Yanvarın 25-dən 28-dək Vyanada ənənəvi 5-ci Avropa Qaz Konfransı keçirilib.
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Avstriyadakı nümayəndəliyindən AzərTAc-a bildiriblər ki, konfransda hökumət nümayəndələri, aidiyyəti beynəlxalq təşkilatların, bir çox Avropa qaz şirkətlərinin, qaz və qiymətli kağızlar üzrə birjalarının rəhbərləri və nümayəndələri, qitəyə qaz nəqli üzrə müzakirə olunan boru layihələrinin başçıları, bu sahədə aparıcı elmi institutların və mətbuat orqanlarının nümayəndələri iştirak ediblər.
Konfransın əsas mövzuları Avropa qaz təchizatının təhlükəsizliyi, yeni alternativ qaz mənbələri və nəqliyyat imkanları, Rusiya qazının Avropanın qaz təchizatında rolu, Xəzər bölgəsinin Avropa enerji təhlükəsizliyi olub.
Tədbirdə Avstriyanın federal iqtisadiyyat naziri Raynhold Mittelener, "Edison" şirkətinin beynəlxalq qaz layihələri departamentinin direktoru Elio Ruggeri, "Energy Charter" beynəlxalq enerji təşkilatının baş katibi A.Mernier, "Eurogas" beynəlxalq təşkilatının xüsusi tapşırıqlar üzrə səfiri S.Blakey, "OMV Gas" şirkətinin başçısı V.Auli, "DEPA" şirkətinin vitse-prezidenti S.Paleoyannis, ECONGAS şirkətinin direktoru C.Kistovski və digərləri çıxış ediblər.
Avropa ölkələri hökumətlərinin nümayəndələri, qaz şirkətlərinin rəhbərləri, "Ağ axın" (White Stream), "Nabukko", İTGİ və TAP qaz boru layihələrinin başçıları "Cənub dəhlizi" layihəsinin Avropa İttifaqı üçün prioritet məsələlərdən olduğunu, Azərbaycan ilə Türkmənistan qazının Avropanın enerji təhlükəsizliyinin təminatında çox mühüm rol oynayacağını qeyd ediblər. 2020-ci ilədək Avropa İttifaqında "mavi yanacağ"a tələbatın təxminən 800 milyard kubmetrə çatacağını qeyd edən "OMV Gas" şirkətinin başçısı V.Auli tələbatın artdığı bir şəraitdə "Cənub dəhlizi" layihəsinin Avropa İttifaqı, xüsusilə də Avstriya üçün çox əhəmiyyətli olduğunu vurğulayıb.
Konfransda ölkəmizi ARDNŞ-in Avstriyadakı nümayəndəliyi təmsil edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB