Azərbaycan avtomagistral tikintisi üçün Serbiyaya 300 milyon avro kredit ayırıb

Azərbaycan avtomagistral tikintisi üçün Serbiyaya 300 milyon avro kredit ayırıb

Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayev ilə Serbiyanın xarici işlər naziri Vuk Yeremiç Liq-Prelina yolunun Koridor 11 sahəsinin tikintisinə Azərbaycanın 300 milyon avro kredit ayırması haqqında saziş imzalayıblar.

SİA-nın verdiyi xəbərə görə, məlumatı Serbiyanın Azərbaycandakı səfirliyindən AzərTAc-a veriblər. Xəbərdə deyilir ki, sənəd serbiyalı nazirin Azərbaycana birgünlük səfəri çərçivəsində imzalanıb.

İmzalanmadan sonra V.Yeremiç bildirib ki, bu, Azərbaycan ilə Serbiya arasında əlaqələrin möhkəmləndirilməsi baxımından çox mühüm addımdır. Azərbaycan hökuməti bu krediti çox əlverişli şərtlərlə ayırıb. Layihədə 60 körpünün, 5 tunelin tikintisi nəzərdə tutulub.

Serbiyaya yol sahəsinin tikintisi üçün kredit 3 ili güzəştli dövr olmaqla 15 il müddətinə 4 faizlə verilib. Avtomagistral tikintisi Azərbaycan və Serbiya şirkətləri tərəfindən birlikdə həyata keçiriləcəkdir. Kredit sazişi Azərbaycan-Serbiya hökumətlərarası komissiyasının ötən ilin noyabrında Belqradda keçirilən iclasında razılaşdırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə