Qarsda Türkiyə-Azərbaycan-Gürcüstan biznes forumu keçirilib

Qarsda Türkiyə-Azərbaycan-Gürcüstan biznes forumu keçirilib

İyunun 9-da Türkiyənin Qars şəhərində İqtisadi İnkişaf Nazirliyinin, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO), Türkiyənin Odalar və Borsalar Birliyinin və Xarici İqtisadi Əlaqələr Təşkilatının, Gürcüstanın "Invest in Georgia" Milli İnvestisiya Agentliyinin təşkilatçılığı ilə Türkiyə-Azərbaycan-Gürcüstan biznes forumu keçirilib.


İqtisadi İnkişaf Nazirliyindən SİA-ya verilən məlumata görə, artıq 2-ci dəfədir ki, Azərbaycan, Türkiyə və Gürcüstan arasında üçtərəfli formatda biznes forum keçirilir və bu təşəbbüs Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən irəli sürülüb.


Əvvəlcə İqtisadi İnkişaf naziri Şahin Mustafayevin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti Qars şəhərində yerləşən Heydər Əliyev adına parkda Ümummilli Liderimizin əziz xatirəsini ehtiramla yad etmiş, abidəsi önünə çiçək dəstələri düzmüşlər. Nümayəndə heyəti həmçinin, ARDNŞ-ın Qars şəhərində inşa etdirdiyi peşə litseyinin binasında aparılan tikinti işləri ilə tanış olmuş, Azərbaycanın Qarsdakı Baş Konsulluğunda olublar.


Sonra öz işinə başlayan Türkiyə-Azərbaycan-Gürcüstan biznes forumunda Azərbaycan tərəfdən ARDNŞ-in prezidenti Rövnəq Abdullayev, Naxçıvan Muxtar Respublikasının İqtisadi İnkişaf naziri Famil Seyidov və digər rəsmilərin, eləcə də sənaye, kənd təsərrüfatı, tikinti, turizm, enerji, bank, maliyyə, informasiya-kommunikasiya texnologiyaları, logistika və digər sahələrdə fəaliyyət göstərən sahibkarların təmsil olunduğu nümayəndə heyəti iştirak edib.


Türkiyənin İqtisadiyyat naziri Zəfər Çağlayan iştirakçıları salamlayaraq, üç ölkənin iştirakı ilə növbəti biznes forumun Qars şəhərində keçirilməsindən məmnunluğunu ifadə erib, bunun Azərbaycan-Türkiyə-Gürcüstan dostluğunun nümunəsi olduğunu qeyd edib, qonşu ölkələr arasında mövcud iqtisadi əlaqələr və əməkdaşlığın daha da inkişaf etdirilməsi imkanları barədə məlumat verib. Türkiyəli nazir Zəfər Çağlayan çıxışında bir daha vurğulayıb ki, Ermənistan Azərbaycan torpaqlarının işğaldan azad etməyincə, Türkiyə Ermənistanla diplomatik və iqtisadi əlaqələr qurmayacaq. Türkiyə daim qardaş Azərbaycanı dəstəkləmiş və bundan sonra da dəstəkləyəcək.


Qars valisi Ahmet Kara, Naxçıvan Muxtar Respublikasının İqtisadi İnkişaf naziri Famil Seyidov və başqaları çıxış edərək, ölkələrimizin bölgələri, burada fəaliyyət göstərən sahibkarlar arasında əlaqələrin yüksələn xətlə inkişaf etdiyini vurğulayıb.


Azərbaycan Respublikasının İqtisadi İnkişaf naziri Şahin Mustafayev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həm Türkiyə, həm də Gürcüstanla siyasi və iqtisadi əlaqələrin davamlı olaraq inkişafına böyük önəm verdiyini və ölkə başçılarımızın səyləri nəticəsində bu əlaqələrin strateji əməkdaşlıq səviyyəsinə yüksəldiyini, Azərbaycan-Gürcüstan-Türkiyə regional əməkdaşlığının dünyada örnək olduğunu vurğulayıb. Azərbaycan, Türkiyə və Gürcüstan arasında tərəfdaşlıq və dostluq münasibətləri, ölkələrimizin inkişafı və onlar arasında sıx əməkdalıq dünyanın diqqətindədir.


Nazir Şahin Mustafayev qeyd edib ki, ölkələrimizin iqtisadi potensialının, əlverişli coğrafi mövqeyinin, böyük tranzit imkanlarının, eləcə də bu üstünlüklərin reallaşdırılması üçün həyata keçirilmiş Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Şərq-Qərb nəqliyyat dəhlizi, Bakı-Tbilisi-Qars transmilli layihələri regionu Avropa ilə Asiya arasında səmərəli iqtisadi əməkdaşlığın zəruri həlqəsinə çevirib. Qeyd edilib ki, Azərbaycanın və Orta Asiya regionunun enerji resursları Gürcüstan və Türkiyə vasitəsilə Avropa bazarına nəql edilir, ölkələrimiz Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır və bu da regionun əhəmiyyətini daha da artırır. Regiona böyük marağın səbəblərindən biri də ölkələrimizin iqtisadi potensialıdır. Belə ki, bu gün bir çox dünya ölkələrində yaşanan maliyyə və iqtisadi problemlərə baxmayaraq, Azərbaycan iqtisadiyyatı bu neqativ təsirlərə qarşı yüksək dayanıqlıq nümayiş etdirir, iqtisadi inkişaf davam edir, bütün proqramlar uğurla icra olunur. Sevindirici haldır ki, həm Türkiyə, həm də Gürcüstan iqtisadiyyatı da yüksək nəticələr göstərir, bu ölkələrdə də makroiqtisadi sabitlik hökm sürür. Vurğulanmışdır ki, Bakı-Tbilisi-Qars dəmir yolu və Trans Anadolu qaz boru xətti kimi yeni layihələr bu əməkdaşlığa əhəmiyyətli töhfə olacaq.


Təəssüflər olsun ki, regionda əməkdaşlığın genişləndirilməsinə ciddi təhdidlər də var və ən böyük təhdid Ermənistanın Azərbaycana qarşı davam edən təcavüzü, bütün qonşu ölkələrə torpaq iddialarıdır. Məhz təcavüzkar siyasətin nəticəsidir ki, Ermənistan bütün regional layihələrdən kənarda qalıb və bu siyasətə son qoyulmayınca Ermənistanın hər hansı regional layihədə iştirakı mümkün olmayacaq. Nazir Şahin Mustafayev qeyd etmişdir ki, Azərbaycan, Gürcüstan və Türkiyə arasında möhkəm qanunvericilik bazasının formalaşması, hökumətlərarası komissiyaların, digər müxtəlif qurumların məhsuldar fəaliyyəti, müntəzəm olaraq biznes forumların, sərgilərin və digər tədbirlərin keçirilməsi iş adamları arasında əlaqələrin daha da genişlənməsinə əlverişli zəmin yaradır, ticarət dövriyyəsi və investisiya qoyuluşları artır. Belə ki, 2012-ci ilin 4 ayı ərzində Azərbaycanın Türkiyə ilə xarici ticarət dövriyyəsi ötən illə müqayisədə 60% , Gürcüstan ilə xarici ticarət dövriyyəsi isə 15% artıb.


Hazırda Azərbaycanda Türkiyə sərmayələri əsasında 1106 şirkət, Türkiyədə isə Azərbaycan sərmayələri əsasında 844 şirkət fəaliyyət göstərir. Türkiyənin Azərbaycana investisiyaları təxminən 1,9 mlrd. ABŞ dolları, SOCAR və digər Azərbaycan şirkətlərinin Türkiyəyə investisiyaları isə təxminən 4,5 mlrd. ABŞ dolları təşkil edir. 2018-ci ilədək təkcə SOCAR-ın Türkiyədə investisiyaları 17 mlrd. ABŞ dolları təşkil edəcəkdir. PETKİM-in həyata keçirəcəyi yeni layihə minlərlə iş yeri yaradılmasına imkan verəcək.


Gürcüstanla iqtisadi əlaqələrdən danışan İqtisadi İnkişaf naziri Şahin Mustafayev bildirib ki, Gürcüstanda Azərbaycan sərmayələri əsasında 272 şirkət fəaliyyət göstərir və 1996-2011-ci illər ərzində bu şirkətlər tərəfindən təxminən 454,5 mln. ABŞ dolları məbləğində investisiya qoyulub.


Bununla belə, ölkələrimiz arasında iqtisadiyyatın müxtəlif sahələrində əlaqələrin daha da inkişaf etdirilməsi üçün böyük potensial mövcuddur. Biznes forum çərçivəsində müzakirə edilən məsələlər və aparılan ikitərəfli danışıqlar üç dost ölkə arasında iqtisadi-ticarət əlaqələrinin daha da inkişafına öz töhfəsini verəcək, iş adamları arasında işgüzar əlaqələrin genişlənməsinə şərait yaradacaq.


Biznes forumun Qarsda keçirilməsinin əhəmiyyətini vurğulayan nazir Şahin Mustafayev qeyd edib ki, Azərbaycan öz bölgələrinin inkişafında nə qədər maraqlıdırsa, Qarsın da inkişafında bir o qədər maraqlıdır. Nazir Mustafayev Azərbaycan iş adamlarını bu bölgədə fəal işləməyə, layihələr həyata keçirməyə, eyni zamanda növbəti üçtərəfli biznes-forumda iştirak etmək üçün qarslı sahibkarları Azərbaycana dəvət edib.


Gürcüstanın İqtisadiyyat və davamlı inkişaf naziri xanım Vera Kobaliya isə çıxışında Gürcüstan, Azərbaycan və Türkiyə arasında əlaqələrin bundan sonra da inkişaf edəcəyinə və iş adamlarının əməkdaşlığın genişlənməsində əhəmiyyətli rol oynayacaqlarına əminliyini vurğulamışdır. Bildirilmişdir ki, Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsi ilə ölkələrimiz arasında iqtisadi əməkdaşlıq daha da genişlənəcəkdir.


Biznes forum iş adamları arasında ikitərəfli görüşlərlə davam edib.

Bütün xəbərlər Facebook səhifəmizdə