Valeh Ələsgərov: \"Xəzər dənizinin təbii ehtiyatlarını Avropa bazarlarına Azərbaycanın iştirakı və dəstəyi olmadan çıxarmaq mümkün deyil\"
Parlamentin vitse-spikeri Valeh Ələsgərovun \"SəsTV\"-yə eksklüziv müsahibəsi:
- Valeh
müəllim, Ulu Öndər Heydər Əliyevin neft strategiyası Azərbaycan dövlətinə və
xalqına nələr verib?
- Neft
strategiyasının uğurlarla həyata kecirilməsi nəticəsində qazanılan nailiyyətlər bu gün göz önündədir. Azərbaycan xalqının sosial
rifah halının yaxşılaşması, dövlət müstəqilliyinin daha da möhkəmlənməsi,
beynəlxalq aləmdə imicinin yüksəlməsi və digər uğurların əldə olunmasında ulu
öndərimiz Heydər Əliyevin əsasını qoyduğu neft strategiyasın müsbət bəhrələri
xüsusi rol oynayıb. Ümumiyyətlə, neft strategiyası dövlət strategiyasından
ayrılmazdır. Çünki neft strategiyasının bünövrəsi qurulanda bu, ümumdövlət
strategiyasının bir hissəsi kimi qurulmuşdu. Ölkələr var ki, Azərbaycan
dövlətindən də çox neft, qaz və təbii ehtiyatları var. Amma Azərbaycanda olan
inkişaf, dirçəliş o ölkələrdə yoxdur. Ona görə də xüsusilə vurğulamaq istəyirəm
ki, neft strategiyasını dövlətin inkişafı strategiyasından ayırmaq olmaz. Ulu
Öndər Heydər Əliyevin aliliyi, müdrikliyi, dahiliyi ondan ibarət idi ki, neft
strategiyanı ümumi dövlət strategiyasının bir hissəsi kimi qurub. Bununla belə,
bütün qazandığımız uğurları tək neftə bağlamaq olmaz. Azərbaycanın bütün
sahələrdə uğurları var.
-
Azərbaycanın Avropanın enerji təhlükəsizliyindəki yerini və rolunu necə
xarakterzə edərdiniz?
- Avropa
komissarı Joze Manuel Barrozonun Bakıya səfəri, imzalanmış sənədlər, Cənub qaz dəhlizinin inkişafına dair bəyannamə, keçirilən
görüşlər hamısı göstərir ki, Avropa Birliyinin enerji təhlükəsizliyinin təmin
edilməsində Azərbaycanın öz xüsusi yeri və rolu var. Ona görə də beynəlxalq
qurumlar Azərbaycanla əməkdaşlıqda əlbir olmalıdır. Artıq bunun özü böyük bir
göstəricidir. Xəzər dənizinin təbii ehtiyatlarını Avropa bazarlarına Azərbaycan
dövlətinin iştirakı, dəstəyi olmadan çıxarmaq mümkün deyil. Bunu tək təbii
səbəblərlə izah etmək yetərli deyil. Bunun bir səbəbi də ondan ibarədir ki, dövlətimiz
bütün dünyaya isbat etdi ki, Azərbaycan bu cür qlobal məsələləri özü də təkbaşına həll edə bilər.
Axı kim inanardı ki, Bakı-Tbilisi-Ceyhan layihəsi nə vaxtsa
həyata keçə və öz gerçək həllini
tapa bilər. Amma ulu öndərimiz Heydər Əliyevin strateji məsələlərinin həllində
əsas hədəf nöqtələrindən biri də Bakı-Tbilisi-Ceyhan neft kəməri oldu.
Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Subsa, Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin
reallaşması ilə bütün dünyaya sübut edildi ki, Azərbaycan hakimiyyətinin apardığı
siyasət düzgün və məqsədyönlüdür. Yəni, bu tip layihələrin həyata keçirilməsini və
layihələrin necə dəstəklənməsini artıq Azərbaycan bütün dünyaya öz əməlləri ilə
göstərib. Ona görə də Azərbaycanın önəmi bu məsələlərdə çox böyük və vacibdir.
Hər hansı bir layihədə iştirak etmək, onu dəstəkləmək çox asandır, lakin layihəni həyata keçirmək imkanları yoxdursa,
o layihəni çox böyük çətinliklər gözləyir. Azərbaycan elə bir ölkə, elə bir
məmləkətdir ki, regionda bütün prosesləri həm təbii sərvətlərlə, həm də öz
təcrübəsi ilə dəstəkləyə bilər. Bu baxımdan Azərbaycanın nəinki regionda, ümumiyyətlə bütün dünyada
yeri və rolu çox böyükdür. Azərbaycan
dövlətinin iştirakı olmadan hər hansı böyük layihəni həyata keçirmək mümkün
deyil. Bunu artıq Avropa da başa düşür.
Azərbaycanın önəmi, inkişafı gündən-günə artır və əminəm ki, gələcəkdə baş
tutacaq bütün layihələrin icrası bu həqiqəti bir daha təsdiq edəcək.
- Azərbaycan
Avropa Birliyi ilə əməkdaşlıq etsə də bu quruma üzv olmağa çalışmır. Bunun
səbəbi nə ilə izah oluna bilər?
- Müəyyən
ölkələr var ki, illərlə səy göstərirlər ki, Avropa Birliyinə üzv olsunlar.
Lakin buna nail ola bilmirlər. Azərbaycan isə Avropa Birliyi ilə müəyyən
sahələrdə əməkdaşlıq etməklə kifayətlənir. Bu quruma üzv olmağa isə hələ ki,
ehtiyac yoxdur.
-
\"Nabucco\" layihəsinin hələ də reallaşmamasını Azərbaycanın bu
layihəyə maraq göstərməməsi ilə əlaqələndirmək olarmı?
- Azərbaycan
bütün layihələrlə maraqlanır və layihələrin hamısında iştirak edir.
\"Nabucco\"nun uzun illərdir həyata keçməməsinin səbəbini axtardıqda
bunun günahını \"Nabucco\" üçün xüsusi çətinlik yaradan qurumlarda
axtarmaq lazımdır. Avropa Birliyinə qaz göndərmək üçün \"Şahdəniz\" qaz
layihəsinin ikinci mərhələsinə ən azı 20 milyard dollar vəsait qoymaq lazımdır.
Sərmayəçilər və Azərbaycan üçün əlverişli şərtlərlə imzalanmış hüququ qüvvədə
olan kontrakt lazımdır. Bu kontrakt olmayandan sonra 20 milyard dolları heç
kim sərf etməz. Ona görə də, həm Azərbaycan, həm də sərmayəçilər tərəfindən
müvafiq şərtlər olmalıdır. Beynəlxalq şərtlərə uyğun olan təhlükəsizliyi,
stabilliyi təmin olunmuş kontraktlar əsasında sərmayə qoymaq olar. \"Nabucco\"
yaranan zaman düşünürdülər ki, Azərbaycanın başqa əlacı yoxdur, kimdənsə kömək
umacaq. Həmin o neft strategiyasının uğurlarından biri də ondan ibarətdir ki,
bu gün Azərbaycan istədiyi istiqamətdə, uyğun bildiyi şərtlərlə qazını, neftini
ixrac edə bilər. Ölkə Prezidenti İlham Əliyev bir neçə dəfə çıxışında deyib ki,
Azərbaycanın 7 ixrac kəməri var. Bakı-Novorosiski, Bakı-Subsa, Bakı-Ceyhan neft
kəməri, qərb istiqamətində iki kəmərlə qazı ixrac edə bilirik, həmçinin cənuba,
şimala da ixrac edə bilirik.
- Azərbaycan öz resurslarını dünya xalqlarının
mənafeyinə sərf etsə də beynəlxalq təşkilatlar Azərbaycana bəzən ikili
standartlardan yanaşaraq, xüsusilə də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
məsələsində ikili mövqe sərgiləyirlər. Bu ədalətsiz, haqsız mövqe nə ilə
bağlıdır?
- Azərbaycan dövləti öz resurslarını heç bir millətə,
xalqa deyil, özünə sərf edir. Ulu öndərimiz Heydər Əliyev siyasətini ölkə Prezidenti
İlham Əliyev çox layiqli formada uğurla davam etdirir. Cənab Prezident İlham
Əliyevin apardığı siyasət yalnız və yalnız Azərbaycan xalqının daha yaxşı və
firavan yaşamasına hesablanıb. Xalqımız hələ uzun illər Prezident İlham
Əliyevin rəhbərliyi ilə çox uğurlara, qələbələrə imza atacaq. O ki, qaldı ikili
standartlara. Bəli, söhbət Gürcüstandan, Moldovadan gedəndə, fərqlər var. Suverenliyin
əsas göstərici ərazi üzərindəki suverenlikdir. Beynəlxalq hüquqda bu tanınmış
bir aksiomadır ki, əgər bir dövləti dövlət olaraq tanıyırlarsa, deməli onun
ərazi bütövlüyünü də tanıyırlar. İkili
standartların da səbəbi başqa mənbədən gəlir. Müsəlman ölkəyik, neftimiz,
qazımız var və heç kimə ehtiyacımız yoxdur. Əminəm ki, Azərbaycanın haqq işi
qalib gələcək və cənab Prezident İlham Əliyevin apardığı düzgün, məqsədyönlü
siyasət nəticəsində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ problemi həll
olunacaq. Azərbaycanın çox güclü monolit milli vətnpərvərlik ruhunda olan milli
ordusu var. Hansı ki, bu ordu istənilən vaxt Ali Baş Komandan İlham Əliyevin
əmrini yerinə yetirərək Ermənistanın havadarlarının yardımı ilə işğal etdiyi
Azərbaycan torpaqlarını azad etməyə qadirdir.
- Cənab Prezident İlham Əliyevin \"Dağlıq Qarabağı
ya sülh, ya da hərb yolu ilə işğaldan azad edəcəyik\" bəyanatı niyə
Ermənistanı və ona havadarlıq edən dövlətləri bu qədər narahat edir?
- Narahat edən səbəblər çoxdur. Postsovet məkanında
olan bəzi ölkələrdən fərqli olaraq Azərbaycan dövləti problemlərini özü həll
edən bir dövlətdir. Bütün problemlərimizi heç kimdən dəstək, kömək gözləmədən
həll edirik. Siyasətdə yol göstərmək, diqtə etməklə yaşamağı öyrənmiş olan
dövlətlər üçün əlbəttə ki, bu ağırdır. Azərbaycanın bugünki inkişafı xarici
antiAzərbaycan mövqeli qüvvələrə öz siyasi oyunlarını oynamağa imkan vermir. Azərbaycan dövləti beynəlxalq hüquqa,
sazişlərə, razılaşmalara öz sadiqliyini göstərərək Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ probleminin mümkün qədər sülh yolu ilə həll etməyə çalışır. Amma
sülh danışıqları nəticəsiz qalarsa, Azərbaycan dövləti nə yolla olursa olsun
işğal altında olan torpaqlarımızı geri qaytaracaq.
Bu gün ulu öndərimiz Heydər Əliyevin qurub yaratdığı
Azərbaycan dövləti həm sosial-iqtisadi, həm də ordu quruculuğu sahəsində
dünyanın ən aparıcı dövlətləri sırasındadır. Tam əminliklə deyə bilərəm ki,
Azərbaycan dövləti sülh danışıqlarına Ermənistanın ciddi münasibət sərgiləyib,
masa arxasına oturmaqdan imtina etdiyinin real olduğunu gördüyü zaman Dağlıq
Qarabağı və ona bitişik yeddi rayonu işğaldan azad etmək üçün ciddi addımlar atacaq.
Bunun acısını isə, işğalçı Ermənistanla yanaşı ona havadarlıq edən məlum
dövlətlər çəkəcək. Ən böyük zərbəni isə, erməni xalqı alacaq. Çünki Sarkisyan
hakimiyyəti və onun klanı yığdıqları var-dövləti xarici ölkələrdə gözəl həyat
yaşamaq üçün sərf edəcəklər. Bu realdır və bu reallığı Ermənistan hakimiyyəti
dərk etməsə də erməni xalqı başa düşsə, onlara daha yaxşı olardı.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB