Kolbasa və sərinləşdirici içki istehsalında dəhşətli faktlar aşkarlanıb
Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti Xaçmaz Ərazi İdarəsi tərəfindən Şabranda reydlər keçirib. SİA-nın Şimal bürosunun verdiyi xəbərə görə, reydlər kolbasa məhsullarının və sərinləşdirici içkilərin istehsalı ilə məşğul olan müəssisələrdə aparılıb. Yoxlamalar zamanı istehsal olunan məhsulların sertifikatlaşdırılmadığı üzə çıxıb.
Reydlər zamanı müəyyən olub ki, ticarət şəbəkələrində vaxtı keçmiş kolbasa məhsullarının təkrar istehsalı qəti qadağan olduğu halda, müəssisə rəhbəri öz şəxsi mənfəətini güdərək həmin məhsulları təkrar istehsalda istifadə edir. Bunun da insan orqanizmi üçün fəsadlar törədəcəyi istisna olunmur.
Digər reyddə isə məlum olub ki, sərinləşdirici içkilər sertifikatlaşdırılmadan ticarət şəbəkələrinə göndərilir, məhsulun üzərində saxlanma müddəti isə şişirdilərək göstərilir. Belə ki, normativ sənəd üzrə sterilizə olunmamış məhsulların saxlanma müddəti 10, sterilizə olunmuş məhsulların saxlanma müddəti isə 30 gündür. Lakin buna baxmayaraq sərinləşdirici içkilərin üzərində saxlanma müddəti 60 gün göstərilir.
Qeyd edək ki, reydlər nəticəsində kolbasa məmulatlarının istehsalı zamanı istifadə olunan, lakin mənşəyi məlum olmayan və vaxtı keçmiş xammallar aşkar edilib.
Emin Kərimov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB