Bu il sahibkarlara 150 milyon manat kredit ayrılıb

Bu il sahibkarlara 150 milyon manat kredit ayrılıb

Şirzad Abdullayev: "Bu kreditlər hesabına 6800-dən çox yeni iş yerinin yaradılması nəzərdə tutulur"

İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu "Sahibkarlığın inkişafına dövlət dəstəyi" mövzusunda 2012-ci ildə növbəti tədbirini bu gün Qaradağ rayonunun Sahil qəsəbəsində keçirib. Tədbirdə Bakı qəsəbələrində fəaliyyət göstərən 150-dək sahibkar iştirak edib. Fondun mətbuat xidmətindən verilən məlumata görə, tədbirdən əvvəl əsas hissəsi Sahibkarlığa Kömək Milli Fondunun vəsaitləri hesabına maliyyələşdirilmiş Qaradağ rayonu, Sahil qəsəbəsində yerləşən "Azəri" Firmasının metal konstruksiya istehsalı zavodunun fəaliyyətinə baxış keçirilib.

Tədbir çərçivəsində Qaradağ rayonunun, o cümlədən Sahil qəsəbəsinin iqtisadi potensialına uyğun olaraq, güzəştli kreditlər hesabına maliyyələşdirilməsi məqsədəuyğun hesab olunan müasir çörək istehsalı, ət kəsimi, şüşə istehsalı, kiçik və ya orta həcmli tikişçilik və toxuculuq müəssisələrinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilib, sahibkarlara nümunəvi investisiya layihələri, metodiki materiallar paylanıb.

Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev Fond tərəfindən Dövlət Proqramlarında nəzərdə tutulmuş tədbirlərin icrası istiqamətində görülmüş işlər, güzəştli kreditlər hesabına həyata keçirilən layihələr barədə məlumat verib. Qeyd edilib ki, bu ilin ötən dövrü ərzində Fondun vəsaitləri hesabına sahibkarlıq subyektlərinin 1757 investisiya layihəsinin maliyyələşdirilməsinə 150 milyon manat güzəştli kredit ayrılıb, bu kreditlər hesabına 6800-dən çox yeni iş yerinin yaradılması nəzərdə tutulur.

2011-ci il və 2012-ci ilin ötən dövrü ərzində Sahibkarlığa Kömək Milli Fondunun vəsaitləri hesabına Bakıətrafı qəsəbələr üzrə 345 investisiya layihəsinin, o cümlədən yeni texnologiyaların tətbiqinə əsaslanan 35 layihənin maliyyələşdirilməsinə 56 milyon manat güzəştli kredit verilib. Bu layihələrdən 17-si artıq başa çatdırılıb, 5 müasir istixana, 4 quşçuluq təsərrüfatı, 4 çörək zavodu, 1 ərzaq məhsulları istehsalı müəssisəsi, 1 ət emalı müəssisəsi, 1 mebel fabriki və 1 tikinti materialları istehsalı müəssisəsi istifadəyə verilib.

Son illər Bakı ətrafı kənd və qəsəbələrdə, o cümlədən Qaradağ rayonunda Sahibkarlığa Kömək Milli Fondunun vəsaitləri hesabına müasir texnologiyaların tətbiqinə əsaslanan müxtəlif istehsal, emal və infrastruktur müəssisələri tikilib istifadəyə verilib. Bu müəssisələrdən Qaradağ rayonunun Lökbatan qəsəbəsində mərmər istehsalı, Sənqəçal şəhər tipli qəsəbədə qazobeton bloklar istehsalı və əhəng istehsalı zavodlarının və Sahil qəsəbəsində metal konstruksiya istehsalı zavodunun maliyyələşdirilməsinə Fond tərəfindən 15,5 milyon manat güzəştli kredit verilib.

Tədbir çərçivəsində müvəkkil kredit təşkilatları vasitəsilə Bakı qəsəbələrində fəaliyyət göstərən 20 sahibkarlıq subyektinə 6,4 milyon manatdan çox güzəştli kredit verilib. Bu kreditlər hesabına maliyyələşdirilmiş layihələrin reallaşdırılması 250-ə yaxın yeni iş yerinin açılmasına imkan verəcək.

Bakı qəsəbələrində "Sahibkarlığın inkişafına dövlət dəstəyi" tədbirləri davam etdiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə