“Azərenerji” aprel ayında 7 qayda pozuntusu aşkar edib

"Yardımlı Elektrik Şəbəkəsi"nin (EŞ) balans mənsubiyyətinə aid olan paylayıcı elektrik şəbəkələrində yenidənqurma və təmir işləri davam etdirilir. "Azərenerji" ASC-nin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, cari ilin son üç ayı ərzində 7 ədəd transformator məntəqəsində əsaslı təmir işləri həyata keçirilib. Eyni zamanda ümumi gücü 250 KVA olan bir ədəd transformator da təmir edilərək təkrar şəbəkəyə qoşulub. Sözügedən dövrdə 10 kV-lik xətlərdə həyata keçirilmiş müxtəlif təyinatlı təmir işləri çərçivəsində sözügedən xətlərin bir kilometri də əsaslı təmir edilib. Eyni zamanda 0,4 kV-lik xətlərin də müəyyən hissəsində əsaslı təmir işləri həyata keçirilib. Mənbədən əldə etdiyimiz digər bir məlumatda isə qeyd edilir ki, cari ilin ötən 4 ayı ərzində keçirilmiş reydlər zamanı 19 istehlakçının sayğac uçot komplektində qüsur aşkar edilərək 75,3 min kilovatsaatdan artıq itirilmiş elektrik enerjisinin 4,5 min manatdan çox istehlak dəyəri bərpa edilib. Bu məbləğin 15 faizə yaxın hissəsinin ödənişi təmin edilib. Cari ilin aprel ayında 7 qayda pozuntusu faktı aşkar olunub, 27,3 min kilovatsaatdan artıq itirilmiş elektrik enerjisinin 1,6 min manatdan çox istehlak dəyəri bərpa edilib. Hesabat ayında həmin bu məbləğin müəyyən hissəsinin ödənişi təmin edilib.


Qeyd edək ki, rayonun paylayıcı şəbəkələrinin enerji təchizatı 17 ədəd 10 kV-lik EVX və ümumi gücü 24,8 MVA-ya yaxın olan 264 ədəd TM və KTM vasitəsilə hyata keçirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə