Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsində dördüncü çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin üçüncü sessiyasından irəli gələn məsələlərin həlli, cari ilin ilk altı ayında görülmüş işlər və qarşıda duran vəzifələr mövzusunda kollegiya iclası keçirilib. SİA-nın qurumun rəsmi internet səhifəsinə istinadən verdiyi məlumata görə, tədbiri giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Asəf Məmmədov əvvəlcə iştirakçıları iclasın gündəliyi ilə tanış edib. Komitə sədri ölkəmizin hər yerində olduğu kimi, muxtar respublikamızda da ümummilli liderimizin quruculuq xəttinin uğurla davam və inkişaf etdirilməsi nəticəsində bütün sahələrdə dinamik inkişaf tempinin qorunub saxlanıldığını deyib.
Vurğulanıb ki, hərtərəfli inkişaf və tərəqqi ilə müşayiət olunan ilk yarım ildə də muxtar respublika gömrük orqanları tərəfindən dövlətin iqtisadi təhlükəsizliyinin qorunması və hüquq-mühafizə fəaliyyətinin yerinə yetirilməsi istiqamətində səylər artırılıb. Dövlət qayğısından səmərəli istifadə, gömrük işinə dair qanunvericilik aktlarının mənimsənilməsi və tətbiqi, işdə məsuliyyət hissinin artırılması yeni-yeni uğurların əldə olunmasına yol açıb. Bunun nəticəsidir ki, muxtar respublika gömrük orqanları fiskal funksiyanın yerinə yetirilməsi, daxili bazaran qorunması, əhalinin keyfiyyətli məhsullarla təmin edilməsi, yerli istehsal sahələrinin dəstəklənməsi, ixracın stimullaşdırılması istiqamətində qarşıya qoyulmuş vəzifələrin öhdəsindən uğurla gəlib.
Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin Maliyyə-tarif şöbəsinin rəisi Pənah Pənahov \"2011-ci ilin ilk altı ayı ərzində muxtar respublika gömrük orqanları tərəfindən görülmüş işlər və qarşıda duran vəzifələr\" barədə məruzə ilə çıxış edib. Qeyd olunub ki, Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsi altı ay ərzində illik proqnoz-tarşırığa 103% əməl edib. Belə ki, 2011-ci il üçün müəyyən olunmuş 3 milyon 300 min manat proqnoza qarşı 3 milyon 408 min 248 manat toplanaraq büdcəyə köçürülüb. Ödənişlərin 21%-i avtonəqliyyat vasitələrinin, 79%-i isə malların rəsmiləşdirilməsindən əldə olunub.
Əməliyyat-axtarış fəaliyyətinin səmərəli təşkili ilə gömrük nəzarətinin keyfiyyəti yüksəlib, hüquqpozma faktları və onların əlamətləri aşkar edilib, aidiyyəti olan şəxslər, hərəkətlər, onlara yol açan səbəblər müəyyənləşdirilib, dövlətin maraqlarına dəyə biləcək ziyanın qarşısı alınıb. Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin hüquq-mühafizə fəaliyyəti nəticəsində 6 ay ərzində 196 inzibati xəta faktı aşkar edilib və inzibati xəta törədən vətəndaşlardan 11 min 822 manat cərimə alınıb. İnzibati məsuliyyətə cəlb olunanlardan 191-i fiziki şəxs, 5-i isə hüquqi şəxs olub.
\"Daxili bazarın qorunması istiqamətində görülmüş işlər və bu sahədə gömrük orqanları qarşısına qoyulmuş vəzifələrin icra vəziyyəti\"ndən danışan Komitənin Gömrük nəzarətinin təşkili şöbəsinin rəisi, Zaur Bağırov vurğulayıb ki, muxtar respublikada iqtisadi təhlükəsizliyin təmin edilməsi, daxili bazarın qorunması, ixracın stimullaşdırılması, yerli istehsal məhsullarının qorunması iqtisadi inkişafın əsas istiqamətləri kimi müəyyənləşdirilib. Gömrük orqanları tərəfindən qeyd olunan istiqamətlərdə görülən işlər nəticəsində ümumilikdə regionda yeni istehsal sahələrinin yaradılması və inkişafı, əhalinin sosial-rifah halının yüksəlməsi, daxili bazarın xarici təsirlərdən müdafiəsi təmin olunub.
Hesabat dövründə insanların həyat və sağlamlığının qorunması, əhalinin keyfiyyətli məhsullarla təmin olunması, ərzaq təhlükəsizliyi məsələsinin həlli istiqamətində səylər artırılıb, muxtar respublikaya keyfiyyətsiz qida məhsullarının gətirilməsinin qarşısı alınıb. Bu məqsədlə xaricdən gətirilən ərzaq və qida məhsullarının keyfiyyətinə və tərkibində nitratın miqdarına nəzarət artırılıb, standartlara cavab verməyən mallar bir qayda olaraq muxtar respublikaya buraxılmayıb.
Altı ay ərzində muxtar respublikanın gömrük sərhədlərindən keçirilən 139 min 935 kq kənd təsərrüfatı, ərzaq və digər qida məhsullarının idxalına icazə verilməyib. Bu məhsulların sırasında 11 min 230 kq Türkiyə istehsalı olan meyvə-tərəvəz məhsulları (qovun, qarpız, şaftalı, ərik, kartof) nitratların miqdarı normadan xeyli artıq olduğuna görə saxlanılıb. Həmçinin, İran istehsalı olan 54 min 907 kq kənd təsərrüfatı məhsulunda, Azərbaycanın digər bölgələrindən gətirilmiş 70 min 400 kq qarpızın tərkibində də nitratların miqdarının çox olduğu aşkara çıxarılıb.
Xeyli sayda İran istehsalı olan ərzaq, texniki spirt və dərman preparatları üzərində istehsal və son istifadə tarixi olmamasına, vaxtı keçdiyinə və keyfiyyətini itirdiyinə görə gömrük nəzarəti altında geri qaytarılıb. İran və Türkiyə istehsalı olan, ümumi çəkisi 80 tona yaxın kənd təsərrüfatı məhsulu və konservləşdirilmiş qida məhsullarının, dondurulmuş toyuq, mal və donuz ətinin, həmçinin 20 min şüşə pivənin, 25 min 500 kq quş və mal-qara yeminin keyfiyyətinin təyini üçün müvafiq laboratoriyalara göndərilməsi və ekspertiza sənədlərinin alınması işi həyata keçirildikdən sonra buraxılışına icazə verilib.
Kollegiya iclasında Komitə aparatında və tabeli gömrük orqanlarında ötənilki fəaliyyətlə bağlı aparılmış auditin nəticələri müzakirə olunub. Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin Audit şöbəsinin rəisi Tofiq Hüseynov müzakirəyə çıxarılmış məsələ ilə bağlı məruzə edib. İşdə yol verilmiş nöqsanlar və bunun müqabilində həyata keçirilən cəza tədbirləri iştirakçıların diqqətinə çatdırılıb.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Qanunçuluq və hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Cəlil Rüstəmov muxtar respublikada qəbul olunmuş dövlət proqramlarından irəli gələn vəzifələrin bundan sonra da vaxtında və dəqiqliklə yerinə yetirilməsinin, əməliyyat-axtarış fəaliyyətinin genişləndirilməsinin, daxili bazarın qorunması, əhalinin keyfiyyətli məhsullarla təminatı istiqamətində tədbirlərin davam etdirilməsinin vacibliyini vurğulayıb.
Çıxışlardan sonra Kollegiya iclasının qərar hissəsi oxunub.
Tədbirə yekun vuran Komitə sədri işdə yol verilmiş nöqsanlardan nəticə çıxarılacağı təqdirdə uğurların daha da artacağını önə çəkib. Sonda nizam-intizamın gücləndirilməsi, qaçaqmalçılıq və gömrük sahəsində digər hüquqpozma halları ilə mübarizə, eləcə də daxili bazarın qorunması istiqamətində tədbirlərin artırılması ilə bağlı konkret tapşırıqlar verilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB