Daxil olmuş müraciət əsasında İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Əzizbəyov metrosu - Buzovna qəsəbəsi - Əzizbəyov metrosu istiqaməti üzrə 7 nömrəli marşrut xəttində sərnişindaşıma fəaliyyəti göstərən \"Transqeyt\" MMC-yə məxsus avtobuslarda sərnişindaşıma xidmətlərinin göstərilməsi zamanı qiymətlərin qanunvericiliyə uyğunluğu vəziyyəti yoxlanılıb. SİA-nın xəbərinə görə, aparılan yoxlama zamanı, 7 nömrəli marşrut üzrə Maştağa və Buzovna qəsəbələrinə gedən və həmin qəsəbələrdən Əzizbəyov metrosuna gələn sərnişinlərdən artıq gediş haqqı alındığı müəyyən edilib. Belə ki, Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən təsdiq edilmiş qiymətlərə əsasən gediş haqqı Maştağa qəsəbəsinədək 25 qəpik, Buzovna qəsəbəsinədək 30 qəpik olduğu halda, 7 nömrəli marşrutda Maştağa qəsəbəsinə gedən sərnişinlərdən 30 qəpik, Buzovna qəsəbəsinə gedən sərnişinlərdən isə 40 qəpik gediş haqqı alındığı aşkar edilib.
Qeyd olunanlarla əlaqədar, 7 nömrəli marşrut xəttində sərnişindaşıma fəaliyyəti göstərən \"Transqeyt\" MMC-yə məxsus avtobuslarda gediş haqlarının mövcud qanunvericiliyin tələblərinə uyğunlaşdırılması ilə bağlı Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən \"Bakı Sərnişin Nəqliyyatı\" MMC-yə göstəriş verilmiş və \"Transqeyt\" MMC barəsində antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə iş qaldırılıb.
Hazırda digər marşrutlarda süni qiymət artımına yol verilib-verilməməsinin müəyyən edilməsi ilə bağlı araşdırmalar aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB