Paytaxtda Azərbaycan-Avstriya biznes forumu keçirilir-FOTOSESSİYA
Bu gün İqtisadi İnkişaf Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) və Avstriya-Azərbaycan Ticarət Palatasının təşkilatçılığı ilə Azərbaycan-Avstriya biznes forumu keçirilib. SİA-nın xəbərinə görə, iki gün davam edəcək tədbirdə rəsmi şəxslərlə yanaşı, Avstriya tərəfindən sənayə, kənd təsərrüfatı, tikinti, səhiyyə, alternativ enerji və digər sahələrdə fəaliyyət göstərən 70-ə yaxın iş adamı, Azərbaycan tərəfdən isə analoji sahələrdə fəaliyyət göstərən 100-dən çox sahibkar iştirak edib.
Tədbirdə çıxış edən iqtisadi inkişaf nazirinin müavini Niyazi Səfərov bildirib ki, iki ölkə arasında bir çox sahələr üzrə əməkdaşlıqlar inkişaf edir. Onun sözlərinə görə, Avstriya hökuməti daha çox qeyri-neft sektoru, regionların inkişafına böyük və xüsusi diqqət yetirir. Onun sözlərinə görə, Avstriya prezidentinin Azərbaycana səfəri, Azərbaycan-Avstriya biznes forumu çərçivəsində bir sıra görüşlərin keçirilməsi gələcək inkişafa da öz töhfələrini verəcək.
Biznes-forumda çıxış edən Azərbaycan-Avstriya Hökumətlərarası Komissiyasının həmsədri, rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov, Vyana şəhərinin vitse-meri Renate Brauner iki ölkə arasında iqtisadiyyatın müxtəlif sahələri, o cümlədən mədəniyyət, turizm, İKT sahəsində mövcud əməkdaşlığın daha da inkişaf etdirilməsi imkanları, iş adamları arasında əlaqələrin genişləndirilməsinin əhəmiyyəti barədə məlumat veriblər. Qeyd edilib ki, Azərbaycanda yaradılan əlverişli biznes və investisiya mühiti ölkəni xarici investisiyalar üçün cəlbedici edib. Çıxış edənlər əldə edilən nailiyyətlərin Azərbaycanda həyata keçirilən uğurlu iqtisadi siyasətin nəticəsi olduğunu bildirib, avstriyalı iş adamlarını Azərbaycanda yaradılan əlverişli biznes mühitindən yararlanmağa dəvət ediblər.
"Azpromo"nun prezidenti Adil Məmmədov Azərbaycanın investisiya və ixrac imkanları, rəhbərlik etdiyi fondun fəaliyyəti və həyata keçirdiyi layihələr barədə təqdimatla çıxış edib. Azərbaycan-Avstriya Ticarət Palatasının prezidenti Alon Şklarek, təsisçi üzvü Qabi Lanski, "TİNA VİENNA" şirkətinin baş direktoru Aleksandra Voql rəhbərlik etdikləri qurumların fəaliyyəti barədə təqdimatla çıxış ediblər. Tədbir iş adamları arasında ikitərəfli görüşlərlə davam edib. Görüşdə iş adamları arasında iqtisadi əlaqələr və əməkdaşlıq perspektivləri müzakirə olunub.
Qeyd edək ki, Avstriya nümayəndə heyəti sentyabrın 19-20-də "Təmiz Şəhər" ASC-də, Nəqliyyat, Sənaye və Energetika, Mədəniyyət və Turizm, Rabitə və İnformasiya Texnologiyaları nazirliklərində görüşlər keçirəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB