Güzəştli ipoteka proqramına jurnalistlər də daxil edilməlidir-ARAŞDIRMA

Güzəştli ipoteka proqramına jurnalistlər də daxil edilməlidir-ARAŞDIRMA

Azərbaycan MDB-də ən yüksək ipoteka faizi təklif edən 3 ölkədən biridir. İpoteka krediti üçün təklif olunan maliyyə vəsaitinin az olması və şərtlərin ağır olması üzündən sosial ipotekadan yararlananların sayı azalıb. Hazırda ölkədə əksər gənclərin ev problemi olsa da, banklar tərəfindən irəli sürülən şərtlər ipoteka kreditlərini çoxları üçün əlçatmaz arzuya çevirib.


Bu kimi problemlərin aradan qaldırmaq üçün ölkədə gənc ailələrə ipotekaların verilməsi qaydalarının sadələşdirilməsi gözlənilir. "Azərbaycan gəncliyi 2011 - 2015-ci illərdə" Dövlət Proqramında gənclərin sosial problemlərinin həlli, məşğulluq məsələləri və gənc ailələrə ipoteka kreditlərin verilməsi ayrıca bənd kimi daxil edilib.


Bu ildən ipotekanın şərtlərinin sadələşdirilməsi, faizin aşağı salınması, ayrılan kredit məbləğin artırılması ilə bağlı qərarın qəbul olunması gözlənilir. Gənclərin sosial ipoteka ilə təmin olunması üçün digər mənbələrdən də faydalanmağı istisna edilmir. Nəzərdə tutulub ki, qərar qəbul olunandan sonra gənc ailələr ən aşağı faiz və yaxud faizsiz ipoteka kreditləri ilə 30 il müddətində təmin olunsunlar.



İpoteka üçün büdcədən 40 milyon manatın ayrılması təklif olunub




Prosesin necə gedəcəyi və sadələşdirmənin nədən ibarət olacağı ilə bağlı məlumat almaq üçün əlaqəli qurumlarla əlaqə saxladıq.

İpoteka Fondundan bildirildi ki, güzəştli sosial ipotekaların verilməsinin bu ildən başlanması planlaşdırılır. İpoteka üçün büdcədən 20 milyon manat vəsait nəzərdə tutulsa da, İpoteka Fondu tərəfindən vəsaitlərin 2 dəfə artırılaraq 40 milyon manata çatdırılması təklif olunub.


Gənclər və İdman Nazirliyindən verilən məlumata görə isə ipoteka krediti üçün hökumət mərkəzləşdirilmiş maliyyə vəsaitləri ayırmağı planlaşdırır. Dövlət Proqramı çərçivəsində gənc ailələrə ipoteka verilməsi barədə bənd də öz əksini tapıb. Bu isə sosial ipoteka qaydalarının sadələşdirilməsinə əlverişli zəmin yaradır. Eyni zamanda sosial ipotekanı əhatə edən kateqoriyalar artırılacaq və sosial ipoteka çərçivəsində əlavə maliyyə vəsaiti veriləcək. İlk müddətdə gənc ailələrin sayı çox olduğuna görə kateqoriyalar seçiləcək və bu kateqoriyalara aid olan gənc ailələr ilk növbədə mənzillə təmin olunacaq. Bura gənc alimlər, milli qəhrəman ailələri, idman sahəsində yüksək səviyyəli nailiyyətlər əldə edənlər, dövlət qulluğunda çalışanlar və qaçqın və məcburi köçkün ailələrindən olan gənclərdir. Növbəti illərdə isə digər kateqoriyaların bura əlavə olunması gözlənilir.



Güzəştli kreditin maksimum məbləği 60 min manata qaldırılmalıdır



İqtisadçı-ekspert Vüqar Bayramov isə bildirir ki, ölkədə mənzilə ehtiyacı olan ailələrin sayının dəqiqləşdirilməsi üçün mənzil bazarı araşdırılmalıdır: "Hazırda güzəştli ipoteka krediti almaq üçün gənclərdən minimum 500 manat əməkhaqqı tələb edilir. Ancaq bu gün 500 manat əməkhaqqı ödəyən iş yerlərində çalışanların sayı çox azdır. Tələb olunan sənədlərin sayı isə 18-dir. Bütün bunlar isə gənclərin sosial ipotekalardan faydalanmasına imkan vermir. Gənclər üçün təklif olunan ipoteka kreditlərinin şərtlərinin dəyişdirilməsi zərurəti yaranıb. Bunun üçün ilk növbədə güzəştli kreditin maksimum məbləği 60 min manata qaldırılmalı, elektron ipotekanın tətbiqi həyata keçirilməlidir. Bu tələb olunan sənədləri azaldılmasına gətirib çıxarar. Bunlarla yanaşı dövlət büdcəsindən ipoteka kreditləşməsi üçün ayrılan vəsaitin həcmi artırılmalıdır".


Mütəxəssis güzəştli ipoteka kreditləşməsi üçün faiz dərəcələrinin aşağı salınmasını da məqbul hesab edir: "Dövlət büdcəsindən ayrılan vəsait kommersiya xarakterli ola bilməz. Məsələn Kanadada dövlət büdcəsi hesabına verilən ipoteka kreditləri 1 faiz təşkil edir. Rusiyada adi ipoteka kreditləri 4,7 faiz, güzəştli ipoteka kreditləri 2,2 faizdir. Güzəştli ipoteka kreditləri üçün təyin edilən yaş məhdudiyyətinin də götürülməsini vacibdir. Hökumətdə kreditlərindən yalnız ailəli deyil, subay gənclərin də istifadə etməsinə imkan yaradılmalıdır".



\"Tikinti əmanət bankları\" ilkin ödəniş imkanı olmayanlara yardım edə bilər



Ekspert Mərkəzi Bankın \"Tikinti əmanət bankları\"nın yaradılması istiqamətində fəaliyyətini də zəif qiymətləndirir. Azərbaycan Mərkəzi Bankı 2011-ci ilin əvvəllərində yaxın zamanlarda \"Tikinti əmanət bankları\"nın yaradılacağını bildirmişdi. Lakin bu reallaşmadı. Ancaq \"Tikinti əmanət bankları\"nın yaradılması ilkin ödənişin sözügedən banklar tərəfindən ödənilməsinə imkan yarana bilər. Zəmanət Fondu yaradılsa da, bu fond az sayda vətəndaşlar üçün ilkin ödənişin aparılmasını həyata keçirə bilər. \"Tikinti əmanət bankları\" isə ilkin ödəniş imkanı olmayanların bankdan istifadəsinə gətirib çıxara bilər\".

Vüqar Bayramov hesab edir ki, sosial ipoteka proqramından istifadə edən kateqoriyanın tərkibi dəyişdirilərkən jurnalistlər də aztəminatlı kateqoriya kimi siyahıya daxil edilməlidir. İpoteka kreditlərinin verilməsi zamanı bəzi müvəkkil banklarda müşahidə edilən korrupsiya hallarına qarşı ciddi mübarizə aparılmasını də vacib sayır.




Bütün xəbərlər Facebook səhifəmizdə