırır

Jalə Əliyeva : "İkinci Dövlət Proqramının icrası zamanı Zərdab rayonunda su, kanalizasiya xətləri çəkilib, abadlıq, quruculuq işləri həyata kecirilib"

Regionların sosial-iqtisadi inkişafının göstəriciləri sırasında ən mühümü yoxsulluğun azalması səviyyəsidir. Çünki yoxsulluğa qarşı mübarizənin vacib şərtlərindən birini bölgələrdə yaşayış şəraitini yaxşılaşdırmaq və yeni iş yerləri yaratmaq təşkil edir. Ölkəmizdə hər iki istiqamət – həm regionların inkişafı, həm də yoxsulluğa qarşı mübarizə üzrə ayrı-ayrılıqda Dövlət Proqramı mövcuddur. "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrası nəticəsində ölkənin bölgələrində indiyədək 14,7 min sayda müəssisə yaradılmış və nəticədə də 180 mini daimi olmaqla, 241 min yeni iş yeri açılıb. Bunu SİA-ya açıqlamasında Zərdab rayonundan Milli Məclisə deputat seçilən Jalə Əliyeva Prezident İlham Əliyevin imzaladığı regionların sosial-iqtisadi inkişafına dair 2-ci Dövlət Proqramının kənd və qəsəbələrin, şəhərlərin inkişafı baxımından əhəmiyyətli olduğunu söyləyib.

Millət vəkili bildirib ki, bu gün ölkədə yoxsulluğun səviyyəsi təkcə, "2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı" hesabına 7,6% təşkil edib. Ümumiyyətlə, sonuncu sənədə əsasən, 2008-2015-ci illər ərzində ölkənin iqtisadi inkişafının təmini və əhalinin rifahının yaxşılaşdırılması məqsədilə qarşıya 9 strateji vəzifə qoyulub ki, bunların sırasına əmək haqqlarının mərhələlərlə artırılması, əməyin minimal ödənişi və yaşayış minimumu, həmçinin işsizlik kimi məsələlərin həlli daxildir.

Regionların 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının həm işsizliyin aradan qaldırılması, həm də yoxsulluğun aşağı salınması üçün mühüm əhəmiyyət kəsb edir. Nəzərə alsaq ki, 2003-cü ildə ölkədə yoxsulluq səviyyəsi 44,7% təşkil edirdisə, 2004-cü ildə bu rəqəm 40,2%, 2005-ci ildə 29,3%, 2006-cı ildə 20,8%, 2007-ci ildə 15,8%, 2008-ci ildə 13,2%, 2009-cu ildə 10,9%, 2010-cu ildə isə 9,1%-ə bərabər olaraq, son 8 il ərzində 5,2 dəfə azalıb. Bütün bunlar, isə həm də regionların sosial-iqtisadi inkişafına, həm də birinci proqramın icrası zamanı ölkədə çoxsayda yeni iş yerlərinin açılmasının nəticəsində baş tutub. Belə çıxır ki, regionların maksimum inkişafı işsizliyi aradan qaldıra bilər. Nəzərə alsaq ki, emal və sənaye tipli istehsal sahəsi ixtisaslı kadrlar tələb etməkdədir. Belə ki, çox sayda müəssisə yaradılsa da, bu müəsisələrin işləməsi üçün xammal lazımdır.

İstənilən halda ölkədə hər şeyin əsasında məhz kənd təsərrüfatının dayandığı bir daha üzə çıxır. Bu mənada, aqrar sahə regionların sosial-iqtisadi inkişafı üçün özül sayılır. Çünki torpaq ən birinci və əvəz olunmaz istehsal vasitəsidir. Onun sayəsində əldə edilən məhsul olmasa ən iri sənaye potensialının mövcudluğu belə, əhəmiyyətsiz xarakter daşıyar. Məhz buna görə də ölkəmizdə sözü gedənin sahənin inkişafı üçün isə az işlər görülmür.

J.Əliyevanın sözlərinə görə, Dövlət Proqramının icrası nəticəsində bölgərlə paytaxt arasındakı fərq demək olar ki, aradan qaldırılıb: "Azərbaycanın hər bir bölgəsinə ayrılan diqqət və qayğı Zərdab rayonuna da öz təsirini göstərib. Ölkə başçısı İlham Əliyevin imzaladığı sərəncamların əksəriyyəti regionların sosial-iqtisadi inkişafına yönəlmişdi. Bu proqramlar nəticəsində rayonlarımız sürətli inkişaf edib. Zərdab rayonda yeni su boruları, kanalizasiya xətləri çəkilib. Rayonumuz sosial-iqtisadi cəhətdən inkişaf edərək abadlaşıb və gözəlləşib. Ölkə başçısı bildirib ki, bu il ölkəmizdə təmirsiz bir məktəb də qalmayacaq. Heydər Əliyev Fondunun "Yeniləşən Azərbaycana yeni məktəb" layihəsi çərçivəsində Zərdab rayonunda 13 yeni məktəb tikilib. Onlarla məktəb, uşaq baxçaları təmir olunaraq istifadəyə verilib. Zərdab rayonunda yüzlərlə yeni iş yerləri açılıb. Rayonda aparılan abadlıq işlərində geniş şəkildə işçi qrupundan istifadə edilib. Bu abadlıq, quruculuq işləri, yeni iş yerlərinin açılması prosesi təbii ki, Zərdab rayonunda bundan sonra da davam etdiriləcək".

Qeyd edim ki, Dövlət Proqramının icrası nəticəsində aqrar sektorda intensiv metodların geniş tətbiq olunması, dövlət dəstəyinin davam etdirilməsi, quşçuluq və heyvandarlıq komplekslərinin, bağçılıq təsərrüfatları, istixanaların və məhsulların saxlanılması üçün anbar infrastrukturun yaradılmasına nail olunub. Bunun da hesabına kənd təsərrüfatı məhsullarının istehsalı əhəmiyyətli səviyyədə artıb, bir sıra əsas ərzaq məhsulları üzrə tələbatın yerli istehsal hesabına təmin olunması, ərzaq mallarının qiymətlərinin idxaldan asılılığının azalması və beləliklə də, qeyri-neft ixracının artması üçün real şərait yaranıb.

Ölkədə əmək qabiliyyətli əhalinin real olaraq, az qala 50%-ə yaxın hissəsinin kənd yerlərində və aqrar sahəyə məxsus ərazilərdə cəmləşməsi kənd təsərrüfatı məhsullarının istehsalına marağın daha ciddi şəkildə artırılmasını tələb edir. Bu isə özünü fərdi, xırda və orta səviyyəli təsərrüfat sahiblərinin sayının artmasında göstərib. Ümumiyyətlə, aqrar sektorda məhsuldarlığın artması bundan sonra sırf daxili tələbatın ödənilməsinə deyil, məhz ixrac məqsədinə xidmət etməlidir. Bu isə onların həcminin, çeşidinin, keyfiyyəti və rəqabət qabiliyyətliyinin yüksək olmasını və lazım gələrsə, ixracına da imkan yaratmağı tələb edir.

Doğrudur, 2015-2016-cı illər ərzində çox böyük həcmdə ixrac yönümlü aqrar məhsullarımızın olacağı deyilir. Buna nail olunarsa, işsizlik tamamilə aradan qaldırılacaqdır.

Ruqiyyə Cəfərli

Bütün xəbərlər Facebook səhifəmizdə