“Azərikimya”da “Petkim” şirkətində təcrübə keçən gənc kimyaçılarla görüş keçirilib
ARDNŞ-nin "Azərikimya" İstehsalat Birliyində rəhbər heyətin iştirakı ilə Türkiyənin "Petkim" şirkətində təcrübə keçmiş gənc kimyaçılarla hesabat görüşü baş tutub. SİA-nın məlumatına görə, tədbir zamanı ölkənin neft-kimya sənayesinin daha yüksək inkişafına nail olmaq üçün gənc kimyaçıların texniki bilik və bacarıqlarının artırılmasının, mütərəqqi texnologiyalar əsasında təcrübələrinin genişləndirilməsinin, potensial imkanlarının maksimum səfərbərliyə alınmasının vacibliyi ön plana çəkilib.
Son illər neft-kimya sənayesinin bütün sahələr üzrə yeniləşdirilməsi və modernləşdirilməsi kursunu əsas götürən "Azərikimya" İB-də gənc kimyaçıların ixtisaslarının və peşəkarlıqlarının yüksəldilməsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir. Onların "Petkim" Petrokimya Holdinqinə aid müəssisələrdə təcrübə keçmələri sistemli hal alıb. Ötən bir il ərzində "Azərikimya" İB-nin 40-a yaxın gənc mütəxəssisi öz texniki bilik və vərdişlərini artırmaq məqsədilə "Petkim"də olub, yeni texnoloji proseslərlə, müasir tipli, kompüter sistemi ilə idarə olunan avadanlıqların iş prinsipi ilə yaxından tanış olaraq, yeni təcrübə əldə edib. Onların hər biri ixtisaslarından asılı olmayaraq, neft-kimya istehsalatı üçün aktual olan əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydaları ilə bağlı xüsusi kurs və təlimatlar keçərək, bu sahədə işlərin daha mükəmməl, yüksək səviyyədə qurulması üçün "Petkim"də yeni, daha geniş məlumat və təcrübə toplaya biliblər.
Tədbirdə gənc mütəxəssislərin texnoloji avadanlıqların istehsal gücündən maksimum istifadə olunmasına yönəlmiş fəaliyyətləri ilə yanaşı onların əməyin mühafizəsi, texniki təhlükəsizliyin tam təmin edilməsi və ekologiyanın qorunması məqsədilə daha effektiv tədbirlərin həyata keçirilməsinə nail olmalarının vacibliyi diqqətə çatdırılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB