Ötən ay Vergilər nazirliyinin məlumat xidmətinə 20 496 müraciət daxil olub

Ötən ay Vergilər nazirliyinin məlumat xidmətinə 20 496 müraciət daxil olub

2012-ci ilin mart ayı ərzində Azərbaycan Vergilər Nazirliyinin \"195\" Telefon Məlumat Xidmətinə vergi ödəyiciləri tərəfindən 20 496 müraciət daxil olub. SİA-nın xəbərinə görə, nazirliyin yaydığı məlumatda deyilir: \"Müfəttiş-operatorlar tərəfindən canlı rejimdə 9490 müraciət cavablandırılıb. 2011-ci ilin mart ayı ilə müqayisədə canlı əlaqə zamanı müfəttiş-operatorlar tərəfindən cavablandırılan müraciətlərin sayı 14,5 faiz artıb, avtomatik rejimdə elektron operator tərəfindən cavablandırılan müraciətlərin sayı isə əksinə, 15,1 faiz azalıb\".

Hesabat dövründə vergi ödəyiciləri daha çox elektron xidmətlər (25,4 faiz), vergi növləri (17,5 faiz), qeydiyyat (17,1 faiz), hesabatlar və onların doldurulma qaydaları (13,4 faiz), büdcə və vergi orqanının rekvizitləri (10,3 faiz) ilə maraqlanıblar.

Avtomatik rejimdə cavablandırılmış suallar arasında isə vergi növləri və dövlət büdcəsinə olan vergi borcları barədə suallar üstünlük təşkil edib. Sualların 86,7 faizi Bakı şəhərindən, 9,3 faizi mobil operatorlardan, qalanları isə ölkənin müxtəlif bölgələrindən daxil olub. Hesabat dövründə əhalidən şikayət (ərizə) və məlumat xarakterli 34 müraciət qəbul edilərək baxılması üçün aidiyyəti üzrə göndərilib.

Bütün xəbərlər Facebook səhifəmizdə