Torpaq bazarında vəziyyət necədir?

2012-ci ilin yanvar ayı ərzində bazara təklif olunan torpaq sahələrinin əsasını ötən aylarda olduğu kimi boş torpaqlar təşkil edib. "Əmlak Bazarı İştirakçıları" İctimai Birliyindən SİA-ya verilən xəbərə görə, köhnə yaşayış evlərinin sökülməsi tendensiyası zəif olaraq qalıb. Boş torpaqlarda tikilən fərdi yaşayış evlərinin sərhədi şəhərin kənarına və şəhərətrafı ərazilərə (III və IV zonalar üzrə) doğru genişlənməkdə davam etsə də, tikintinin tempində durğunluq davam edib.

Aparılan söküntü işləri zamanı dövlət tərəfindən sosial obyektlərin tikintisinə, yolların salınmasına və genişləndirilməsinə daha çox rast gəlinib. Regionların sosial-iqtisadi inkişaf proqramı və Bakı şəhərində həyata keçirilən tədbirlər planı ilə bağlı bu tendensiya daha da dərinləşməkdə, infrastruktur tikintisinin coğrafiyası daha da genişlənməkdə davam edib.

Yanvarda bazara təklif olunan ümumi 769,5 ha torpaq sahəsinin 79,1%-ni boş sahə, qalanını isə qeyri-yaşayış sahələri və köhnə yaşayış sahələri təşkil edib. Torpaq bazarında təklifə çıxarılan torpaq sahələrinin sayının çox olmasına baxmayaraq aparılan söküntü işləri ilə bağlı, xüsusilə də şəhərin mərkəzində və mərkəzə yaxın ərazilərdə söküntüyə məruz qalan mənzil və fərdi yaşayış evlərinin hesabına torpaq sahələrinə tələbin artımı bazarda təklif üzrə orta qiymət artımına təsir göstərib (1.3%).

Torpaq bazarının şəhərətrafı və paytaxtdan kənar ərazilərə doğru genişlənməsi tendensiyası yanvar ayında tikinti tempinin kəskin azalması hesabına xeyli zəifləyib. Ay ərzində torpaq üzərində bağlanan alqı-satqı əqdlərinin sayında ötən ayla müqayisədə nisbi artım qeydə alınıb və bazarın bu seqmenti üzrə aktivlik əvvəlki aya nisbətən müsbətə doğru dəyişib.

Aparılan bazar araşdırmaları göstərir ki, şəhərin mərkəzində torpaq sahələrinin həddən artıq məhdudlaşması hesabına, mərkəzdən kənar ərazilərdə isə tələbin artımı hesabına qiymətlər artıb. Son dövrlər paytaxtda mənzil söküntüsünün aparılması fərdi-yaşayış evlərinə və sənədli torpaq sahələrinə tələbi artırdığından qiymətlərin artımı müşahidə olunmağa başlayıb.

Bazarda torpağın ekspozisiya müddəti əvvəlki ayla müqayisədə 0.7% artmışdır, buna baxmayaraq əmlakın bu növü üzrə risk dərəcələrinin azalması müşahidə olunmaqdadır.

Yanvar ayı ərzində Bakı şəhəri üzrə torpaq bazarında orta qiymətlərdə artım qeydə alınıbdır. Ay ərzində bazara çıxarılan 1 sot torpağın orta qiyməti 13694 $/sot səviyyəsindən 1,3% artaraq 13806 $/sot təşkil edib. Qiymət artımının əsas səbəbi paytaxtda mənzil söküntüsünün aparılması nəticəsində fərdi-yaşayış evlərinə və sənədli torpaq sahələrinə tələbin artımı olub.

Qiymətlərin hələ də real dəyərdən yüksək olması torpağın gəlirliyinə ciddi təsir göstərməsə də, bazarın bu seqmentində likvidlik dərəcəsinin artmasına səbəb olub. Torpaq sahələrinin ekspozisiya müddəti isə ötən ayla müqayisədə nisbi artıb. Bütün bunlarla yanaşı, torpaq sahələrinin ipoteka prosesində girov predmeti kimi qəbul olunmaması daşınmaz əmlak subyekti kimi mülkiyyətin bu növünə olan marağın hələ də aşağı olması ilə nəticələnir. Son aylar bazarda baş verən proseslər bazarın bu seqmenti ilə aparılan əməliyyatlarda risk dərəcəsini nisbi azaldıb. Buna baxmayaraq fərdi-yaşayış evlərinin və torpaq sahələrinin sənədləşdirilməsindəki problemlərin aradan qaldırılması istiqamətində dövlət tərəfindən atılan addımlar torpaq üzərində aparılan əməliyyatlara mənfi təsir göstərib.

Yanvar ayında Bakı şəhəri üzrə əksər rayonlarda qiymət artımı qeydə alınıb. Ən çox qiymət artımı Qaradağ rayonunda (1.9%) baş verib.

Bütün bunlarla yanaşı, hazırda torpaq bazarında nisbətən aktiv rayonlar sırasına Binəqədi və Qaradağ rayonlarını aid etmək olar. Ən passiv rayon isə Nəsimi rayonudur.

Yanvar ayında torpaq bazarına təklif olunan ən bahalı torpaq sahəsi 350000$sot Nəsimi (Çay fabrikinin yaxınlığı) rayonunda, ən ucuz torpaq sahəsi isə 350$sot Abşeron (Pirəkəşkül qəsəbəsi) rayonunda qeydə alınıb.

Bütün xəbərlər Facebook səhifəmizdə