Regionda iqtisadi tərəfdaşlıqlarını gücləndirən İran və Türkiyə arasında ticarətdə ortaq pul vahidi istifadə ediləcək. Artıq bununla bağlı hökumətlər işlər görməyə başlayıb. Lakin nəzərdə tutulan vahid valyuta simvolik xarakterli ola bilər. İqtisadçı ekspert Vüqar Bayramovun sözlərinə görə, Türkiyə və İranın tətbiqinə hazırlaşdığı vahid valyuta kağız şəkilində dövriyyəyə buraxılmayacaq. Onun sözlərinə görə, İranla Türkiyə arasında ticarət əlaqəsi olsa belə fərqli iqtisadi sistemə malikdirlər: "Bir nüansı qeyd etmək lazımdır ki, Türkiyənin Avropanın əsas iqtisadi təşkilatlarına üzv olması imkan vermir ki, başqa ölkə ilə vahid valyuta zonasında olsun. O, baxımdan söhbət simvolik vahid valyutanın dövriyyə buraxılmasından gedir. Bu səbəbdən Türkiyə tərəfi bu təkliflərlə çıxış edərkən məhz enerji resurslarının alınıb satılması üçün valyutanın dövriyyə buraxılmasını nəzərdə tutub. Qeyd edək ki, İran enerji resurslarının dollarla satılmasında maraqlı deyil. İran bir neçə ölkə ilə ticarətin dollarla deyil, qızılla həyata keçirilməsi ilə bağlı qərar verib. Lakin nəzərə almaq lazımdır ki, bütün strateji məhsullar dollarla satılır. OPEK ölkələri hasil etdikləri nefti dünya bazarına dollarla çıxarır. Türkiyənin təklif etdiyi mexanizm ondan ibarətdir ki, dünya bazarına çıxarılan İran nefti dollar qiyməti ilə götürüləcək".
Bundan başqa Vüqar Bayramov qeyd etdi ki, dövriyyə buraxılması nəzərdə tutulan vahid valyuta Yaxın Şərqdə neft satışı ilə məşğul olan ölkələr tərəfindən qəbul olunmayacaq. Belə ki, bu tətbiq olunarsa, Yaxın Şərq ölkələrinin neft satışına baxışı dəyişə bilər: "O, valyuta özünü doğruldarsa ,təbii ki, İran Türkiyə münasibətlərində hər iki tərəf üçün rentabelli olarsa, o zaman növbəti mərhələdə neftin dollara satılmasında maraqlı olmayan ölkələrin həmin valyuta rejiminə qoşulması mümkündür. Amma OPEK daxil olmaqla aparıcı neft ölkələrinin Səudiyyə Ərəbistanının, Küveytin bu valyutaya qoşulması inandırıcı deyil. Çünki həmin ölkələrin rezervlərinin 80 faizi dollarla saxlanılıb".
Qeyd edək ki, Türkiyə yeni vahid valyutanı tətbiq etməklə neft və qızılın qiymətindəki kənarlaşmada itirdiyi vəsaiti kompensasiya etməyə çalışır. Belə ki, Türkiyə hazırda İranla enerji resurslarının satışını qızıl vasitəsi ilə reallaşdırır. Bununla yanaşı, Türkiyə və İrana qonşu olan Azərbaycanın vahid valyutaya münasibəti necə olacaq? Vüqar Bayramovun sözlərinə görə, ölkəmiz enerji resurslarının satışında dollara üstünlük verir. Çünki rezervlərinin müəyyən hissəsi dollarda saxlanılır. Bundan başqa Azərbaycan bu sahədə İranla heç bir ticarət əlaqəsinə malik deyil. Yalnız ölkəmiz İranla Naxçıvana çatdırılması üçün 400 milyon kubmetr həcmində mavi yanacaq mübadilə edir. İqtisadiçı ekspert qeyd etdi ki, MDB ölkələrini vahid valyutası dövriyyə buraxılarsa, o zaman Azərbaycan bu prosesdə fəal iştirak edə bilər.
Vüqar Əliyev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB