İqtisadi İnkişaf Nazirliyi Gəncədə müşavirə keçirib - FOTO

İqtisadi İnkişaf Nazirliyi Gəncədə müşavirə keçirib - FOTO

Gəncədə İqtisadi İnkişaf Nazirliyinin müşavirəsi keçirilib. "Gəncə-Qazax iqtisadi rayonunun sosial iqtisadi inkişafı: rəqabət qabiliyyətli şərab məhsullarının artırılması" mövzusunda təşkil olunan müşavirədə nazirliyin rəsmiləri, İcra Hakimiyyətinin nümayəndələri, sahibkarlar iştirak edib. SİA-nın bölgə müxbirinin məlumatına görə, tədbirdə əsas məqsəd bu sahənin inkişaf etdirilməsi və yeni ixracyönümlü məhsulların istehsal olunmasıdır.

Qeyd olunub ki, ölkə başçısı İlham Əliyev tərəfindən "Azərbaycan Respublikasında üzümçülüyün inkişafına dair Dövlət Proqramı\" təsdiq olunub. Məhz sözügedən proqrama uyğun olaraq bu sahənin genişləndirilməsinə xüsusi diqqət artırılır.

Gəncə-Qazax regionunda sahibkarlıq fəaliyyətinin genişləndirildiyini bildirən tədbir iştirakçıları, ümumilikdə son illərdə qərb bölgəsində dövlət dəstəyi hesabına yeni istehsal və xidmət müəssisələrinin yaradıldığını, əhalinin məşğulluq səviyyəsinin yüksəldiyini diqqətə çatdırıb. Xüsusən Gəncə ətrafı rayonlarda üzümçülük sahəsinin genişləndirilməsi baxımından münbit imkanlar var.

Analoji tədbirlərin uğurla həyata keçirilməsi qeyri-neft sektorunun dirçəlməsinə də xidmət edəcək. Başqa sözlə desək, gəlirlərin neftdən asılılığını azaldacaq.

Müşavirənin sonunda müxtəlif üzüm sortlarından hazırlanan şərabların sərgisi təşkil olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə