Dəmiryol nəqliyyatında yeni dönəm başlayır

Dəmiryol nəqliyyatında yeni dönəm başlayır

Ötən müddət ərzində \"Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramı\"nın təsdiq edilməsi haqqında sərəncamdan irəli gələn vəzifələrin icra olunması istiqamətində bir sıra vacib işlər görülüb, gərgin müzakirələr aparılıb. SİA-ya daxil olan məlumata görə, gələcəkdə Beynəlxalq Maliyyə Hesabatları Sisteminin tətbiqi ilə bağlı G&G consulting şirkətinin dəstəyi "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətində fevral və mart aylarında müvafiq mühasibatlıq işçilərinin iştirakı ilə ikimərhələli treninqlər keçirilib.

Birinci mərhələdə "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin idarə aparatında çalışan baş mühasiblər, ikinci mərhələdə dəmir yolunun xətt boyu yerləşən təşkilat, idarə və müəssisələrin baş mühasibləri treninqlərdə iştirak ediblər. Dövlət Proqramının Tədbirlər Proqramında Şərq-Qərb dəmir yolu dəhlizi boyunca yarımstansiyalar, kontakt şəbəkə və işarəvermə avadanlığı daxil olmaqla, 27, 5 kvt-luq sistemin layihələndirilməsi, təchizatı və quraşdırılması üzrə podratçıların seçilməsi məqsədi ilə ixtisas uyğunluğu prosedurunda iştirak etmək üçün 10 şirkət birliyindən müraciətlər daxil olub. Eyni zamanda bu layihə çərçivəsində dəmir yolları üçün 50 ədəd yeni dəyişən cərəyanlı elektrik lokomotivlərinin satınalınması nəzərdə tutulub. Dövlət Proqramına uyğun olaraq, vaqon və lokomotv parkının yeniləşdirilməsi, yol, elektrik təchizatı, işarəvermə və rabitə və s. təsərrüfatların əsaslı təmiri, Bakı – Böyük-Kəsik istiqamətində sabit cərəyandan dəyişən cərəyana keçid, texniki vasitələrin modernləşdirilməsi və digər vəzifələrin icrası istiqamətində mühüm addımlar atılır.

Dövlət Proqramının əsas məqsədi Azərbaycanın tranzit potensialının artırılması, dəmir yolu nəqliyyatında xidmətlərin səviyyəsinin yüksəldilməsi, sərnişin və yük daşımalarında nəqliyyat xərclərinin azaldılması yolu ilə nəqliyyat kompleksinin səmərəli fəaliyyətini təmin etməkdir. Ötən müddət ərzində aşağıdakı işlər görülüb.

O cümlədən:

- "Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramı" çərçivəsində dəmir yolu nəqliyyatının fəaliyyətinin hüquqi, iqtisadi və təşkilati əsaslarını müəyyənləşdirən "Azərbaycanın dəmir yolu nəqliyyatı haqqında" Qanun layihəsi işlənərək hüquqi rəy verilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim edilmişdir, Azərbaycan Dəmir Yolunun müəssisələrində çalışan işçilərin İntizam Nizamnaməsi təsdiq edilib. Saloğlu-Poylu körpüsündə ikinci dəmir yolu xəttinin çəkilişi başa çatmaq üzrədir. Saatlı-Becar mənzilinin 98 km-də Araz çayı üzərində yerləşən metal körpünün rekonstruksiyası başa çatıb. Dəmir Yolu Ticarətinin və Nəqliyyatının Dəstəklənməsi layihəsi üzrə alınması nəzərdə tutulan 50 ədəd yeni lokomotivin və Bakı-Böyük Kəsik istiqamətində 27,5 kvt-lıq dəyişən cərəyanlı dartı sisteminə keçidlə əlaqədar işarəvermə qurğularının müasirləşdirilməsi üçün tender sənədləri hazırlanaraq Dünya Bankına təqdim edilib. Azərbaycan Dəmir Yollarında Beynəlxalq Maliyyə Uçot Sisteminin tətbiqi ilə əlaqədar ilkin işlər başa çatdırılıb. Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramı"çərçivəsində dövlət investisiyaları hesabına həyata keçirilən layihələrin icrası istiqamətində "Pirallahı qəsəbəsini sahillə birləşdirən dambada sahilbərkitmə işlərinin görülməsi" tədbiri üzrə 2010-cu ildə dövlət büdcəsindən ayrılıb 2160,0 min manat vəsait hesabına 400 paqon-/metr uzunluğunda sahilbərkitmə işləri görülüb.

Ölkə başçısının dəstəyi sayəsində dəmir yolunun inkişafına, idarəetmənin və infrastrukturun təkmilləşdirilməsinə yönəlmiş \"Dəmir Yolu Ticarətinin və Nəqliyyatının Dəstəklənməsi Layihəsi\"nin maliyyələşdirilməsi məqsədilə Çexiyanın \"İxrac\" Bankı ilə 215 milyon avro məbləğində Kredit Müqaviləsi imzalanıb. Bu vəsaitə Bakı-Böyük Kəsik istiqamətində 317 km yol əsaslı təmir olunur. Bu günə kimi 61,5 km yol əsaslı təmir olunub.

21 noyabr 2011-ci ildən ölkə daxilində və ölkədən kənara hərəkət edən sərnişin qatarlarına gediş biletlərinin İnternet şəbəkəsi vasitəsilə Online rejimində satışına start verilib. 5 vaqondan ibarət olan "Ekspress" qatarının vaqonları VEST QAS müəssisəsi ilə "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti arasında bağlanmış müqaviləyə əsasən vaqonlar 2009-cu ilin fevralında əsaslı-bərpa təmiri üçün Slovakiya Respublikasının \"Sazvrudki\" zavoduna göndərib, 2011-ci il oktyabr ayının 28-də respublikamıza gətirilib. Bu vaqonların istismar müddəti 28 il, yəni sürəti saatda 160 km olmaqla 2039-cu ilə qədər nəzərdə tutulub.

Qatarlarda boş olan yerlər haqqında sərnişinləri məlumatlandırmaq məqsədi ilə Bakı-sərnişin stansiyasının kassa zalında 2 ədəd, Gəncə vağzalının kassa zalında isə 1 ədəd müasir tipli monitorlar quraşdırılaraq sərnişinlərin istifadəsinə verilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 24-də Bakı dəmir yolu stansiyasında \"Azərbaycan Dəmir Yolları\" Qapalı Səhmdar Cəmiyyətinin sifarişi ilə Slovakiyada əsaslı təmir edilərək paytaxta gətirilmiş sərnişin vaqonları ilə tanış olmuş, öz tövsiyələrini verib.

\"Azərbaycan Dəmir Yolları\" Qapalı Səhmdar Cəmiyyətinə məxsus 5 ədəd ÇME-3 seriyalı teplovozun Çexiya Respublikasının Nümburq şəhərindəki \"Dəmir yolu nəqliyyatı vasitələrinin təmiri\" zavodunda əsaslı təmir olunaraq ölkəyə gətirilib, əlavə olaraq 4 ədəd ÇME-3 seriyalı teplovozlar Slovakiyaya, 2 ədəd 2TE10M seriyalı magistral teplovozu Ukraynaya və 4 ədəd VL-11 seriyalı elektrovoz isə Gürcüstan Respublikasına əsaslı təmirə göndərilib. 2011-ci ildə "ADY" QSC-nin İnfrastruktur Departamentinin Biləcəridəki motorlu-rels nəqliyyatı, maşın və mexanizmlərin təmiri emalatxanasında Almaniyanın "Robel" firmasında istehsal olunan və yol işçilərinin əl əməyinin yüngülləşdirilməsinə xidmət edən yeni mexanizmlər, 5 ədəd MPT-4 markalı drezinin və 1 ədəl CSM markalı yol-təmir maşını alınıb.

Ölkədə ilk dəfə 800 metrlik uzunölçülü relslərin (piletlərin) hazırlanıb daşınmasına start verilib. Relslər 24 saylı Salyan Rels Qaynaqlama Qatarında 800 metr uzunluğunda qaynaq edilir xüsusi təyinatlı qatara yüklənərək lazım olan sahəyə daşınır. İndi qatar hər dəfə, əvvəlki kimi, 2 km 400 metr yox, 4 km 800 metr rels daşıyacaq. 800 metrlik uzunölçülü piletləri daşıyan ilk qatar Dəllər-Zəyəm mənzilinin 136-148-ci kilometrinə göndərilib. 23 yanvar 2012-ci ildə Dövlət Proqramının Tədbirlər Planında Biləcəri stansiyası ərazisində suötürücü qurğuların rekonstruksiyasına start verilib. 1 mart 2012-ci ildən Bakı-sərnişin stansiyasında gediş sənədlərinin (biletlərinin) dəyərinin plastik kartlardan istifadə etməklə bilet kassalarında quraşdırılmış Pos-terminallar vasitəsilə nəğdsiz ödənişi tətbiq ediləcəkdir. 2012-ci ildə Dövlət Proqramının icrası ilə əlaqədar Azərbaycan Hökuməti tərəfindən "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin qarşısında mühüm vəzifələr qoyulub. Belə ki, Dünya Bankı və Çexiya İxrac Bankı ilə bağlanmış müqavilələr çərçivəsində, eləcə də Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icrası ilə bağlı işlər davam etdiriləcək, 2012-ci ildə sərnişin və yük daşımalarına olan tələbatıy ödənilməsi, qatarların hərəkətinin təhlükəsizliyini təmin edilməsi və dəmiryolçuların sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində zəruri tədbirlər həyata keçiriləcəkdir.

İlin sonunadək elektrik təchizatı təsərrüfatı üçün 10 ədəd ADM tipli və 9 ədəd MPT tipli drezin alınması nəzərdə tutulur. GSM, RM və USR-2000 markalı yol təmir maşınlarının saxlanması, qulluq edilməsi və təmiri üçün Biləcəri maşın və mexanizmlərin təmiri emalatxanasında anqarın tikilməsi və maddi-texniki bazanın yaradılması qarşıda duran vəzifələrdəndir.

Bütün xəbərlər Facebook səhifəmizdə