Meyvə-tərəvəz emalı müəssisəsinə 16,6 milyon manat kredit verilib

Meyvə-tərəvəz emalı müəssisəsinə 16,6 milyon manat kredit verilib
İndiyədək müasir texnologiyalara əsaslanan 8 meyvə-tərəvəz emalı müəssisəsinə 16,6 mln. manat güzəştli krediti verilib. İqtisadi İnkişaf Nazirliyindən SİA-ya verilən məlumata görə, illik emal gücü 56,4 min ton olan bu layihələrdən 4-ü başa çatmış, 4 layihənin icrası isə davam edir: "İstifadəyə verilmiş müəssisələrdən Xaçmaz rayonunda yerləşən "Qafqaz Konserv Zavodu" 2011-ci ilin ötən dövrü ərzində gündə 400-450 ton olmaqla 13 min ton, Biləsuvar rayonunda yerləşən "Biləsuvar Konserv Zavodu" gündəlik 400 ton olmaqla 8 min ton və Lənkəran şəhərində yerləşən "Lənkəran Konserv Zavodu" gündə 250-300 ton olmaqla 3 min ton pomidor qəbul etmişdir. Meyvə-tərəvəz mövsümi ilə əlaqədar fermerlərin tələbatını və rahatlığını təmin etmək məqsədilə bu müəssisələr 24 saatlıq iş rejimində fəaliyyət göstərir. Quba-Xaçmaz bölgəsində meyvə emalını dəstəkləmək üçün Quba rayonunda yerləşən "SAF MMC"yə məxsus meyvə emalı müəssisəsinin illik istehsal gücü güzəştli kreditlər hesabına 18 min tona çatdırılmış və bu mövsüm fasiləsiz işləməsi üçün yanacaqla təmin olunmasına köməklik göstərilib".

Bütün xəbərlər Facebook səhifəmizdə