Azərbaycan-Estoniya ticarət-iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın birinci iclası keçirilir
Bu gün Bakıda Azərbaycan Respublikası və Estoniya Respublikası hökuməti arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın birinci iclası başlayıb. SİA-nın xəbərinə görə, komissiyanın Azərbaycan tərəfdən həmsədri, rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bildirib ki, son illər iki ölkə arasındakı əlaqələr sürətlə inkişaf edir. Onun sözlərinə görə, növbəti illərdə də tərəflər arasında mövcud olan siyasi, iqtisadi və ticarət əlaqələri inkişaf etdiriləcək.
Azərbaycanın iqtisadi inkişafından danışan nazir qeyd edib ki, bu gün ölkəmiz regionun ən qabaqcıl ölkələrindən birinə çevrilib, 20 ildə digər ölkələrin əldə edə bilmədiyi iqtisadi uğurlara nail olub: \"Hazırda \"Azərbaycan-2020: Gələcəyə Baxış İnkişaf Konsepsiyası\" həyata keçirilir. Ölkənin növbəti 8-10 ildə hədəfi ÜDM-i qeyri-neft sektorunun hesabına iki dəfə artırmaqdır. Bundan əlavə, texnoloji tutumlu sahələrin inkişafı, elm, təhsil, iqtisadiyyatın inkişaf etdirilməsi əsas məsələlərdən biridir. Azərbaycan bir çox sahələrdə müxtəlif ölkələrlə yanaşı Estoniya ilə də sıx əməkdaşlıq edir. Əsasən hər iki ölkə nəqliyyat, kənd təsərrüfatı və enerji sahələrində birgə işlərin görülməsində maraqlıdır. Estoniyanın son illər elmi-innovativ biliklərə əsaslanan inkişafı ilə Azərbaycanda iqtisadi inkişaf arasında əlaqə yaratmaq olar. Biz nəqliyyat, kənd təsərrüfatı və enerji sahəsində əməkdaşlıqda maraqlıyıq. Hazırda iki ölkə arasında ticarət dövriyyəsi rəqəmləri böyük deyil. Hökumətlərarası Komissiyanın yaradılmasında da məqsəd əlaqələrin inkişafına nail olmaqdır".
Komissiyanın Estoniya tərəfdən həmsədri, Estoniya iqtisadi əlaqələr və rabitə naziri Juhan Parts da iki ölkə arasındakı əlaqələrin inkişaf etdiyini deyib. Onun sözlərinə görə, iki ölkə arasında sosial, nəqliyyat, iqtisadiyyat, turizm və digər sahələrin inkişafı üçün geniş imkanlar var.
Azərbaycanın iqtisadi inkişafını yüksək qiymətləndirən Y.Parts bildirib ki, maliyyə böhranı dövründə Estoniya şirkətləri məhz bu regionda fəaliyyət göstərib: "Hazırda Avropadakı böhran Estoniya iqtisadiyyatına da təsir edib. Belə ki, Estoniyanın ticarət əlaqələrinin 80%-dən çoxu Avropa Birliyi ölkələri ilədir. Buna baxmayaraq 2011-ci ildə ən yüksək iqtisadi artım Estoniyada qeydə alınıb. Belə ki, 2011-ci ildə Estoniyada ÜDM-in artım tempi 7,6% təşkil edib".
Tədbir hər iki komissiyanın nümayəndələrinin birgə müzakirəsi ilə davam edib. Qeyd edək ki, Azərbaycan Respublikası və Estoniya Respublikası Hökuməti arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın birinci iclasında nəqliyyat, sənaye, İKT, maliyyə və əməkdaşlığın digər sahələr üzrə iqtisadi əməkdaşlığın gələcək perspektivləri müzakirə olunacaq. Bundan əlavə, hökumətlərarası komissiyanın növbəti iclasının keçirilmə tarixi və məkanı ilə bağlı müzakirələr aparılacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB