Çin Avropanı satın alır!

Almaniyada səfərdə olan Çinin baş naziri Ven Çiabao iki ölkə arasındakı ticarət dövriyyəsinin həcmini 200 mlrd avroya çıxarmaq istədiklərini söyləyib. SİA-nın xəbərinə görə, Ven Çiabaonun sözügedən səfəri çərçivəsində iki ölkə arasında 15 mlrd avroluq ticarət müqaviləsi bağlanılıb. Bu müqavilə Çinin baş nazirinin Almaniya kansleri Angela Merkellə görüşündən sonra imzalanıb. Angela Merkel imzalama mərasimində iki ölkə arasındakı ticarət dövriyyəsinin yaxın 5 ildə 200 mlrd avroya çıxarılmasının hədəfləndiyini söyləyib. Xatırladaq ki, bu qərar heç də təsadüfi deyil, belə ki, Almaniya Çinin Avropa Birliyində ən yaxın ticarət ortağıdır. Eləcə də, Çin və Almaniya dünyanın ən iri ixracatçı ölkələri kimi tanınırlar. Mətbuata açıqlama verən Ç.Ven hal-hazırda iki ölkə arasındakı ticarət dövriyyəsinin 130 mlrd avro olduğunu bildirb. Daha sonra baş nazir bunları deyib: " İmzalanan müqaviləyə əsasən Çin 7,5 mlrd avro qarşılığında Almaniyadan 88 ədəd "Airbus A320" markalı sərnişin təyyarəsi almaq istəyir". Bundan başqa Çinin baş naziri Avropada tüğyan edən maliyyə böhranına da toxunub və borcu olan ölkələrin bir çoxunun borclarının satın alına biləcəyini bildirib. "Hal-hazırda Çinin valyuta ehtiyatları 3 trilyon dollardan çoxdur və əgər ehtiyac yaransa, biz Avropaya kömək əlimizi uzada bilərik. Bu hər zaman belə olub və indi də dəyişən bir şey yoxdur". Bundan əlavə Çinin hansı Avropa ölkəsinin borcunu satın alacağı sualına isə baş nazir belə cavab verib: "Müvafiq şəkildə hər hansısa bir ölkənin borcunu satın alacağıq" -deyə sualdan yayınıb.

Bütün xəbərlər Facebook səhifəmizdə