ARDNŞ-nin Təhlükəsizlik İdarəsinin inzibati binasının yeni korpusunun açılışı olub

ARDNŞ-nin Təhlükəsizlik İdarəsinin inzibati binasının yeni korpusunun açılışı olub
Avqustun 8-də Nobel prospektində ARDNŞ-nin Təhlükəsizlik İdarəsinin yeni inşa edilmiş inzibati binasının açılışı olub. SİA-nın xəbərinə görə, tədbirdə ARDNŞ prezidenti Rövnəq Abdullayev və şirkət rəhbərliyinin nümayəndələri iştirak etdiblər. Rəmzi qırmızı lenti kəsdikdən sonra ARDNŞ prezidenti Rövnəq Abdullayev İdarənin müasir standartlara uyğun inşa edilmiş binasının otaqlarını gəzib. ARDNŞ prezidentinə məlumat verilib ki, Təhlükəsizlik İdarəsinin Dövlət Gəmi və Liman Nəzarəti Müfəttişliyi, Xüsusi Texnika Hissəsi, müxtəlif departament və şöbələrin yerləşdiyi binada ümumilikdə 200 nəfərdən artıq işçi heyəti çalışacaqdır. Üçmərtəbəli binanın otaqlarında yeni ofis mebelləri, kompüterlər quraşdırılıb. Binanın birinci mərtəbəsində isə müasir avadanlıqlarla təchiz olunmuş yeməkxana yaradılıb. Görülmüş işlərdən razı qaldığını bildirən Rövnəq Abdullayev son illər ARDNŞ-nin bütün idarə və müəssisələrində köklü dəyişikliklərin aparıldığını, həyata keçirilən yeni infrastruktur layihələrinin geniş vüsət aldığını qeyd edib, neft-qaz sənayesinin uğurlarında, şirkətin obyektlərinin mühafizəsinin təminatında Təhlükəsizlik İdarəsinin rolunu xüsusi vurğulayıb: "Bu mənada bu yeni, müasir inzibati bina İdarənin əməkçilərinin rahat iş şəraiti ilə təmin olunmasında mühüm rol oynayacaq". ARDNŞ prezidenti Rövnəq Abdullayev əminliklə bildirib ki, şirkətin tabeçiliyində olan struktur vahidlərinin müasir avadanlıqlarla təchiz olunması istiqamətində görülən işlər bundan sonra da davam etdiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə