Azərbaycan Pakistanda neft hasilatı ilə məşğul olmaq istəyir

Azərbaycan Pakistanda neft hasilatı ilə məşğul olmaq istəyir

Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev Pakistan İslam Respublikasının iqtisadi məsələlər və statistika nazirinin müavini Himayətullah Xanın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Nazirlikdən SİA-ya verilən məlumata görə, görüşdə Azərbaycanla Pakistan arasında iqtisadi əlaqələrin ümumi vəziyyəti, aparılan islahatlar və iki ölkə arasında qarşılıqlı iqtisadi münasibətlər, energetika sahəsində əməkdaşlıq barədə müzakirələr aparılıb, o cümlədən iki ölkə arasında neft-qaz və energetika sahəsində əməkdaşlığın perspektivlərinə toxunulub.

N.Əliyev Azərbaycanın bu sahələrdə zəngin təcrübəyə malik olduğunu və Pakistanın neft-qaz ehtiyatlarının öyrənilməsi, kəşfiyyatı, həmçinin təhlili prosesində fəal iştirak edə biləcəyini deyib. Pakistanlı qonaq bu təklifi maraqla qarşılayaraq, məsələnin Azərbaycan-Pakistan arasında keçiriləcək hökumətlərarası komissiyanın 5-ci iclasında müzakirə edilməsinin zəruriliyini və bu məsələnin iclasın protokoluna salınmasının vacibliyini qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə