Əlibala Məhərrəmzadə: ”Bu gün dünya səhnəsində gördüyünüz yüksək texnoloji brendlərin hamısı texnoparklardan çıxıb” - MÜNASİBƏT

Əlibala Məhərrəmzadə: ”Bu gün dünya səhnəsində gördüyünüz yüksək texnoloji brendlərin hamısı texnoparklardan çıxıb” - MÜNASİBƏT

İqtisadi İnkişaf Nazirliyində keçirilən sonuncu kollegiya iclasında toxunulan məsələlərdən biri də Azərbaycanda sənaye və texnologiya parklarının yaradılması olub. Bu, ölkədə qeyri-neft sahələrinin inkişaf strategiyasının da əsas istiqamətlərindən biridir. Bəs Azərbaycanda sənaye parklarının və texnoparkların yaradılması prosesi necə gedir və onun faydasını nə vaxt görə biləcəyik? Ümumiyyətlə, dünya təcrübəsində bu məsələ həllini necə tapıb?

İqtisadçı-ekspert, iqtisad elmləri doktoru Əlibala Məhərrəmzadənin SİA-ya verdiyi məlumata görə, texnoparklar – elm ilə sənayenin eyni məkanda daha sıx inteqrasiyası məqsədilə yaradılır: "Texnoparkların əsas məqsədi bilik və ixtiraların texnologiyalara, sonrakı mərhələdə isə kommersiya məhsuluna çevrilməsidir. Buna görə də, əgər texnoparkların effektiv olmasını istəyiriksə, proses mütləq elmin və innovasiyaların paralel inkişafı fonunda getməlidir. Yəni biz Azərbaycanda elmi də inkişaf etdirməliiyik. Ona görə də, texnoparkların yaradılması çətin və böyük investisiya tələb edən proses sayılır".

Hazırda təkcə Amerikada 700-dən çox texnoparkın fəaliyyət göstərdiyini deyən ekspert xatırladıb ki, indi Azərbaycanda 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya həyata keçirilir. Bu strategiyada nəzərdə tutulan əsas məsələlərdən biri də biliklərə əsaslanan iqtisadiyyatın formalaşdırılmasıdır.

"Azərbaycanda texnoparkların inkişafı dövlətin aktiv dəstəyi olmadan heç cür baş tuta bilməz. Dünya praktikasında texnopark strukturlarının yaradılmasına lazım olan vəsaitin 75%-dən çoxunu dövlətlər verib. Rusiyada 7 ərazidə texnoparkın yaradılması üçün 4 ildə 1,1 milyard dollardan çox vəsait ayrılıb. Azərbaycanda isə bu dəstəyə ehtiyac daha güclüdür. Güman ki, ilk dövrlərdə həm elm, həm də sənaye sahələrində çalışacaq kadrları xaricdən gətirmək lazım olacaq. Nəzərə alsaq ki, hətta ABŞ-ın məşhur "silikon vadisi"ndə çalışanların 34 faizi əcnəbilərdir, bundan qorxmaq lazım deyil",- deyə Məhərrəmzadə vurğulayıb.

Dünya təcrübəsini xatırladan iqtisadçı bildirib ki, beynəlxalq təcrübədə texnoparklar elm tutumlu innovasiyalı iqtisadiyyatın əsas hərəkətverici qüvvəsi sayılırlar. Bu, həmçinin milli iqtisadiyyatın yeni sahələrinin formalaşmasında böyük rol oynayır: "Bu gün dünya səhnəsində gördüyünüz yüksək texnoloji brendlərin demək olar ki, hamısı texnoparklardan çıxıb. Bunun üçün vaxt lazımdır. Ümumiyyətlə, elm sahəsinə qoyulan investisiyalar özünü başqa sahələrə nisbətən gec doğruldur. Əgər ortalama götürsək, Amerika təcrübəsində texnoparkların özünü tam həcmdə doğrultması üçün təxminən 25-30 il vaxt lazım olub. Amma başqa ölkələrin də təcrübəsinin göstərdiyi kimi, getdikcə bu vaxt qısalır. Ona görə, hər şey uğurlu gedərsə, düşünürəm, bizdə daha tez effekt əldə etmək mümkün olacaq".


Bütün xəbərlər Facebook səhifəmizdə