Şahbuzkənddə yeni körpü istifadəyə verilib

Şahbuzkənddə yeni körpü istifadəyə verilib

Sentyabrın 5-də Şahbuzkənddə yeni körpünün açılışı olub. Açılış tədbirində çıxış edən Şahbuzkənd sakini İsaq Qurbanov bildirib ki, son illər Naxçıvanda aparılan quruculuq işləri çərçivəsində Şahbuz rayonunun kəndlərində də məktəblər, həkim ambulatoriyaları, kənd və xidmət mərkəzləri inşa edilir, yollar, körpülər salınır, əhaliyə yüksək səviyyədə sosial xidmət göstərilməsi üçün ardıcıl tədbirlər həyata keçirilir. Bu gün istifadəyə verilən kənd körpüsü də sakinlərin rahatlığına xidmət edəcək, gediş-gəliş asanlaşacaqdır.

İ.Qurbanov göstərilən dövlət qayğısına görə sakinlər adından minnətdarlıq etmiş, tikilənlərdən, qurulanlardan səmərəli istifadə edəcəklərini bildirib.

Tədbirdə iştirak edən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov yeni körpünün istifadəyə verilməsi münasibətilə kənd sakinlərini təbrik edərək deyib: "Ümummilli liderimiz Heydər Əliyevin siyasi kursunun uğurla davam etdirilməsi nəticəsində ölkəmizdə bütün sahələrdə yüksək inkişafa nail olunmuşdur. Bu inkişafın və sabitliyin nəticəsidir ki, şəhərlərimizdə, kəndlərimizdə yeni sosial obyektlər tikilərək istifadəyə verilir, yaşayış məntəqələri abadlaşdırılır. Şahbuzkənddə yeni körpünün tikilməsi də muxtar respublikamızda həyata keçirilən quruculuq işlərinin tərkib hissəsidir".

Görülən işləri ölkəmizdə uğurla həyata keçirilən sosial-iqtisadi islahatların tərkib hissəsi kimi dəyərləndirən Ali Məclisin sədri bir daha kənd sakinlərini təbrik edib, rəmzi açılışı bildirən lenti kəsib.

Məlumat verilib ki, ərazidəki köhnə körpü uzun müddət istismar olunduğundan tələbləri ödəmirdi. Cari ildə bu problem həllini tapıb, Keçili çayının Şahbuzkənd ərazisindən keçən hissəsində yeni körpü tikilib. Otuz ton yükgötürmə imkanına malik olan körpünün uzunluğu 12 paqonometr, eni isə 5 metrdir. Suyun istiqamətləndirilməsi üçün körpünün ətrafında dəmir-beton dayaqlar da inşa edilib.

Bildirilib ki, Şahbuzkəndi iki hissəyə ayıran Keçili çayının üzərində yeni körpünün tikintisi nəqliyyatın təhlükəsiz hərəkətini təmin edəcək, sakinlərin rahatlığına xidmət göstərəcəkdir.

Bütün xəbərlər Facebook səhifəmizdə