İKT sektorundan əldə olunan gəlirlər 19 % artıb

İKT sektorundan əldə olunan gəlirlər 19 % artıb

Bu gün Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində (RİTN) kollegiya iclası keçirilib. SİA-nın məlumatına görə, iclasda son 6 ayın hesabatı verilib.

İclasda çıxış edən nazir Əli Abbasov bildirib ki, hesabat dövrünün yekunlarına görə, ölkənin ÜDM-i 1, 5 %, qeyri- neft iqtisadiyyatı isə rekord həddə 11,3 % artıb ki, bu da ən yüksək nəticədir: "Bu da onu göstərir ki, ölkədə real sektor inkişaf edir və neftdən asılılıq aradan qalxır. Bu sürətli inkişafda qeyri- neft sektorunun aparıcı sahəsi olan İKT-nin müstəsna yeri var".

Cari ilin 6 ayı ərzində İKT, informasiya və poçt sektorunda əldə olunan gəlirlərin həcminin ötən ilin müvafiq dövrü ilə müqayisədə 19 % artaraq 673,74 milyon manat təşkil etdiyini deyən nazir: "Ötən illə müqayisədə artım tempi İKT sektorunda 19,2 %, o cümlədən telekommunikasiya sektorunda 20,5 %, İT sektorunda 4,9 %, poçt sektorunda 9,3 %, informasiya sektorunda isə 21,9 % təşkil edib. İKT, informasiya və poçt sektorunda əldə olunan gəlirlərin təxminən 74,3 %-i qeyri- dövlət rabitə müəssisələrinin payına düşüb. Telekommunikasiya sektorunda əldə olunan gəlirlərin 65,4 %-i mobil operatorların payına düşməklə, ötən illə müqayisədə mobil sektor üzrə real artım tempi 15,9 % təşkil edib",- deyə əlavə edib.

Nazir onu da vurğulayıb ki, RİTN üzrə son 6 ayda 71 yeni iş yeri açılıb: "Nazirliyin birlik və müəssisələrində çalışan rabitəçilərin orta aylıq əmək haqqı 322,1 manat təşkil edib ki, bu da ötən illə müqayisədə 12,5 % çoxdur".

"Cari ilin 6 ayında sektora 178,3 milyon manat investisiya qoyulub ki, bu da ölkə iqtisadiyyatına qoyulan investisiyanın 4 %-ni təşkil edir. "Aztelekom" İB-nin şəbəkəsində 17 372 yeni istifadəçinin genişzolaqlı internetə qoşulması imkanlığı yaradılıb. Hesabat dövründə əsas telefon aparatlarının ümumi sayı 6 268 ədəd artaraq 1 472 368 ədədə çatıb",- deyə Əli Abbasov bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə