Mərkəzi Bank “Pul nişanlarının ekspertizasının təşkili və aparılması” mövzusunda seminar keçirib - FOTO

Azərbaycan Respublikasının Mərkəzi Bankı "Azərpoçt" MMC-nin maliyyə xidmətləri həyata keçirən əməkdaşlarının pul nişanları sahəsində nəzəri və praktiki biliklərinin artırılması məqsədi ilə "Pul nişanlarının ekspertizasının təşkili və aparılması" mövzusunda seminar keçirib.

Mərkəzi Bankın mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, seminarda milli valyuta - manatın mühafizə fəlsəfəsi və mühafizə elementləri haqqında məlumat verilib. Daha sonra əhalidən yararsız pul nişanlarının qəbul edilməsi, ekspertizası və dəyişdirilməsi qaydaları müzakirə edilib. Qeyd olunub ki, əhalidən ödənişlər üçün pul nişanlarının qəbulu və dəyişdirilməsi Mərkəzi Bank haqqında qanun və Mərkəzi Bankın "Bank sistemində pulların ekspertizasının təşkili və aparılması Qaydaları"na əsasən həyata keçirilməlidir.

Mərkəzi Bankın nağd pul bloku və "Azərpoçt" MMC-nin nümayəndələri iştirakçıları maraqlandıran suallara cavab verdikdən sonra seminar praktiki hissə ilə yekunlaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə