1,6 milyon dollarlıq saziş

Bu gün Azərbaycan Respublikası Hökuməti ilə İsveçrə Konfederasiyası Hökuməti arasında "Kapital bazarının müasirləşdirilməsi layihəsinə dair Texniki Yardım haqqında Saziş"-in imzalanma mərasimi keçirilib. Tədbirdə Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sədri Rüfət Aslanlı, İsveçrə Konfederasiyasının Azərbaycan Respublikasındakı səfiri xanım Sabine Ulmann, Dünya Bankının Cənubi Qafqazda Maliyyə və Özəl Sektor üzrə Ölkə Əlaqələndiricisi xanım Anjela Priqojina və media nümayəndələri iştirak edib.

Layihənin əsas məqsədi "Kapital Bazarının Müasirləşdirilməsi layihəsi" çərçivəsində Hüquqi və Tənzimləyici Çərçivəni Yenilənməsi və Gücləndirilməsi, Təklifin Stimullaşdırılması komponentləri üzrə dəstəyin həyata keçirilməsidir.

QKDK-nın sədri Rüfət Aslanlı son dövrdə həyata keçirilən siyasət nəticəsində ölkə iqtisadiyyatının inkişafında uğur əldə etdiyini və bu layihənin həmin uğurların inkişaf etdirilməsinə xidmət edəcəyini bildirib: "Layihə "2011-2020-ci illərdə Azərbaycan Respublikasında qiymətli kağızlar bazarının inkişafı" Dövlət Proqramının icrası üçün zəruri olan texniki və təşkilati dəstəyin təmin edilməsinə yönəldiləcək. "Kapital Bazarının Müasirləşdirilməsi layihəsi" Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı tərəfindən ayrılmış 12 milyon ABŞ dolları məbləğində kredit, İsveçrə hökuməti tərəfindən ayrılmış 1,6 milyon ABŞ dolları məbləğində qrant və 2,2 milyon ABŞ dolları məbləğində Azərbaycan Hökumətinin vəsaiti hesabına həyata keçirilir".

Səfir Sabine Ulmann İsveçrə-Azərbaycan əməkdaşlığının inkişaf tarixi, həyata keçiriləcək layihə haqqında məlumat verib və bu layihənin Azərbaycan qiymətli kağızlar bazarının inkişafına verəcəyi töhfə barəsində danışıb.

Daha sonra Dünya Bankının nümayəndəsi xanım Anjela Priqojina maliyyə bazarının inkişafında və bu bazara çıxış imkanlarının genişləndirilməsi təşviqində Dünya Bankının rolu haqqında qısa məlumat verərək layihənin də həmin məqsədlərə xidmət edəcəyini deyib.

Sonda iki hökumət arasında "Kapital bazarının müasirləşdirilməsi layihəsinə dair Texniki Yardım haqqında Saziş"-in imzalanma mərasimi keçirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə