Aydın Hüseynov: \"Qəbul edilən dövlət proqramları Azərbaycanın uğurlu iqtisadiyyatının məntiqi nəticəsidir\" - MÖVQE

Aydın Hüseynov: \"Qəbul edilən dövlət proqramları Azərbaycanın uğurlu iqtisadiyyatının məntiqi nəticəsidir\" - MÖVQE

Son illər Azərbaycanda həyata keçirilən dövlət proqramları istər regionlarda, istərsə də paytaxtımız Bakı şəhərinin rayon və qəsəbələrində böyük nailiyyətlərin əldə olunmasına gətirib çıxarıb. Bunu Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov SİA-ya verdiyi açıqlamasında bildirib.

Təşkilatın sədri qeyd edib ki, qəbul edilən dövlət proqramları Azərbaycanın uğurlu iqtisadiyyatının məntiqi nəticəsidir: \"Bildiyimiz kimi, son 10 il ərzində iki Dövlət Proqramı qəbul olunub. Bu dövlət proqramlarının qəbulu istər regionlarda, istərsə də paytaxt Bakının rayon və qəsəbələrində geniş və davamlı şəkildə həyata keçirilir. Qeyd etmək istərdim ki, bu proqramların qəbul olunmasında əsas məqsəd Azərbaycanı çiçəklənən bir ölkəyə çevirməkdir. Xüsusi olaraq, Bakı və Bakıətrafı qəsəbə və kəndlərin iqtisadi inkişafı ilə bağlı qəbul olunan proqram paytaxtımızın statusuna uyğun olaraq, bütün sahələrin inkişafında öz əksini tapmışdır. Çünki Bakı mərkəz olaraq inkişaf etməli və dünyanın ən gözəl şəhərləri sırasında olmalıdır. Ölkə Prezidenti İlham Əliyevin iyunun 20-də keçirilən məlum müşavirədə səsləndirdiyi fikirləri, tövsiyyələri və tapşırıqları bir daha bu amili təsdiqləyir: \"Bakı dünyanın gözəl şəhərlərindən birinə çevrilməlidir\".

Aydın Hseynov vurğulayıb ki, artıq paytaxtımızı mədəniyyət, elm, intellekt mərkəzi kimi görməkdəyik: \"Bakımızın simvolik abidələrinə çevrilən – Heydər Əliyev Mərkəzi, Dövlət Bayrağı Meydanı və digər bu kimi unikal mədəniyyət, dövlətçilik rəmzləri mövcuddur. Bu proqram birbaşa ölkə Prezidentinin rəhbərliyi və nəzarəti altında daha keyfiyyətli şəkildə həyata keçirilir. Sevindirici haldır ki, bu gün Bakıda arxitektur binalarımızın sayı getdikcə artmaqdadır. Eyni zamanda Bakı və Bakıətrafı qəsəbə və kəndlərdə geniş abadlıq işləri həyata keçirilir. Onlarla modern standartlara uyğun yeraltı və yerüstü keçidlər, yeni açılan yol və yol qovşaqları, körpülər, digər əhəmiyyətli infrastrukturlar bugünkü Dövlət Proqramının istiqamətləndirdiyi işlərdəndir\".

Regionların sosial-iqtisadi inkişafında da Dövlət Proqramının uğurlu nəticələrinin göründüyünü deyən Aydın Hüseynov xüsusilə qeyd edib ki, regionlarımızın inkişafı paytaxtla regionlar arasında fərqin aradan qaldırılmasına təsir etməklə yanaşı, əhalinin Bakıya axınının da qarşısının alınmasına səbəb olub: \"Bu gün isə artıq respublikamızın regionlarında böyük uğurlu işlər getməklə yanaşı, yüzlərlə sosial obyektlərin açılması və yeni iş yerlərinin yaranması bu axının qarşısını alan ən böyük səbəblərdən biridir. Regionlarda aparılan mütəmadi işlər, xüsusilə, sosial problemlərin nizamlanması, ümumiyyətlə, Azərbaycanın dünyada inkişaf etmiş ölkələr sırasında dayanmasına gətirib çıxarıb. Eyni zamanda, iqtisadiyyatın əsas hissəsini təşkil edən kənd təsərrüfatının regionlarda inkişaf etməsi üçün ölkə Prezidentinin imzaladığı sərəncamlar sahibkarlığın geniş şəkildə artmasına imkan yaradır. Bunun nəticəsidir ki, dünyanı bürüyən iqtisadi böhran Azərbaycandan yan keçib. Ümumilikdə götürdükdə, qəbul olunan dövlət proqramlarının uğurla həyata keçirilməsi Azərbaycanın günbəgün çiçəklənməsinə və lider dövlətlər cərgəsində olmasına gətirib çıxaracaq. Bu uğurlu iqtisadi inkişaf ölkəmiz həm siyasi, həm də iqtisadi gücünə görə orta gəlirli ölkələr sırasına daxil edəcəkdir. Yəni iqtisadiyyatda belə bir şkala var – orta gəlir. İnkişaf etmiş ölkələrdə bu amil əsas yer tutur. Bu baxımdan Azərbaycanın əldə etdiyi nailiyyətlər ölkəmizin orta gəlirli ölkələr sırasına daxil olmasına gətirib çıxarır. Bu gün dövlət büdcəmiz 21 milyard dollar həcmindədir. Valyuta ehtiyatımız 50 milyard, ümumi daxili məhsul isə 65 milyard dollara yaxındır. Azərbaycan manatının uzun müddət stabil qalması ölkədə aparılan uğurlu iqtisadi siyasətin düzgün şəkildə proqnozlaşdırılması və bir metodologiya siyasətinə söykənməsinin məntiqi nəticəsidir. Bizlər Azərbaycan vətəndaşı olaraq, bundan sonra da bu kimi əhəmiyyətli tədbirlərin, Dövlət Proqramlarının reallaşması üçün dövlət başçımız, cənab Prezident İlham Əliyevin ətrafında sıx birləşəcək, ölkəmizin daha da inkişaf etməsi üçün Onun mütərəqqi siyasətini dəstəkləyəcəyik\".


Rəfiqə HÜSEYNOVA

Bütün xəbərlər Facebook səhifəmizdə