Milli iqtisadiyyatın inkişafı ilə bağlı beynəlxalq konfrans başlayıb
Azərbaycan Kooperasiya Universitetinin, Təhsil Nazirliyinin, Azərbaycan İqtisadçılar İttifaqının və Milli Elmlər Akademiyası İqtisadiyyat İnstitutunun dəstəyilə "Milli iqtisadiyyatın inkişafı və səmərəliliyinin yüksəldilməsi" mövzusunda beynəlxalq elmi-praktik konfrans öz işinə başlayıb. SİA-nın məlumatına görə, konfransda iqtisad elmləri doktoru, millət vəkili Ziya Səmədzadə, təhsil naziri Misir Mərdanov, 60-dan çox ali təhsil müəssisələri, sahibkarlar, elmi işçilər və gənc tədqiqatçılar, həmçinin 7 xarici ölkədən dəvət olunmuş 11 nəfər tanınmış iqtisadçı alim iştirak edib. Tədbirin məqsədi "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasının hazırlanması barədə Azərbaycan Respublikasının Prezidentinin imzaladığı sərəncamın həyata keçirilməsində respublikanın iqtisadçı alim və mütəxəsislərinin iştirakını təmin etməkdir.
Tədbiri giriş sözü ilə açan Kooperasiya Universitetinin rektoru Eldar Quliyev qısa zaman ərzində ölkə iqtisadiyyatının sürətli inkişafından danışıb. "Azərbaycan Respublikası ötən ilin sonlarında müstəqilliyinin 20 illiyini qeyd etdi. Müstəqilliyin əldə olmasından qısa zaman ötməsinə baxmayaraq ölkəmizin iqtisadi inkişafı sürətlə addımlayır. Bu inkişafın nəticəsidir ki, Azərbaycan regionda aparıcı ölkə olmaqla yanaşı Avropa dövlətləri arasında da özünə layiq yer tutub. İqtisadi inkişaf proqramlarının ölkə başçısı İlham Əliyev tərəfindən dəstəklənməsi də dövlət tərəfindən iqtisadiyyatımıza göstərilən qayğının göstəricisidir" –deyə o əlavə edib.
Daha sonra təhsil naziri Misir Mərdanov Azərbaycanda bir çox sahələrin sürətlə inkişaf etməsindən danışıb. O, qeyd edib ki, bu sahələr arasında iqtidsadi inkişaf xüsusilə fərqlənir: "Hər hansı bir ölkənin müstəqillik tarixində 20 il böyük zaman deyil. Azərbaycan 20 il əvvəl dünyada tanınmadığı halda bu il BMT Təhlükəsizlik Şurasında qeyri-daimi üzvdür. Bu da Azərbaycanın inkişafı tarixində çoxsaylı uğurların olduğundan xəbər verir. Bu gün müstəqil Azərbaycanda elmi cəhətdən əsaslandırılmış və ölkə başçısı tərəfindən təsdiq olunmuş 16 dövlət proqramı yüksək səviyyədə həyata keçirilir. Əminəm ki, bu konfrans da Azərbaycan üçün çox önəmli və uğurlu olacaq".
Millət vəkili Ziya Səmədzadə Azərbaycanda 20 il ərzində yeni iqtisadi siyasətin formalaşdığını qeyd edib: "Ölkəmizdə güclü iqtisadi elmi potensial var və biz iqtisadiyyatımızın inkişafında bundan istifadə etməliyik. Azərbaycan iqtisadi siyasətini qurarkən heç bir xarici ölkənin iqtisadi siyasətini təkrar etmədi, yalnız milli maraqlara cavab verən müəyyən tövsiyyələrə əməl etdi. Bu gün yoxsulluq səviyyəsinin minimuma endirilməsinə görə Azərbaycan dünya dövlətləri arasında öndəgedən ölkələrdəndir. Bütün bunlar ölkə iqtisadiyyatında gedən sürətli inkişafın təsdiqidir".
Qeyd olunub ki, Azərbaycanın iqtisadçı alimləri yeni iqtisadi təkliflərlə çıxış edib, ölkənin iqtisadi siyasətinin daha da inkişafına təkan verməlidirlər.
Tədbir təklif və müzakirələrlə davam edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB