Şahmar Mövsümov: “Yaxın 5 ildə Dövlət Neft Fondunun aktivləri 50 milyard ABŞ dollarını keçə bilər”

Şahmar Mövsümov: “Yaxın 5 ildə Dövlət Neft Fondunun aktivləri 50 milyard ABŞ dollarını keçə bilər”

2011-ci ilin 6 ayı ərzində Dövlət Neft Fondunun gəlirləri 7 925,3 mln. manat və yaxud 10 002,8 mln. ABŞ dolları təşkil edib. SİA-nın xəbərinə görə, bunu Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov hakim partiyanın rəsmi saytına müsahibəsində deyib. Onun sözlərinə görə, gəlirlərin 96 faizini və yaxud 7 611,2 mln. manatını (9 607,3 mln. ABŞ dollarını) karbohidrogen ehtiyatlarının satışından əldə edilən gəlirlər təşkil edib: "Hazırda Fondun aktivlərinin həcmi artmaqdadır. Dövlət Neft Fondunun aktivlərinin həcminin artması Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin banisi olduğu milli neft strategiyasının real bəhrəsidir. Möhtəşəm neft strategiyasının uğurla reallaşması ilə əlaqədar olaraq ölkənin karbohidrogen ehtiyatlarının istismarı və ixracı daha da genişlənib. Dünya neft bazarlarında xam neftin qiymətlərinin yüksək səviyyədə qalması ilə əlaqədar Fondun aktivlərinin artmasına şərait yaranıb ki, bunun da nəticəsi olaraq Neft Fondunun aktivləri ilin əvvəlində 22,8 milyard ABŞ dolları səviyyəsindən 6 ay ərzində 7,6 milyard ABŞ dolları məbləğində artaraq ilk dəfə olaraq 01 iyul 2011-ci il tarixinə 30,4 milyard ABŞ dollarına çatıb. Azərbaycanın valyuta potensialının artması dövlətin iqtisadi qüdrətinin güclənməsinə, eləcə də ölkənin bütün sahələrində inkişafın, sosial-iqtisadi tərəqqinin sürətlənməsinə təkan verən mühüm amil kimi dəyərləndirilməlidir".

Neft Fondunun vəsaitinin toplanması və artırılması istiqamətində mühüm nailiyyətlər də əldə edilib. DNF-in icraçı direktoru vurğulayıb ki, 2001-2011-ci illər ərzində Neft Fonduna ümumilikdə 56,5 milyard ABŞ dolları daxil olub ki, bu vəsaitin 30,4 milyard ABŞ dolları və yaxud 53,8 faizi yığıma yönəldilib və 2001-ci ildə 491,5 milyon ABŞ dolları səviyyəsində olan Neft Fondunun vəsaiti 10 il ərzində 62 dəfə artaraq 30,4 milyard ABŞ dollarına çatıb: "Qarşıdakı perspektivlər onu deməyə əsas verir ki, Neft Fondunun vəsaiti ildən-ilə daha da artacaqdır. Bununla da Azərbaycanda yaşayan və gələcəkdə yaşayacaq bütün nəsillər Azərbaycanın zəngin neft sərvətlərindən istifadə etmək imkanı əldə edirlər. Proqnozlara əsasən, Fondun xərcləri hazırkı səviyyədə saxlanıldığı təqdirdə, yaxın 5 ildə Fondun aktivləri neftin qiymətindən asılı olaraq 50 milyard ABŞ dollarını keçə bilər"

Bütün xəbərlər Facebook səhifəmizdə