ARDNŞ-nin prezidenti: \"Azərbaycanın gündəlik neft hasilatı 1,3 mln barelə çatacaq\"

ARDNŞ-nin prezidenti: \"Azərbaycanın gündəlik neft hasilatı 1,3 mln barelə çatacaq\"

Azərbaycanda neft hasilatının qismən azalmasının səbəbi 2008-ci ildə Xəzərin milli sektorunda yerləşən \"Azəri-Çıraq-Günəşli\" (AÇG) yataqlar blokunda istismar olunan platformada qaz sızması hadisəsi ilə bağlıdır. SİA-nın məlumatına görə, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev bildirib.

Onun sözlərinə görə, həmin hadisədən sonra platformada hasilat, o cümlədən yeni quyuların qazılması dayandırılıb və qazma texnologiyası tamamilə dəyişdirilib ki, həmin müddət ərzində platformada neft hasil olunmayıb.

Bununla yanaşı, R.Abdullayev bildirib ki, ümumiyyətlə, Azərbaycana hazırda ildə 50 mln. ton neft hasilatı kifayət edir: "Bu həcm hazırda həm ölkənin investisya proqramlarının həyata keçirilməsinə, həm də Dövlət Neft Fondunun ehtiyatlarının artırılmasına imkan verir. Hazırda bundan artıq həcmdə neft çıxarmaq bizə lazım deyil".

Qeyd edək ki, 2008-ci ilin sentyabrın 17-də AÇG-nin \"Mərkəzi Azəri\" platformasının yaxınlığında detektorlar vasitəsi ilə dənizdə qaz sızması aşkarlanıb. Platformaların işinin dayandırılması nəticəsində AÇG blokunda neft hasilatı təxminən 50%-dən çox azalıb.

2010-cu ildə Azərbaycanda hasil olunan neftin həcmi 51,1 mln. ton təşkil edib. Bu ilin ilk yedldi ayı ərzində isə ölkədə 27,7 mln. ton neft hasil olunub ki, bu da ötən ilin yanvar-iyul aylarına nisbətən 6,7% azdır.

Ümumiyyətlə, 2011-ci ildə Azərbaycanda neft hasilatının 51,4 mln. tona çatacağı proqnozlaşdırılır. Hazırda Azərbaycanda gündəlik neft hasilatı 1,1 mln. barel təşkil edir. Artıq 2014-cü ildə bu göstəricinin 1,3 mln. barelə çatacağı gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə