Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Təcrübə-Sınaq Mərkəzi (AzTEST) maddi-texniki bazasının genişləndirilməsi istiqamətində kompleks tədbirlər həyata keçirməkdədir. Komitənin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, son iki ayda AzTEST bir neçə sahədə tətbiq olunan ölçmə cihazlarının kalibrlənməsi və müqayisəli dövlət yoxlanışının keçirilməsi məqsədilə yeni işçi etalonlar və sınaq avadanlığı alıb.
Tikinti-quraşdırma işlərində istifadə olunan nivelir, teodolit və taxiometrlərin göstəricilərinin dəqiqliyini təyin etmək üçün istifadə olunan stasionar qurğu, avtomobillərin sürətini təyin edən sürət ölçmə cihazlarının (radarların) müqayisəli dövlət yoxlanışının keçirilməsi üçün ABŞ istehsalı olan PRO-TECT işti etalonu, 1 və 3 fazalı elektrik sayğaclarının müqayisəli dövlət yoxlanışı məqsədilə işçi etalonlar, metal və metal xəlitələrin, həmçinin metal tərkibli uşaq oyuncaqlarının tərkibində kimyəvi elementlərin faiz miqdarını təyin etmək üçün ABŞ istehsalı olan rentgen-flüorisent spektrometr yeni alınan avadanlıqlar arasındadır.
Ümumilikdə AzTEST-in nəzdində yeyinti və qeyri-ərzaq məhsullarının bütün göstəricilərinin sınağı üzrə 2 funksional laboratoriya və kalibrləmə laboratoriyaları fəaliyyət göstərməkdədir. Kalibrləmə laboratoriyalarına kütlə, mexaniki və həndəsi, elektrik, radio-texniki, qaz-analitik, fiziki-kimyəvi, ultrasəsli və maqnit defektoskopiya, təzyiq və sərf, temperatur və həcm ölçmə vasitələrinin kalibrlənməsi laboratoriyası daxildir.
Məlumat üçün bildirək ki, qanunvericiliyin tələblərinə əsasən bütün sahələrdə istifadə olunan ölçmə vasitələri ildə bir dəfədən az olmayaraq müqayisəli dövlət yoxlanışından keçməli, cihaz göstəricilərinin dəqiqliyini sübut edən sənədlərlə təmin olunduqdan sonra sənaye və məişətdə tətbiq olunmalıdır. Sınaq nəticələrinə əsasən mal və məhsulların keyfiyyət və təhlükəsizlik göstəriciləri müəyyənləşdirilməli və normativ sənədlərin tələblərinə uyğun gəldikdən sonra sertifikatlaşdırılmalıdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB