Yalnız qadınlardan ibarət kredit ittifaqı təsis edildi

Yalnız qadınlardan ibarət kredit ittifaqı təsis edildi

Təsisçiləri yalnız qadınlardan ibarət olan "Qadın Dünyası" adlı Kredit İttifaqı təsis edilib. Azərbaycanda mövcud kredit ittifaqlarının üzvlərinin 60%-i kişilərdən, 40%-i qadınlardan ibarət olduğunu nəzərə alaraq qeyd etmək olar ki, bu kredit ittifaqının üzvlərinin tərkibi tam əks olaraq, yəni üzvlərin 80%-i qadınlardan, 20%-i isə kişilərdən ibarət olacaqdır. SİA-nın xəbərinə görə, bu kredit ittifaqının yaradılması ilə qadınların kiçik bizneslə məşğul olmasına, o cümlədən ucqar rayonlarda qadın salonlarının açılmasına, xalçaçılıq, toxuculuq, süd məhsulları, quru meyvələrin istehsalı və digər sahələrin inkişafı üçün ilkin materialların alınmasına kredit verməklə və üzvlər arasında əlaqə yaradaraq onların əmək fəaliyyəti ilə məşğul olmasına, bir sözlə, onların ehtiyaclarının ödənilməsinə yardım etmiş olacaqlar.

Qadınlarda sahibkarlıqla məşğul olmaq həvəsi, eyni zamanda, kredit qaytarma mədəniyyəti kişilərə nisbətən daha üstün olduğundan qadınlardan ibarət olan "Qadın Dünyası" Kredit İttifaqının az bir zamanda inkişaf etməsi və yaxın gələcəkdə xarici ölkələrin qadın birlikləri ilə beynəlxalq əlaqələr qurması gözlənilir.

Qeyd etmək olar ki, dünyanın bir çox ölkələrində təsisçiləri qadınlardan ibarət olan kredit ittifaqları, hətta onların assosiasiyaları fəaliyyət göstərirlər. Bunlardan Kanadanın "Ottava Qadınlarının Kredit İttifaqı", ABŞ-da "Qadınların Cənub-Qərb Federal Kredit İttifaqı", Qana Respublikasında "Qadınların Kredit İttifaqı" və digər kredit ittifaqlarının, hətta "Qadınların Kredit İttifaqlarının Rəhbərlərinin Assosiasiyası"nın adlarını qeyd etmək olar.

"Qadın Dünyası" Kredit İttifaqının yaradılmasına "Qadın Dünyası" İctimai Birliyi və "Azərbaycan Kredit İttifaqları Assosiasiyası" İctimai Birliyi yaxından kömək göstərir.

Məlumat üçün qeyd etmək olar ki, 2002-ci ildən təsis edilən "Qadın Dünyası" İctimai Birliyinin əsas məqsəd sosial zəif təbəqədən olan əhaliyə – qaçqınlar, məcburi köçkünlər, qadınlar, əlillər, şəhid ailələri, yetim uşaqlar, gənclər, və digər şəxslərə hüquqi, mənəvi, maddi kömək göstərmək, cəmiyyətin inkişafında onların rolunu artırmaq, müxtəlif sahələr üzrə (sahibkarlıq, sənətkarlıq, peşə, ekoloji) bilik əldə etmələrinə yardım etmək məqsədi ilə maarifləndirmə proqramları (kurslar, seminarlar, treyninqlər və s.) reallaşdırmaqdan ibarətdir.

Bütün xəbərlər Facebook səhifəmizdə