“Nabucco”: real, yoxsa xəyal layihə? - ARAŞDIRMA

“Nabucco”: real, yoxsa xəyal layihə? - ARAŞDIRMA

Azərbaycan regionda iqtisadi qüdrətini artırmaqda davam etdikcə iri layihələrin reallaşması da öz həllini tapır. Dövlət başçısı İlham Əliyevin söylədiyi kimi Azərbaycanın iştirakı olmadan regionda heç bir beynəlxalq layihənin həyata keçirilməsi mümkün deyil. Bu bir faktdır ki, Cənubi Qafqazın ümumi iqtisadiyyatının 80 faizinə sahib olan Azərbaycan gerçəkləşdiriləcək bütün layihələrin dominant iştirakçısı rolunda çıxış edir. Ona görə də region ölkələri atacaqları istənilən addımda Azərbaycan faktorunu nəzərə alır və planların qurulmasında, proqnozların verilməsində ölkəmizlə məsləhətləşmələrə həvəsli görünürlər. Ölkəmiz müstəqillik əldə etdikdən sonra dünyanın aparıcı dövlətlərinin regionda maraqları kəsişməyə başladı. Yeraltı və yerüstü sərvətlərinin istifadəsində vahid mülkiyyətçi rolunda çıxış etməyə başlayan Azərbaycan iqtisadi siyasətini balanslaşdırılmış formada həyata keçirməsi ilə dünya güclərini tərəfləri qane edən formada addım atmağa sövq edib. Ulu öndər Heydər Əliyevin 1993-cü ildən başlayaraq yürütdüyü daxili və xarici siyasət karbohidrogen ehtiyatlarımızdan öz maraqları naminə istifadə etməyə çlışan güclərə öz yerini göstərib.

Dünyanın transmilli şirkətlərinin Azərbaycanla müqavilələr bağlanmasından sonra yaranan əməkdaşlıq münasibətləri ölkəmizə olan enerji marağını artırıb. Hətta Xəzər dənizinin o tayından – Türkmənistan və Qazaxıstandan neft-qaz tranziti ilə bağlı maraqlı təkliflər gəlməkdədir. Transxəzər boru xəttinin çəkilməsi məsələsinin gündəmdə durması bütün diqqəti Azərbaycanın üzərində cəmləyib. Azərbaycanın təkcə karbohidrogen ehtiyatlarını ixrac edən yox, həm də tranzit ölkə kimi ideal infrastruktura malik olması ölkəmizin bölgədəki əhəmiyyətini artırıb.

Təbii ki, dünyanın karbohidrogen ehtiyatlarına ehtiyacı olan iri dövlətlər enerji mənbələrinə çatmaq üçün müxtəlif yollara əl atır. Elə ölkələr var ki, ehtiyacı olduğu təbii yanacaq növlərini əldə etmək üçün iqtisadi əlaqələrin optimal yolunu seçir. Digərləri məqsədinə çatmaq üçün üçüncü tərəfin vasitəçiliyinə bel bağlayır, başqa birisi isə daha təhlükəli - müharibə variantını seçir. Enerji ehtiyatları ilə zəngin olan ölkələr isə neft və qazını kimə satacağı barədə seçim edir. Rusiyanın Avropanı yanacaqla sınağa çəkməsi qarşı tərəfi ehtiyatlı tərpənməyə və alternativ yollar axtarmağa vadar edib.

Bəs "Nabucco" qaz layihəsi öz adını, ideyasını haradan götürüb. Əlbəttə, məşhur bəstəkar Verdi özünün "Nabucco" əsərini yazarkən heç dünyada nörmal neftçıxarma və emaletmə qurğuları belə yox idi. Avropanı mavi yanacaqla təmin etmək üçün yeni qaz xəttinin haradan və necə çəkilməsi məsələsi müzakirə olunan zaman qoca qitənin köməyinə yenə məşhur bəstəkar "gəlib". Belə ki, Verdinin "Nabucco" əsərinin adı yeni layihənin həyata vəsiqə qazanmasına stimul verib. Xəzərdən Avropaya qədər uzanan xətt boyunca yerləşən dövlətlərin iri şirkətləri bu layihəni reallaşdırmaqla Rusiyadan qaz asılılığına son qoyacaqlarını düşünüblər. Amma bu beynəlxalq layihənin baş tutması hələ də problemə çevrilib. Dünya maliyyə böhranı, Rusiya və İranın maneçiliyi, tranzit ölkələrin bir o qədər də həvəsli görünməmələri işə başlamağa əngəl törədən amillər sırasındadır.

Türkiyənin son dövrdə Azərbaycan və Rusiya ilə imzaladığı "Trans Anadolu" və "Cənub Axın" enerji layihələri isə bir neçə il əvvəl böyük əks-səda doğuran, ancaq hələ də həyata keçirilməsi mümkün olmayan "Nabucco"ya alternativ olaraq qəbul edilir. Bir neçə il əvvəl böyük müzakirələrə səbəb olan "Nabucco" qaz kəmərinin gündəmə gəlməsi son vaxtlar alternativ layihələrin aktuallaşmasına rəvac verib. "Trans Anadolu" və "Cənub Axın" layihələrinin imzalanması "Nabucco"nun xəyal olduğuna bir işarə olub.

Xatırladaq ki, 2011-ci ilin oktyabr ayında İzmirdə Azərbaycan və Türkiyə hökumətləri arasında "Şahdəniz-2" yatağından əldə edilən təbii yanacağın Türkiyə üzərindən tranzit olaraq Avropa bazarlarına ötürülməsi haqda sənəd imzalanıb. Qiyməti təxminən 5 milyard dollara yaxın olan kəmərin beş il ərzində tamamlanması nəzərdə tutulub. 2 min kilometr uzunluğundakı boru xəttinin inşasına başlanacaq. Xəttdən 16 milyard kub metr təbii qazın axıdılacağı nəzərdə tutulub. Bu qazın 6 milyard kub metrlik hissəsini Türkiyə öz ehtiyacları üçün istifadə edəcək, 10 milyard kub metrlik hissəsi isə Avropa ölkələrinə satılacaq. Layihə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) (80 faiz), Türkiyə Neftləri Anonim Ortaqlığı (TPAO) və Neft Daşıma Anonim Şirkətinin (BOTAŞ) (20 faiz) ortaqlığı ilə qurulacaq bir konsorsiyum tərəfindən reallaşdırılacaq.


"Trans Anadolu" təbii qaz xəttinin bölgədə enerji tarazlığını dəyişdirəcəyini deyən Türkiyənin enerji və təbii qaynaqlar naziri Taner Yıldız bu layihənin "Nabucco"nu küncə sıxışdırmayacağını qeyd edib. Amma avropalı mütəxəssislər, bu sektorda çalışanlar, eyni zamanda müşahidəçilər bu fikirlə razılaşmırlar. Onlar düşünürlər ki, "Nabucco"ya alternativ xətlərin çəkilməsi Türkiyənin ehtiyat variantıdır. Çünki Avropa ölkələrini mavi yanacaqla təmin edəcək qaz xəttinin çəkilməsi hələ müzakirə mərhələsindədir. Dünyada baş verən və bu il ikinci dalğası təşvişlə gözlənilən maliyyə böhranı digər iri layihələr kimi "Nabucco"nu da arxa plana keçirib. Tikinti işlərinə 2013-cü ildə start veriləcəyi haqda məlumatlar dolaşsa da avropalı analitiklər nikbin proqnoz verməkdə çətinlik çəkirlər.


BOTAŞ (Türkiyə), Bolqarıya Energy Holdinq (Bolqarıstan), MOL (Macarıstan), OVM (Avstriya), RWE (Almaniya), Transgazın (Rumıniya) səhmdar olduğu "Nabucco" Asiyadan Avropaya uzanan yeni təbii qaz körpüsü və Cənub dəhlizinin ən əhəmiyyətli layihəsidir. Dünyanın ən zəngin təbii qaz bölgələri olan Xəzər, Orta Asiya və Misiri Avropa istehlakçı bazarına, Türkiyənin şərq sərhədini Bolqarıstan-Rumıniya-Macarıstan vasitəsilə Mərkəzi Avropanın ən əhəmiyyətli təbii qaz platforması olan Avstriyadakı Baumgartenə bağlayacaq.


Lakin inşaat işlərinə 2013-cü ildə, ilk qaz axınına isə 2017-ci ildə başlanması planlanan layihə ortaq ölkələrdə yaşanan maliyyə problemi səbəbindən təxirə salınmış vəziyyətdədir. Bu səbəblə də Türkiyə Azərbaycanla müqavilə imzalamaq məcburiyyətində qoydu və "Trans Anadolu" boru xətti sürətlə həyata keçirildi.

"Trans Anadolu" layihəsinin Türkiyəni enerji sahəsində Avropaya bağlayan əhəmiyyətli bir xətt olduğunu deyən mütəxəssislər bunun 2017-ci ildə həyata vəsiqə alacağı gözlənilən "Nabucco" kəmərinə heç bir maneçilik törətməyəcəyini deyirlər. Türkiyə Enerji və Təbii Qaynaqlar Sənayesi və Məsləhətçilik Xidmətlərinin enerji daşınmaları üzrə mütəxəssisi Sibel Çətinqaya məsələyə aydınlıq gətirərək bildirib ki, enerji qaynaqları əldə etməkdə israrlı olan Avropa Birliyi Türkiyə üzərindən Azərbaycan qazının çəkilməsinin tərəfdarıdır. Bu da Türkiyəni tranzit ölkə kimi tam qane edir.


Türkiyənin Avropanın enerji ehtiyaclarının ödənilməsində əhəmiyyətli bir tranzit ölkə və ticarət mərkəzi olmağı hədəflədiyini söyləyən "Sabancı Holdinq"in enerji qrupunun başçısı Səlahəddin Hakman Azərbaycan və Rusiya ilə imzalanan razılaşmaların hər iki hədəfə çatmaq yolunda Türkiyənin üstün durumda olduğunun vurğulayıb. Hakman bu hədəflərin reallaşdırılması üçün bundan sonrakı mərhələdə Türkiyədə rəqabətçi təbii qaz bazarının yaradılmasını məqbul sayıb. Rusiyanın qərb istiqamətinə axıtdığı 6 milyard kub metrlik mavi yanacağın qarşılığı olaraq Türkiyədən daha çox qaz alınacaq. Meydana gələcək təbii qaz bazarı elektrik bazarında olduğu kimi Türkiyənin ərzaq təhlükəsizliyinin təmin edilməsini və regional bir ticarət mərkəzi olmasını təmin edəcək.


Azərbaycan isə Xəzər dənizinin Azərbaycan sektorundan çıxarılan təbii yanacağın həm daxili, həm də xarici bazara çıxarılmasında heç bir problem görmür. Dövlətimizin yürütdüyü balanslı iqtisadi siyasət karbohidrogen ehtiyatlarımızda səmərəli və təhlükəsiz olaraq istifadə etməyimizi şərtləndirən əsas faktordur. Bu gün Azərbaycan Avropanın enerji təhlükəsizliyində rol oynayan ən sadiq tərəfdaşlar sırasındadır. "Nabucco" kəmərinin çəkilməsi isə Azərbaycanın həm ixrac, həm də tranzit ölkə kimi əhəmiyyətini xeyli artırmış olar. Azərbaycan bu layihənin reallaşması üçün canfəşanlıq etməsə də, maraqlı tərəf kimi çıxış edir. Bu da ölkəmizə yeni perspektivlər vəd edir.

Bütün xəbərlər Facebook səhifəmizdə