2011-ci il Azərbaycanda turizm ili elan olunub. Qeyri-neft sektorunun əsas prioritet istiqamətlərindən biri kimi turizm sektoru əhəmiyyətli hesab edilir. Hazırda xarici ölkələrdən turistləri cəlb etmək üçün müəyyən tədbirlər həyata keçirilir. Eyni zamanda, xaricdə Azərbaycanın turizm imkanları ilə bağlı təbliğat aparılır.
Nəzərə çatdıraq ki, İqtisadi və Sosial İnkişaf Mərkəzi (İSİM)turizmin inkişafı ilə bağlı islahatlara töhfə vermək məqsədilə yeni siyasət sənədi üzərində işləyib. Sənəddə turizmin real vəziyyəti qiymətləndirilərək hökumətə təkliflər paketi hazırlanıb.
Sənəd barədə SİA-ya açıqlama verən İSİM sədri Vüqar Bayramov bildirib ki, turizmin dünya miqyasında inkişaf tempi 4,3 faizdir. Azərbaycana gələn turistlər isə dünyadakı turistlərin cəmi 0,003 faizini təşkil edir ki, bu da olduqca kiçik rəqəmdir: "Turizmi inkişaf etdirmək üçün Azərbaycanın geniş potensialı var. Amma bu potensialı imkana çevirmək və inkişaf etdirmək istiqamətində hökumət tərəfindən müvafiq infrastruktur işləri həyata keçirilərək, rəqabət qabiliyyətli turizm biznesinin yaradılması təmin olunmalıdır. 1999-cu ildə \"Turizm haqqında\" qanunun qəbulu ilə bu sahədə dövlət siyasətinin əsas prioritetləri və hədəflərinin müəyyən edilməsinə, o cümlədənturizm siyasətinin mühüm sənədlərindən olan Azərbaycanda turizmin inkişafına dair 2002-2005-ci illər və 2010-2014-cü illər üçün turizmin inkişafına dair Dövlət Proqramlarının təsdiq olunmasına baxmayaraq, turizm sektorunun inkişaf prosesi qonşu ölkələrlə müqayisədə zəifdir. Turistlərin sayına görə Azərbaycan dünyada ən sonuncu yerlərdən birini tutur".
V.Bayramov qeyd edib ki, geniş imkanlar olsa da ölkəyə nəinki turistlərin marağı artır, yerli vətəndaşlar da daxildəki müalicəvi turizm xidmətlərindən yararlanmırlar: "Bu məqsədlə Rusiya, istirahət və əyləncə üçün isə Türkiyənin turizm bazarını seçirlər. Müqayisə üçün bildirim ki, Türkiyə 2010-cu ildə turizmdən 20,807 milyard dollar gəlir əldə edib. Bu ölkənin statistika qurumunun 2010-cu ilin IV rübü üçün yaydığı məlumatda turizm üzrə xərclər 4,825 milyard dollar göstərilib.
Xatırladaq ki, 2009-cu il üzrə Türkiyənin turizm gəlirləri 21,249 milyard dollar olub. Belə ki, 2009-cu ildə ölkəyə 32 milyondan bir qədər çox insan gəlibsə, ötən il bu rəqəm 33 milyonu keçib. Xərclər isə 2009-cu illə müqayisədə təxminən 680 milyon dollar artıb. Son 2 ildə regionda turizmi inkişaf edən ölkələrin siyahısına Gürcüstan da əlavə olunub. Hətta 2013-cü ildə Gürcüstana gələn turistlərin sayının ölkənin əhalisinin sayını keçməsi planlaşdırılıb.
İstirahət üçün Gürcüstanaən çox Azərbaycan, Türkiyə və Ermənistan vətəndaşları üz tutur. Bu region ölkələrinin payına ümumilikdə 78 faiz turist düşür. Belə ki, Azərbaycandan 488 461, Türkiyədən 485 137, Ermənistandan isə 479 377 turist, Rusiyadan 158 421 nəfər Gürcüstanda dincəlməyə üstünlük verib.
Ümumilikdə, Azərbaycanın turizm sənayesinin rəqabət apardığı coğrafiyada əsas yeri Rusiyanın Qara dəniz və Şimali Qafqazdakı turizm müəssisələri, Türkiyənin Aralıq dənizi sahilindəki turizm mərkəzləri və Gürcüstanın Qara dəniz sahilləri tutur. Digər alternativlər də mövcuddur. Bura Qazaxıstan, Birləşmiş Ərəb Əmirliyi və İranı aid etmək olar. Belə rəqabət mənzərəsində uğurlu nəticələrin əldə olunması üçün uzunmüddətli və dayanıqlı turizm siyasətinə ehtiyac var".
Mütəxəssis onu da bildirib ki, turistlər səfər etdikləri ölkələrdə əsasən təhlükəsizlik, gigiyena, keyfiyyətli xidmət, cəlbedici yerlər, qiymətlər və s. bu kimi amillərə diqqət verirlər: "Sözügedən amillərdən birinin olmaması nəticə etibarilə yüksək keyfiyyətli turizm məhsulunun ortaya çıxmasına maneə yaradır. Turizm Nazirliyinin məlumatına görə hazırda ölkədə 140 turizm şirkəti, 10 Turizm İnformasiya Mərkəzi və 57 mehmanxana fəaliyyət göstərir. Statistika Komitəsi isə 2009-cu ildə mehmanxana və mehmanxana tipli müəssisələrin sayıni 452 göstərir.
Yeri gəlmişkən, komitədən bildirirlər ki, 2004-cü ildə turizm müəssisələrinin sayı 58, 2005-ci ildə 81, 2006-cı ildə 96, 2007-ci ildə 117, 2008-ci ildə 123, 2009-cu ilə 124 olub. Rəqəmlərin təhlili göstərirki,böhrandan sonra yeni turizm müəssisələrinin yaradılması tempi aşağı düşüb. 2004-cü illə müqayisədəturizm müəssisələrinin sayı artsa da, təklif edilən turizm məhsullarının çeşidi dünya standartlarından geri qalmaqdadır. Şirkətlər hələ də dünya turizm bazarında öz potensialını tam reallaşdıra bilməyiblər.
Son rəqəmlərə əsaslansaq, Azərbaycana gələn xarici turistlərin sayı ildə orta hesabla 10-11% artır. Əgər 2002-ci ildə Azərbaycana 428 min xarici turist səfər edibsə, artıq 2007-ci və 2008-ci illərdə bu göstərici 1 milyonu üstələyib. 2009-cu ildə qəbul edilmiş və göndərilmiş turistlərin ümümi sayı 59 700 nəfər olub. Ondan 17 min nəfəri qəbul edilib, 42 min nəfəri göndərilib. Beynəlxalq turist daşımalarına gəlincə, Azərbaycana gələn xarici və xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı-cəmi 4192.9min nəfər olub".
V.Bayramov ölkəyəgələn turistlərin 93 faizinin hava nəqliyyatından istifadə etdiyini də diqqətə çatdırıb: "Bir turistin Azərbaycan büdcəsinə verə biləcəyi səmərə isə dəqiq bəlli deyil. Ortada olan təxmini hesablamalara görə,1 turistdən cəmi 600-700 dollar qazanılır. Bu sahənin inkişafını tormuzlayan əsas problemlər kimi Azərbaycanda istirahətin xarici ölkələrlə müqayisədə baha başa gəlməsi, xidmət səviyyəsinin yüksək olmaması, turist cəlb etmək üçün lazımi işlərin görülməməsi, ölkənin piarının professional səviyyədə qurulmaması, peşəkar bələdçilərin olmaması, regionlarda infrastrukturun lazımı səviyyədə qurulmaması, otellərin ulduzlarının düzgün təyin edilməməsi, səyahətlərlə bağlı şirkətlərdə işçilərin sayının azlığıdır".
İqtisadçı Azərbaycanda otellərin qiymətinə də diqqət yönəldib. Bildirib ki,nömrənin qiyməti 300-1500 manat arasında dəyişir: "Lüks şəraitli \"VİP\" nömrələrdə sutkalıq qiymət 1000 manatdan 2 min manata qədərdi. Halbuki Amerikada 1 həftəlik səyahət bizim vətəndaşa gediş-gəliş xərcləri də daxil olmaqla 5-6 min dollar başa gəlir. Birləşmiş Ərəb Əmirliklərində istirahətin qiyməti 1500 dollardır. Şimali Kiprdə isə belə istirahət təxminən 1000 dollara başa gəlir.
Türkiyədə Antalya kimi tanınmış turizm bölgəsində istirahət xərci 600-700 dollardır. Qiymətlərin baha olması fonundabir neçə mehmanxananı çıxmaqla, demək olar ki, xidmətlər dünya standartlarından xeyli geridədir.Yəni təklif olunan xidmətlərin keyfiyyəti otellərin malik olduğu ulduzlarla uyğun gəlmir. 4 ulduzlu otellərdə xidmət səviyyəsi xaricdəki 2-3 ulduzlu otellərdəki xidmət səviyyəsinə bərabərdir.
Bunun da səbəbi Nazirlər Kabinetinin təsdiqlədiyi meyarlara görə mehmanxanalara ulduzların verilməsinin xidmətin keyfiyyəti ilə deyil, göstərilən xidmətlərin sayı ilə müəyyən edilməsidir. Araşdırmalarımız göstərir ki, xaricdə 2 və 3 ulduzlu otellərin sayı çox olsa da, Azərbaycan sahibkarları daha yüksək titullu otellər tikməyə üstünlük verirlər. Hostellərin açılmasına isə ümumiyyətlə maraq yoxdur".
V.Bayramov turizm sahəsində fəaliyyət göstərən sahibkarların ən böyük problemlərindən digəri kimi turizm günlərinin sayının azlığını önə çəkir: "Təhlillər göstərir ki, qış turizminin hələ də inkişaf etməməsinin səbəbi iş adamlarının qış turizm mərkəzlərini yaratmaqda maraqlı olmamasıdır. Turizm şirkətləri ancaq 2-3 ay işləyirlər.
Sahibkarlar ilboyu büdcə xərclərinin hamısını bir fəslin- yayın üstünə salırlar. Elə qiymətlərin yüksəkliyinin bir səbəbi dəbundan qaynaqlanır. Belə ki, 11 iqlim qurşağının 9-nun ölkəmizdə mövcud olmasına baxmayaraq bu amil il boyu turizmin inkişafına o qədər də imkan vermir. Belə ki, ölkədə qış turizmi hələ də inkişaf etməyib".
Ekspert ölkədə turizmin inkişafı üçün dünya səviyyəsində öndə gedən ölkələrin təcrübəsindən istifadəni vacib sayır: "Buna dadünya səviyyəsində öndə gedən ölkələrin təcrübəsindən istifadə etməklə nail olmaq olar. Eyni zamanda sahə üzrə professional reklamçılar yetişdirib onlarınəməyindən faydalanmaq mümkündür.Araşdırmalar göstərir ki, Azərbaycan üçün turizmdə ən böyük bazar Rusiya və keçmiş SSRİ respublikaları ola bilər. Çünki, Türkiyəyə gedən turistlərin 70 faizi ruslar və ukraynalılardır. Dünyanın bütün ölkələrində rus turistləri kütləvilik təşkil edir.Cənub ölkələrindən isə turistlər əsasən qış turizminə üstünlük verirlər. Azərbaycanda bu sahədən də gəlir götürmək üçün böyük imkanlar var".
Ekspertin turizmin inkişafı üçün təklifləri
Qış turizmi
- Ölkədə həm dövlətin dəstəyi, həm də sahibkarların köməyi ilə ilin bütün fəsillərinə cavab verən turizm infrastrukturu yaradılmalıdır; Qış turizmi yetərincə inkişaf edərsə, bu sahibkarların iqtisadi vəziyyətinə müsbət təsir edər və sonda onlar tərəfindən xidmətlərə görə qiymətlərin aşağı salınması ilə nəticələnər. Qış turizminin inkişafı turizm obyektlərinin yalnız yay fəslində olmaqla mövsümü deyil, həm də ilboyu fasiləsiz işləməsinə imkan yaradar. İlboyu turistlərin gəlişini təmin edər. Bu da öz növbəsində ölkəyə valyuta axınının güclənməsinə səbəb olar.
- Qış turizminin inkişafıilə Azərbaycanda bir sıra qış idman növləri üzrə tədbirlərin təşkilinə hazırlıq aparılmalıdır; Bu həm ölkənin reklamı, həm də imici üçün çox vacib amillərdən biri olar. O cümlədən Azərbaycanı dünyada müasir ölkə kimi tanıdar. Müqayisə üçün bildirək ki, hər il İsveçrə və Avstriya kimi ölkələrdə müxtəlif qış idman növləri üzrə tədbirlər, turnirlər və s keçirilir. Bu da həmin ölkələrə turist və valyuta axınına səbəb olur. Həmçinin sözügedən ölkələrə öz imkanlarını və ixrac potensiallarını genişləndirməyə şərait yaradar.
- Qış turizmi üçün əlverişli olan regionlarda infrastrukturun (yolların, elektrik enerjisi, qaz,su təchizatı, kanalizasiya sistemi) vəziyyəti yaxşılaşdırılmalı, bu sahədə işləmək istəyən yerli və xarici sahibkarlar üçün vergi güzəştləri tətbiq edilməlidir;
İnfrastrukturun yaxşılaşdırılması
-Nəqliyyat vasitələri xidmət tələblərinə uyğunlaşdırılmalıdır. Avtobus dayanacaqları, metrolar xəritə-sxemlərlə, işarələrlə təmin edilməli, bu məlumatlar xarici dillərdə də mövcud olmalıdır; Köhnə və yararsız nəqliyyat vasitələri istismardan çıxarılmalıdır. Həmçinin xarici dillərdə məlumatların verilməsi də turistlərin şəhər daxilində sərbəst hərəkətini asanlaşdırar.
-Turizm marşurutları üzrə mövcud olan nəqliyyat vasitələrinin sayı artırılmalı, bura yeni nəqliyyat növləri əlavə olunmalıdır. Turistlərə sərnişin nəqliyyatının müxtəlif növləri - qatar,dəniz, və çay gəmiləri, avia çarter reysləri, avtobuslar təklif edilməlidir; Nəqliyyat sisteminin inkişafı və ixtisaslaşmış turist nəqliyyatının meydana çıxması, az vəsait sərf etməklə xarici ölkələrə turist səfərlərini daha əlverişli edib. Nəqliyyat vasitələrinin seçimi, turistin gəldiyi ölkənin coğrafi mövqeyindən, turisti göndərən ölkənin hansı məsafədə yerləşməsindən, eyni zamanda turistin sosial vəziyyətindən və onun maliyyə imkanlarından asılı ola bilər
-Yerli baza infrastrukturları-su, qaz, elektrik təchizatı, kanalizasiya, telekomunikasiya sistemi, nəqliyyat yollarılazımi səviyyəyə çatdırılmalı, turistlərin tələbatına uyğunlaşdırılmalıdır; Xidmət sahələri dünya standartlarına uyğun təşkil edilmədikdə turizmin dinamik inkişafını təşkil etmək mümkün olmur. İnfrastrukturun pis təşkili antireklam xarakteri daşıyır. Bu sahədə xüsusilə yolların vəziyyətinə xüsusi onəm verilməlidir. Çünki yollar hər bir ölkənin mədəniyyətinin, iqtisadi və sosial inkişafının bariz göstəricilərindən biridir. Yolların rahat olması səfərlərin daha rahat və təhlükəsiz olmasına, azvaxt aparmasına gətirib çıxarar.
-Yolların kənarında kempinq dayanacaqları, yol-istismar xidmət sahələri yaradılmalı, müxtəlif çeşidli yerli və xarici mətbəxə aid yeməklər təklif edən restoranların sayı artırılmalıdır; Bu xidmətlər turistlərin istirahətini daha asan və əlçatan edə bilər. Hər bir turist öz imkanına uyğun istirahət kompleksi tapa bilər.
- Regionlarda səhiyyə xidmətlərinin, informasiya texnologiyalarının inkişafına xüsusi diqqət yetirilməlidir;Turistlər ucqar yerdə istirahət etdiklərinə baxmayaraq, ətrafla əlaqə saxlamaqda çətinlik çəkməməli, sürətli internet, peyk, rabitə və s. xidmətlərdən istifadə etmək imkanına malik olmalıdırlar.
Daxili turizm və otelçiliyin inkişafı
-Daxili turizm inkişaf etdirilməlidir. Sahibkarlar 1 və 2 ulduzlu otellərin inşasına üstünlük verməli, təklif edilən xidmətlərin çeşidini genişləndirməli və qiymətləri aşağı salmalıdır.; Hazırda daxili turizmin zəif olması bir sıra sosial-iqtisadi səbəblərlə bağlıdır. Belə ki, turizm obyektlərində, eləcə də işgüzar turizmlə əlaqədar otellərdə qiymətlər bahadır. Sahibkarlar əsasən ulduzların sayını çoxaltmaqla qiymətləri artırmağa üstünlük verirlər. 4-5 ulduzlu otelləryerli vətəndaşlar üçün deyil, əsasən xarici turistlər və iş adamları üçün münasibdir. Bu da daxili turizmə mənfi təsir göstərir. Məlumat üçün bildirək ki, daxili turizmin inkişafı yerli iş adamlarının gəlirlərinin artmasına yardımçı ola bilər. Bu da öz növbəsində iş adamlarının bu sahəyə daha çox investisiya qoymasına, təklif edilən xidmətlərin sayının, keyfiyyətinin artmasına səbəb olar. Bundan başqa yerli əhali turizm imkanlarından yararlanmaqla daha keyfiyyətli və ucuz qiymətə istirahət edə bilər. Daxili turistlərin xarici ölkələrə və region ölkələrinə axınıazalar,valyuta Azərbaycanda qalar.
-Otellərin qiymət siyasətlərinə nəzarət gücləndirilməlidir;Bu sahəyə nəzarət edən xüsusi qurum yaradılmalı və həmin qurum mütəmadi olaraq otellərdə xidmətlərin səviyyəsini və qiymətləri monitorinq etməlidir. Beləqurumun yaradılması, eləcə də süni qiymət artımına yol verən otellərin aşkarlanıb cərimə edilməsi otellərin məsuliyyətini artırmış olar. Turistlərin aldadılmasının qarşısını alar, həmçinin otellərin fəaliyyətinə ictimai etimadı gücləndirmiş olar.
- 2 və 3 ulduzlu otellərin, hostellərin yaradılmasına investisiya qoyan iş adamları üçün vergi güzəştləri tətbiq edilməlidir.
- İş adamlarına marketinq araşdırmaları zamanı dövlət təşkilatları tərəfindən informasiya dəstəyi verilməlidir.
- Otel personalının və oteldə çalışan işçilərin bilik və bacarıqları inkişaf etdirilməli, otel infrastrukturunun müasir səviyyədə qurulmasına və təklif edilən xidmətlərin genişləndirilməsinə fikir verilməlidir.
Turizmin inkişafı
-Beynəlxalq bazarda mövcud olan güclü rəqabətə davam gətirə bilən turizm sektoru yaradılmalıdır; Belə ki, Azərbaycanın yerləşdiyi coğrafi ərazi turizm baxımından rəqabətin çox olduğu yerdir. Regionda Türkiyə, Rusiya, Gürcüstan kimi turizm sahəsində rəqabət aparan, yaxşı infrastruktura və bol xidmət şəbəkəsinə malik ölkələr mövcuddur. Buna görə də Azərbaycanda qurulan turizm şirkətləri daha çox və daha uyğun qiymətlərlə xidmətlər təklif etməli, turizm obyekləri öz maddi-texniki bazalarını daim müasir standartlara uyğunlaşdırmalı, turizm sahəsində mövcud olan yeniliklərin tətbiqində qonşu ölkələrdən geri qalmamalıdır. Region ölkələrində mövcud olmayan müalicəvi turizm mərkəzləri inkişaf etdirilməlidir. Burada dövlətə də xüsusi rol düşür. Belə ki, dövlət də öz növbəsində nəqliyyat,telekommunikasiya, səhiyyə və s. sahələdə mövcud infrastrukturu daha da təkmilləşdirməli və müasir standartlara uyğunlaşdırmalıdır. Həmçinin turizmin inkişafı üçün aşağıdakı xidmətlərin yaradılması və yaxşılaşdırılması həyata keçirilməlidir;
a) Turistlərin yerləşdirilməsi üzrə (mehmanxana, motel, otel, pansionat, sanatoriya, turist bazarları və s.) göstərilən xidmətlər.
b) Turistlər həmçinin yerli əhalidən icarəyə götürülən şəxsi mənzillərdə və evlərdə, eyni zamanda çadır, avtomobilə qoşulan qoşqu evləri, karvaninqlər yerləşə bilərlər.
c) Turistin qidalanmasının təmin edilməsi üzrə (restoran, yeməkxana, kafe, qəlyanaltı, kafeteri, bar, və s.) xidmətlər.
-Ayrı-ayrı bölgələrin fiziki və iqtisadi coğrafiyası öyrənilməli, bölgələrdə turizmin təşkilinin təcrübi və elmi əsasları işlənib hazırlanmalıdır;Qeyd edək ki, ərazinin turist rekreasion sənədlərinin hazırlanması işinin təşkilinin sifarişçisi qeyri-dövlət və kommersiya strukturları ola bilər. Lakin müvafiq dövlət orqanlarının icazəsi ilə ilk növbədə aşağıdakı sənədlər hazırlanmalı və müzakirə edilməlidir:
a) ərazinin təbii-rekreasiya amillərinin keyfiyyəti haqqında elmi nəticələr;
b) təbii-rekreasiya sərvətlərin ehtiyatı haqqında ekspert rəyi;
c) müalicə-sağlamlıq zonası, ərazisinin və onun hüdudları daxilindəki təbii sağlamlıq sərvətlərinin vəziyyəti haqqında dövlət ekologiya və sanitar-epidemioloji ekspertizanın nəticələri;
d) profil dəyişmə, yerdəyişmə və bağlanması lazım olan təbii-rekreasiya ərazisi hüdudlarında yerləşən sənaye, kənd təsərrüfatı və başqa müəssisələrin siyahısı;
y) ərazinin topoqrafik planı haqqında məlumatlar.
-Tarixi abidələr abadılaşdırılmalı, istirahətin təşkili müasir tələbata uyğun formalaşdırılmalıdır;Tarixi abidələrin abadlaşdırılması həm onların estetik cəhətdən yaxşı görünməsi, həm də uçub dağılmaq təhlükəsindən sığortalanması deməkdir. Bu yolla həm tarixi gələcək nəsillər üçün qoruyub saxlamaq olar, həm də turistlərin istirahətini daha maraqlı etmək olar. Məsələn Çindəki Böyük Çin Səddini hər il yüzlərlə turist ziyarət edir. Bu yolla Çin höküməti həm bu möhtəşəm abidənin qorunub saxlanmasına, həm də çoxlu turist cəlb etməyə nail olur.
Azərbaycanda mövcud olan Qobustan qayaüstü rəsmləri, İçərişəhər tarix muzeyini, Şəki Xan Sarayını və.s yerləri tarixi abidələr kimi misal göstərmək olar. Bu yerlərə müxtəlif nəqliyyat vasitələri ilə turist marşurutları təşkil etməklə, turistlərə bələdçilik və tərcümə xidmətləri göstərməklə onların istirahətini daha asan və mənalı etmək olar.
-Turizm marşrutuna daxil olan rayonların iqtisadi mədəni səviyyəsi turizmin təşkilinin müasir tələblərinə uyğunlaşdırılmalıdır; Buraya yerli əhalinin maarifləndirilməsi, onların yerli sənətkarlıq nümunələrinə hörmətlə yanaşmasını təmin etmək, həmçinin onların turizmdən şəxsi rifah hallarının yaxşılaşdırılması üçün istifadəsinə imkan yaratmaq daxildir.Əgər yerli əhali turizmin timsalında özünə qazanc mənbəyi əldə edərsə, o halda onlar da yerli və tarixi əhəmiyyətli abidələrin qorunub saxlanılmasında, turistlərə hörmətlə yanaşmaqda daha maraqlı olarlar. Həmçinin turizm rayonlarının büdcəsi artmış olar. Bu daha əmin rayonların iqtisadi- mədəni səviyyəsinin, yerli əhalinin dünyagörüşünün və tolerantlığnın, turizm üzrə bilik və savadlarının artmasına gətirib çıxarar.
-Təbiət qoynunda gəzintilər zamanı ətraf mühitin tullantılarla çirkləndirilməsinin qarşısı alınmalı, meşələrin və qoruqların girişlərində təmizliyə və yanğın təhlükəsizliyinə aid maarifləndirici işarələrin vurulması təmin edilməlidir.
-Görməli yerlər haqqında informasiya xidməti təşkil edilməli, müxtəlif maarifləndirici bukletlər çap edilməli, turizm saytları yaradılmalı, turistlərin səfərləri üçün xüsusi turlar təşkil edlməlidir;Bu xidmətlər turistlərin daha çox informasiyalı olmasını təmin edər ki, bu da onları daha çox yerlərə səfər etməyə və bütün yerlərlə tanış olmağa sövq edər.
-Turistlər səfər edərkən onlara bələdçi xidmətləri ilə yanaşı mühafizə xidməti də göstərilməlidir; Bu xidmət yüksək səviyyədə təşkil olunarsa, turistlər ölkəyə yenidən gəlməkdə tərəddüd etməzlər
- Reklam xidməti yaxşılaşdırılmalıdır; Turizmdə reklamın rolu böyükdür, çünki reklam turizm məhsuluna olan təlabatın xarakteri və ölçülərinə bilavasitə təsir göstərir. Bu və ya digər bir ərazinin turizm resursları və bazar təklifləri barədə əhalinin xəbərdar edilməsi səviyyəsini məhz reklam müəyyən edir.
-Turist agentlikləri tərəfindən həyata keçirilən xidmətlərin səviyyəsi yaxşılaşdırılmalıdır; Səyahət marşrutunun hazırlanması, mehmanxanada və nəqliyyat vasitələrində yerlərin bronlaşdırılması, yer kürəsinin hər hansı bölgəsinin turizm resursları haqqında bilgilər, turistin getdiyi bölgədə olan yerləşdirmə vasitələri, gömrük və sərhəd rəsmiyyəti, valyuta məzənnəsi və s. haqqında informasiya verilməsi xidməti həyata keçirilməlidir; Bu xidmətlər turistlərə bir paket kimi təqdim edilə bilər ki, bu da onların xidmətlər üçün bir neçə ünvana baş çəkməsini və vaxt itirməsini önləyə bilər.
-Turistlərin mənəvi təlabatlarının ödənilməsi -teatr, kino, konsert zalları, muzey, sərgi, rəsm qalereyası, parklar, tarixi və təbiət qoruqlarına gedişlərin təşkili, tarix və mədəniyyət abidələrinə baxışların keçirilməsi, festivallarda, idman yarışlarında və digər tədbirlərdə iştirakın təmin edilməsi üzrə göstərilən xidmətlərin səviyyəsi yüksəldilməlidir; Bu onların istirahətinin daha maraqlı və şən keçməsini təmin edər.
-Turistlərin işgüzar və elmi maraqları -konqress,assambleya, konfrans, simpozium, toplantı, seminar, yarmarka və sərgilərdə iştirak etmək üzrə göstərilən xidmətlər yaxşılaşdırılmalıdır; Bu bəzi işgüzar turistlərin yerli biznesmenlərlə daha asan əlaqə qurmalarına kömək edər.
-İnzibati-nəzarət orqanlarının -sərhəd,valyuta,karantin,polis xidmətləri, pasport,viza və s. sənədlərin hazırlanmasına dsir göstərdikləri xidmətlər asanlaşdırılmalıdır; Bu qəbildən olan xidmətlərin asanlaşdırılması turistlərdə ölkə haqqında daha müsbət imic yarda bilər. Həm də onlar üçün ölkəyə səfəri cəlbedici edə bilər.
- İnformasiya vasitələrinin (qəzet,jurnal, radio,televiziya və s.) göstərdikləri xidmətlərin universallığı artırılmalıdır; Yerli informasiya vasitələri xarici dillərdə daha çox verilişlər yayımlayarsa bu turistlərin ölkə haqqında daha çox məlumat almasına kömək edə bilər.
-Dövlət turizm idarələrinin (komitə, departament, nazirlik və s.)göstərdikləri xidmətlər yaxşılaşdırılmalıdır.
-Turizm sənayesində internetin və müasir informasiya texnologiyalarının tətbiqinə xüsusi diqqət ayrılmalıdır. Şəbəkə marketinqi həyata keçirilməli.
təklif edilən xidmət "On-line" rejimi üzərindən satılmalı, ərazicə uzaq olan müştərilərlə əlaqə yarada bilinməsi təmin edilməlidir.
İnternetin köməyi ilə biletlərin satılması, otel nömrələrinin bronlaşdırılması,
səmərəli reklamın həyata keçirilməsi, uzaqdan qeyri-nəqd hesablaşmaların həyata keçirilməsi, potensial əməkdaşların axtarılması həyata keçirilməlidir; On-line xidmətlərin inkişafı turizm obyektlərinin dünya miqyasındaimicinin yaxşılaşmasına, bir sıra xərclərin azaldılmasına və turistlərin daha asan məlumat və xidmətlər əldə etməsinə səbəb ola bilər. Bu xidmətlər həmçinin otellərə və turizm obyektlərinə xərclərini daha asan planlaşdırmağa imkan verər. Bu xidmətlərə vasitəsilə turistlər heç bir vasitəçiyə ehtiyac olmadan öz sifarişlərini daha tez və az xərclərlə həyata keçirə bilərlər.
Çimərlik turizmi- Xəzərin ekoloji təmizliyi
- Çimərlik turizminin inkişafına geniş imkanlar yaradılmalıdır; Xəzər dənizi boyunca geniş ərazilərin yalnız az hissəsi çimərlik kimi istifadə olunur. Bu da əsasən dəniz suyunun çirkli olmasından irəli gəlir. Əgər problem aradan qaldırılarsa,bu həm yeni investisiya qoyuluşlarının, həm də turistlərin sayının artmasına gətirib çıxarar. Çimərlik turizmi hesabına region ölkəsi olan Turkiyə hər il Rusiya və Almaniya kimi Şimalda yerləşən ölkələrdənminlərlə turist qəbul edir. Azərbaycanda da günəşli günlərin sayının çox olması çimərliklərdən istifadə üçün geniş imkanlar yaradır. Bu sahə inkişaf edərsə, təkcə region ölkələrindən hər mövsüm minlərlə turist qəbul etmək olar. Çimərlik turizminin inkişafı üçümn aşağıdakı tədbirlərin həyata keçirilməsi tövsiyyə olunur;
- Xəzər dənizindəki neft yataqlarının çimərlikləri çirkləndirməsinin qarşısını almaq üçün tədbirlər həyata keçirilməlidir; Çimərliklərin ekoloji cəhətdən təmizliyinin təmin edilməsi nəticəsində onların potensialından tam istifadə etmək olar.
-Çimərliklərdə müasir xilasetmə xidmətləri yaradılmalıdır
- Çimərliklərin kənarında fəaliyyət göstərən otellərdə və xidmət şəbəkələrində xidmət səviyyəsi yüksəldilməlidir
- Bu sahədə də inhisarçılıq ləğv edilməli, çimərliklərin sanitar-epidomoloji vəziyyəti daim nəzarətdə saxlanmalıdır
Turizm və yeni iş yerləri
- Beynəlxalq turizm şirkətlərinin fəaliyyəti də yerli əhalinin yaşayış səviyyəsinin yaxşılaşdırılmasına istiqamətləndirilməlidir; Beynəlxalq turizm şirkətlərinin yerli ofislərinin açılması ilə bir çox insan iş yeri ilə təmin edilə bilər. Bu da onların yaşayış səviyyəsini yaxşılaşdırar.
-Suvenir, hədiyyə, açıqca və s. satışı ilə məşğul olan ticarət müəssisələrinin göstərdiyi xidmətlərin səviyyəsi yüksəldilməlidir; Bu öz növbəsində ixracın çoxalmasına və yeni iş yerlərinin açılmasına səbəb ola bilər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB