SOCAR Gürcüstandakı yanacaqdoldurma məntəqələrinin sayını 100-ə çatdıracaq

SOCAR Gürcüstandakı yanacaqdoldurma məntəqələrinin sayını 100-ə çatdıracaq

"SOCAR Energy Georgia" şirkətinin Gürcüstandakı yanacaqdoldurma məntəqələrinin sayının ilin sonuna kimi 100-ə çatdırılması nəzərdə tutulub. SİA-nın məlumata görə, Gürcüstanda tikilib istifadəyə verilmiş yanacaqdoldurma məntəqələrinin sayı hazırda 72-dir.

"SOCAR Georgia Petroleum" MMC-nin YDM-lərində ümumilikdə 1142 nəfər işçi çalışır.

Tikintisi davam etdirilən 28 yanacaqdoldurma məntəqəsi ilin sonunadək istifadəyə veriləndən sonra əməkdaşların sayı 1582 nəfərə çatdırılacaq. İşçilər Gürcüstanda ilk dəfə olaraq SOCAR tərəfindən yaradılmış ve beynəlxalq standartlara cavab verən Təlim-tədris Mərkəzində peşə fəaliyyətlərinin təkmilləşdirilməsi məqsədilə treninqlər keçirlər.

Qeyd edək ki, 2006-cı ildən fəaliyyət göstərən "SOCAR Georgia Petroleum" MMC "SOCAR Energy Georgia" şirkətinin 100 faizli törəmə müəssisəsidir.

Müəssisənin fəaliyyətində Gürcüstan bazarına neft məhsullarının idxalı, həmçinin neft məhsullarının topdan və pərakəndə satışı, SOCAR brendi altında müasir standartlara cavab verən yanacaqdoldurma məntəqələrinin və neft bazalarının tikintisi əsas yer tutur.

Bütün xəbərlər Facebook səhifəmizdə