Dövlət Statistika Komitəsi: \"Azərbaycan iqtisadiyyatı son bir ildə 1,1 faiz artıb\"

Dövlət Statistika Komitəsi: \"Azərbaycan iqtisadiyyatı son bir ildə 1,1 faiz artıb\"

Son bir il ərzində Azərbaycanda istehlak mallarının qiymətləri və xidmət tarifləri 8,7 faiz artıb. Dövlət Statistika Komitəsindən SİA-ya verilən məlumata görə, cari ilin iyul ayında iyun ayı ilə müqayisədə istehlak mallarının qiymətləri və xidmət tarifləri 0,8 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 1,6 faiz ucuzlaşıb, qeyri-ərzaq mallarının qiymətləri 0,1 faiz bahalaşıb, xidmət tarifləri əvvəlki ayın səviyyəsində qalıb.

Belə ki, ilin əvvəlindən keçən yeddi ay ərzində 2010-cu ilin müvafiq dövrünə nisbətən inflyasiya 8,7 faiz təşkil edib, o cümlədən ərzaq məhsullarının qiymətləri 11,9 faiz, qeyri-ərzaq mallarının qiymətləri 2,8 faiz, xidmət tarifləri isə 4,4 faiz bahalaşıb.

Eyni zamanda komitədən bildirilib ki, bu ilin yanvar-iyul ayları ərzində Azərbaycanda ümumi daxili məhsul (ÜDM) istehsalı 2010-cu ilin müvafiq dövrü ilə müqayisədə 1,1 faiz, yaxud müqayisəli qiymətlərlə 267,9 mln. manat artaraq 26,5 mlrd. manata çatıb. Hesabat dövründə ÜDM-in 66,7 faizi məhsul istehsalı sahələrində, o cümlədən 53,4 faizi sənayedə, 7,3 faizi inşaat kompleksində, 6 faizi kənd təsərrüfatında yaradılıb.

Xidmət sahələrinin əlavə dəyərdə xüsusi çəkisi 27,4 faiz, o cümlədən nəqliyyatda 6,2 faiz, ticarət və pullu xidmətdə 8,4 faiz, rabitədə 1,7 faiz, sosial və digər xidmətlərdə 11,1 faiz təşkil edib. ÜDM-in 5,9 faizi məhsula və idxala xalis vergilərin payına düşüb. Əhalinin hər nəfərinə düşən ÜDM istehsalı 2 936,5 manat (3 708,2 ABŞ dolları) və ya ötən ilin yanvar-iyul aylarına nisbətən 13 faiz çox olub: "Hesabat dövründə əlavə dəyər qeyri-neft sektorunda 8,5 faiz artıb, neft-qaz sektorunda isə 5,9 faiz azalıb. Neft-qaz sektorunda məhsul istehsalı keçən ilin müvafiq dövrünün səviyyəsində qalsa idi, ÜDM-in artım sürəti 4,2 faiz olardı", - deyə Komitədən bildirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə