Bu ilin noyabr ayında Azərbaycan hökuməti və BMT-nin birgə təşkilatçılığı ilə Bakıda Beynəlxalq internet idarəçilik forumu keçiriləcək. SİA-nın məlumatına görə, bu barədə Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bildirib.
Onun sözlərinə görə, bu, internet sahəsində ilin ən böyük tədbiri olacaq ki, burada təxminən 1500-2000 xarici qonağın iştirakı gözlənilir. Forumda internet azadlığının qorunması, cinayət xarakterli internet müdaxilələrinin aradan qaldırılması və ümumiyyətlə internet biznesinin inkişafı müzakirə olunacaq.
Ə.Abbasov təəssüflə bildirib ki, \"Eurovision\" müsabiqəsi ərəfəsində olduğu kimi, sözügedən Forum ərəfəsində də ölkəmizə qarşı əks-təbliğat aparmaq istəyən qüvvələr var. Bu qüvvələr Azərbaycanda internetin problemləri ilə bağlı müəyyən yanlış məlumatlar yaymağa başlayıblar. \"Amma bu istiqamətdə tanınmış reytinq və ya analiz aparan təşkilatlar var ki, onlar Azərbaycanda internetin sərbəst olduğunu qeyd edirlər. Azərbaycanda internetə heç bir məhdudiyyət qoyulmur\", - Əli Abbasov deyib.
Nazir bunun həqiqətən də belə olduğunu vurğulayıb. Onun fikrincə, Azərbaycanda internetə çıxışla bağlı heç bir məhdudiyyət yoxdur: \"Azərbaycanda keçiriləcək bu Foruma çox böyük diqqət var. Çünki tədbirdə bütün dünya üçün vacib olan internet probleminin həlli ilə bağlı məsələlər müzakirə ediləcək\".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB