Microsoft korporasiyası 2012-ci maliyyə ilinin IV rübünün yekunları üzrə 492 milyon dollar məbləğində itkilər verməsini açıqlayıb. SİA-nın məlumatına görə, ABŞ istehsalçısı 1986-cı ildə birjaya çıxdığı andan bəri ilk dəfə olaraq rüblük itkilər verib.
Hesabat dövrü ərzində Microsoft-un ümumi əməliyyat mənfəəti 6,9 milyard, əməliyyat xərcləri isə təxminən 7,5 milyard dollar təşkil edib. Şirkətin mədaxili 18,06 milyard olub ki, bu da ötən dövrün göstəricilərini 4 faiz üstələyib.
Proqram tərtibatçısının yekun itkiləri internet-reklamla məşğul olan aQuantive şirkətinə qoyulan uğursuz sərmayələrin 6,2 milyard dollar məbləğində qiymətləndirilən itkilərinin silinməsi ilə izah edilir. Microsoft dördüncü rübün gəlirlərindən bu məbləğin çıxılmasının planlaşdırılması barədə iyulun 2-də elan edib.
Ümumilikdə Microsoft-un göstəriciləri sərmayədarların gözləntilərini bir qədər üstələyib və maliyyə hesabatı dərc edildikdən dərhal sonra korporasiyanın səhmləri 1,6 faiz bahalaşıb.
Microsoft aQuantive şirkətini 2007-ci ildə təxminən 6 milyard dollara alıb və bu alqı-satqı şirkətin tarixində ən bahalı alışlardan biri olub. Sövdələşmənin köməyi ilə rəhbərlik Google şirkətini sıxışdırmaqla korporasiyanın internet-reklam bazarında mövqeyini yaxşılaşdırmağa ümid edib, lakin nəticədə alış özünü doğrultmayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB