Regionlarda sahibkarlığın, xüsusilə kiçik sahibkarlığın inkişafını daha da stimullaşdırmaq, məqsədli dövlət proqramlarında nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi məqsədilə İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu sentyabrın 9-da \"Regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi\" mövzusunda növbəti tədbirini Qəbələ rayonunda keçirib. Tədbirdə Şəki-Zaqatala iqtisadi rayonunda fəaliyyət göstərən 200-dək sahibkar iştirak edib. SİA-nın xəbərinə görə, tədbirdən əvvəl əsas hissəsi Sahibkarlığa Kömək Milli Fondunun güzəştli kreditləri hesabına maliyyələşdirilmiş Qəbələ rayonundakı \"Emil\" MMC-nin quş əti istehsalı üzrə fəaliyyətinə baxış keçirilib.
Tədbirdə Qəbələ rayonunun iqtisadi potensialına uyğun olaraq, güzəştli kreditlər hesabına maliyyələşdirilməsi nəzərdə tutulan üç istiqamət üzrə - müasirətlik istiqamətli quşçuluq təsərrüfatının yaradılması və ya müasir texnologiyanın tətbiqi ilə yenidən qurulması, südlük istiqamətli müasir heyvandarlıq kompleksinin yaradılması və müasirsuvarma sisteminin tətbiqi ilə intensiv bağçılıq (üzüm, alma və s.) təsərrüfatlarının yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib.
Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev Fondun fəaliyyəti, güzəştli kreditlər hesabına bölgələrdə, o cümlədən Şəki-Zaqatala iqtisadi rayonunda həyata keçirilən layihələr barədə tədbir iştirakçılarına məlumat vermişdir. Bildirilmişdir ki, Sahibkarlığa Kömək Milli Fondu müvəkkil kredit təşkilatları vasitəsilə 2011-ci ilin ötən dövrü ərzində sahibkarlıq subyektlərinin 1158 investisiya layihəsinin maliyyələşdirilməsinə 94,9 milyon manat, o cümlədən yeni texnologiyaların tətbiqinə əsaslanan 57 böyük və iri həcmli investisiya layihəsinin (7 müasir çörək istehsalı müəssisəsinin, 12 soyuducu anbar kompleksinin, südlük istiqamətli 2 cins heyvandarlıq kompleksinin, 8 müasir istixana kompleksinin, 2 süd məhsullarının istehsalı müəssisəsinin, 10 quşçuluq təsərrüfatının, 3 ət emalı (kəsim sexi), 2 meyvə-tərəvəz emalı, 1 bitki mənşəli qida yağları istehsalı, 1 quru meyvə istehsalı, 1 mebel istehsalı, 1 kağız və karton məmulatları istehsalı, 1 parça istehsalı, 1 tikinti materiallarının istehsalı, 3 kənd təsərrüfatı məhsulları istehsalı (intensiv bağçılıq) müəssisəsinin yaradılması, 2 turizm infrastrukturunun inkişafı üzrə layihələrin) maliyyələşdirilməsinə 79,5 milyon manat, aqrar sektorun və digər sahələrin inkişafı yönümlü 6 investisiya layihəsinin maliyyələşdirilməsinə 1,8 milyon manat və 1095 kiçik həcmli investisiya layihəsinin maliyyələşdirilməsinə 13,6 milyon manat güzəştli kredit verib. Bu kreditlər hesabına 4700-ə yaxın yeni iş yerinin yaradılacağı nəzərdə tutulmuşdur. 2011-ci ilin ötən dövrü ərzində verilmiş kreditlərin 3,1 milyon manatı Şəki-Zaqatala iqtisadi rayonunun payına düşür. Güzəştli qaydada maliyyələşdirilən layihələrin həyata keçirilməsi iqtisadi rayonda 200-dən çox yeni iş yerinin açılmasına imkan verəcəkdir. Şirzad Abdullayev 2011-ci ildə Fondun güzəştli kreditlərinin yönəldiləcəyi əsas sahələr barədə də tədbir iştirakçılarını məlumatlandırmış, sahibkarları maraqlandıran sualları cavablandırıb.
Sonra müvəkkil kredit təşkilatları vasitəsilə Qəbələ və ətraf rayonlarda fəaliyyət göstərən 31sahibkarlıq subyektinə 405 min manat güzəştli kredit verilib. Bu kreditlər hesabına 60-a yaxın yeni iş yerinin yaradılması nəzərdə tutulur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB