Fermerlər ötən 2 il ərzində KKT-nin hansı faydalarını gördülər?
Aqro İnformasiya Mərkəzinin (AİM) həyata kecirdiyi kənd yerlərində "İqlim Dəyişmələrinə Uyğunlaşma" layihəsinin əsas məqsədlərindən biri yararsız torpaqların Konservasiyalı Kənd Təsərrüfatı (KKT) texnologiyalarının tətbiqi ilə bərpasıdır. KKT-nin tətbiqi ilə ətraf mühitin mühafizəsinə yönəlmiş əkinçilik sistemi torpağın şum edilməsinin azaldılması və ya şum edilmənin sıfıra endirilməsinə əsaslanır. Bu zaman torpağın səthinə bitki çürüntüsünün (mulçalama) verilməsi vacibdir. Eyni zamanda bu fəaliyyətlər növbəli əkinin tətbiqi ilə həyata keçirilməlidir. Bu prosesin həyata keçirilməsi ilə torpaq münbitliyinin yaxşılaşması ilə yanaşı istixana qazlarının (su buxarı, karbon dioksid, metan) atmosferə buxarlanmasının azalması və torpaqlarda artmış karbonun (C) udulması müşahidə edilir.
Həyata keçirilən fəaliyyətlər nəticəsində Ağcabədi, Beyləqan və Zərdab rayonlarında 2010-cu ildən 18 kəndə 95 fermerlə 90.30 ha sahədə KKT texnologiyaları tətbiq edilir.
Fermerlərlə aparılan müzakirələrdə onlar torpağın münbitləşməsi ilə yanaşı tirəli əkin üsulunu, suvarmaya, suvarma suyuna və əmək sərfinə qənaəti, növbəli əkin sistemində aralıq bitkilərindən istifadəni, eləcə də toxum, texnika, yanacaq xərclərinin azalmasını KKT-nin başlıca faydaları olaraq qeyd ediblər.
Ötən dövr ərzində yuxarıda qeyd olunan üstünlüklər sahələrdə müşahidə edilmişdir. Onlardan bir neçəsi ilə ətraflı tanış olaq:
Laborator analizlərlə əldə edilmiş nəticələr göstərir ki, KKT tətbiq edilən sahələrdə 2 il müddətində humusun miqdarı (2.8310-2.6759= 0.1551) 5.5% artıb.
Qeyd olunan sahələrdə ilkin olaraq bitki qalıqlarının saxlanmasının təsirləri vizual müşahidələrlə öyrənilib. Məlum olmuşdur ki, həmin torpaqlarda bitki qalıqları tədricən parçalanmağa başlayır və bununla yanaşı torpaqda kiçik canlıların (xüsusən faydalı hesab etdiyimiz soxulcanların) artması və fəaliyyətlərinin yaxşılaşması baş verir.
Su sərfi təxminən 20-30%, toxum sərfi 35-40% (bəzi bitkilər üzrə 50%) azalmış, xərcə 35-40% qənaət edilib.
1 ha üçün yanacaq sərfi 3.3 dəfə (70 %) azalıb.
KKT-nin ətraf mühitinə təsirinə gəlincə, hesablamalara görə, 41 ha ərazidə saxlanılmış CO2-nin miqdarı 421 ton 306 kq olmuşdur (növbəti illərdə bu rəqəmin eyni sahə üzrə artacağı gözlənilir). Yanacağın azalması xərclərin azalmasına birbaşa təsir göstərməsi ilə yanaşı, ağır texnikanın sahəyə daha az girməsi ilə həm texnikanın təsiri ilə torpağın daha az kipləşmiş, həm də işçi qüvvəsinə qənaət olunmuşdur. Lakin bu sahədə ətraf mühitə ən böyük təsir texnikanın az işlənməsi ilə atmosferə buraxılan zərərli qazların azaldılması olub. Belə ki, ilkin hesablamalara görə, KKT-də bir mövsüm ərzində 1 ha taxıl sahəsi üzrə sərf olunan yanacağın orta miqdarı ənənəvi əkin sahəsi ilə müqayisədə 71.2 % azalıb. Belə ki, texnikanın işləməsi ilə 100 ha əkin sahəsi üzrə atmosferə buraxılan CO2-in miqdarı 14.874 ton azalıb.
KKT sahələrində payızlıq taxıllarda orta məhsuldarlıq 21 sentnerdir. Nəzərə alsaq ki, bu ərazilər əvvəllər əkinə yararsız sahə kimi istifadə olunmayıb, mütəxəssislər bunu birinci il üçün qənatəbəxş sayır. Qeyd etmək lazımdır ki, ənənəvi əkinçiliklə müqayisədə KKT-də istehsal xərclərinə 55-60 % qənaət olunur.
Taxıl biçinindən sonra kövşənliklərə şum etmədən birbaşa qarğıdalı, soya, lobya toxumları səpilir. Həmin sahələrdən məhsullar payızlıq dənli taxıl bitkilərinin səpin müddətinə qədər sahələrdən toplanır və yenidən səpin işləri həmin qayda ilə yəni sıfır becərmə ilə davam etdirilir.
Fermerlər şumsuz əkin sahələrində aparılan bu işlərin nəticəsində torpaqda mikrofloranın və mikrofaunanın bərpasına, torpaq münbütliyinin yaxşılaşmsına nail olmaqla sabit məhsul istehsalına nail oluna bilər.
2011-ci ilin payızında 47 ha sahədə şumsuz olaraq payızlıq taxıl səpilib.
2012-ci ldə 43.3 ha sahədə isə şumsuz olaraq yazlıq bitkilərdən qarğıdalı, soya, lobya pambıq, qarabaşaq və s bitkilərin toxumları səpilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB