Torpaq ucuzlaşıb

İyul ayında bazara təklif olunan torpaq sahələrinin əsasını ötən aylarda olduğu kimi boş torpaqlar təşkil edib. "Əmlak Bazarı İştirakçıları" İctimai Birliyindən SİA-ya verilən məlumata görə, köhnə yaşayış evlərinin sökülməsi tendensiyası mövsümlə əlaqədar olaraq bir qədər stabilləşib. Boş torpaqlarda tikilən fərdi yaşayış evlərinin sərhədi şəhərin kənarına və şəhərətrafı ərazilərə doğru genişlənməkdə davam etsə də, tikintinin tempində passivlik müşahidə edilib.

İctimai Birliyin məlumatında həmçinin qeyd olunub ki, torpaq bazarında təklif olunan ümumi 746,1 ha torpaq sahəsinin 80,4 faizini boş sahə, qalanını isə qeyri-yaşayış və köhnə yaşayış sahələri təşkil edib. Təklifə çıxarılan torpaq sahələrinin sayının çox olmasına baxmayaraq yay mövsümü ilə bağlı torpaq sahələrinə tələbin azalması müşahidə olunub. Tələbin azalması və bazarın regionlara doğru genişlənməsi bazarda təklif üzrə orta qiymətlərdə azalmanı bir qədər də dərinləşdirib. Ay ərzində torpaq üzərində bağlanan alqı-satqı əqdlərinin sayında ötən ayla müqayisədə azalma qeydə alınıb və bazarın bu seqmenti üzrə aktivlik əvvəlki aya nisbətən mənfiyə doğru dəyişib. Aparılan bazar araşdırmaları göstərir ki, şəhərin mərkəzində torpaq sahələrinin həddən artıq məhdudlaşmasına baxmayaraq zonalar üzrə də qiymətlərdə azalma müşahidə olunub. Son dövrlər paytaxtda mənzil söküntüsünün aparılması, şəhərsalma ilə bağlı tədbirlərin həyata keçirilməsi, şəhərdaxili köhnə yaşayış massivlərinin söküntüsü hesabına fərdi-yaşayış evlərinə və sənədli torpaq sahələrinə tələb artsa da, mövsümlə əlaqədar iyul ayında bu tendensiyanın azalma ilə əvəz olunması davam edib. Bazarda torpağın ekspozisiya müddəti əvvəlki ayla müqayisədə 1.2 faiz artıb, buna müvafiq olaraq əmlakın bu növü üzrə risk dərəcəsinin azalması müşahidə olunmaqdadır.

İyul ayı ərzində Bakı şəhəri üzrə torpaq bazarında orta qiymətlərdə azalma qeydə alınıb. Ay ərzində bazara çıxarılan 1 sot torpağın orta qiyməti 15007$/sot səviyyəsindən 0,7 faiz azalaraq 14895 $/sot təşkil edib. Qiymətlərin hələ də real dəyərdən yüksək olması torpağın gəlirliyinə ciddi təsir göstərməsə də, bazarın bu seqmentində likvidlik dərəcəsinin artmasına səbəb olub. Torpaq sahələrinin ekspozisiya müddəti isə ötən ayla müqayisədə artıb. Son aylar bazarda baş verən proseslər bazarın bu seqmenti ilə aparılan əməliyyatlarda risk dərəcəsini azaldıb. Buna baxmayaraq fərdi-yaşayış evlərinin və torpaq sahələrinin sənədləşdirilməsindəki problemlərin aradan qaldırılması istiqamətində dövlət tərəfindən atılan addımların ləngiməsi torpaq üzərində aparılan əməliyyatlara hələ də mənfi təsir göstərməkdədir.

İyul ayında Bakı şəhəri üzrə əksər rayonlarda qiymət azalması baş verib. Ən çox qiymət azalması Yasamal rayonunda (1.1 faiz) qeydə alınıb.

Bütün bunlarla yanaşı, hazırda torpaq bazarında ən aktiv rayonlar sırasına Binəqədi və Qaradağ rayonlarını aid etmək olar. Ən passiv rayon isə Nərimanov rayonudur. İyul ayında torpaq bazarına təklif olunan ən bahalı torpaq sahəsi 350000$sot Nəsimi (Çay fabrikinin yaxınlığı) rayonunda, ən ucuz torpaq sahəsi isə 350$sot Abşeron (Pirəkəşkül qəsəbəsi) rayonunda qeydə alınıb.

Bütün xəbərlər Facebook səhifəmizdə