Dəmir yolu sistemində aparılan təmir işlərindən sonra qatarların sürəti saatda 140 km-ə çatacaq

Dəmir yolu sistemində aparılan təmir işlərindən sonra qatarların sürəti saatda 140 km-ə çatacaq
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 06 iyul 2010-cu ildə imzaladığı \"Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramı\"nın icrası istiqamətində Azərbaycan Respublikası Hökuməti və Dünya Bankı tərəfindən maliyyələşdirilən \"Dəmir Yolu Ticarətinin və Nəqliyyatının Dəstəklənməsi Layihəsi\" çərçivəsində bu yaxınlarda Çexiyanın \"İxrac\" Bankı ilə 215 milyon avro məbləğində Kredit Sazişi imzalanıb. Bu vəsaitlə Bakı-Böyük Kəsik istiqamətində 317 km yolun əsaslı təmir olunacağı nəzərdə tutulur. SİA-nın məlumatına görə, qeyd edək ki, bu günlərdə "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin Ağstafa-Tatlı mənzilinin 94-93-cü kilometrində növbəti bir kilometr yol əsaslı təmir olunub. "Azərbaycan Dəmir Yolları" QSC "Dəmiryolservis" MMC-nin 4 və 11 saylı İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisələri apardığı əsaslı təmir işlərini Çexiyanın "İxrac" Bankının nəzarət qrupu müşahidə edir. Təmir işləri başa çatandan sonra bu yollarda qatarların hərəkət sürətini saatda 140 km-ə çatdırmaq mümkün olacaq. Məlumat üçün bildirək ki, Bakı-Böyük Kəsik istiqamətində 317 km yolun əsaslı təmirinə 10 iyun 2011-ci ildə "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin Ağstafa-Tatlı sahəsinin 97-ci kilometrində start verilib. Həmin gün 1 kilometr, 5 iyul 2011-ci ildə Ağstafa-Tatlı mənzilinin 96-94 kilometrində daha 2 km yol əsaslı təmir edilib.

Əsaslı təmir işlərini aparmaq üçün qurğuların, çevirici tirlərin, maşın və mexanizmlərin, avadanlıqların və onların ehtiyat hissələrinin alınması üzrə "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti və Çexiyanın Moraviya STEEL şirkəti arasında Çərçivə müqaviləsi imzalanıb, Çexiyanın "Trşinets celezarnı" zavodundan 41210 ton 65 tipli relsin alınması razılaşdırılıb, artıq 100 km-dən artıq rels və ehtiyat hissələrinin bir qismi ölkəyə gətirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə