Bakıda “Bərk məişət tullantılarının idarəçiliyi üzrə 20 illik inkişaf strategiya”nın hazırlanması ilə bağlı tədbir keçirilir

Bakıda “Bərk məişət tullantılarının idarəçiliyi üzrə 20 illik inkişaf strategiya”nın hazırlanması ilə bağlı tədbir keçirilir

Bu gün Bakıda İqtisadi İnkişaf Nazirliyinin və Türkiyənin "Ekodenge" şirkətinin təşkilatçılığı ilə "Bərk məişət tullantılarının idarəçiliyi üzrə 20 illik inkişaf strategiya"nın hazırlanması ilə bağlı tədbir keçirilib.SİA-nın məlumatına görə, tədbirdə İqtisadi İnkişaf Nazirliyinin, "Təmiz Şəhər" ASC-nin, Bərk Məişət Tullantılarının Vahid İdarəçiliyi layihəsində iştirak edən şirkətlərin, əlaqədar dövlət qurumlarının, yerli icra hakimiyyəti orqanları və bələdiyyənin nümayəndələri iştirak ediblər.

Seminarda çıxış edən İqtisadi İnkişaf Nazirliyinin Beynəlxalq təşkilatlarla əməkdaşlıq şöbəsinin müdiri Sahil Babayev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyasına uyğun olaraq kommunal xidmətlərin yaxşılaşdırılması, o cümlədən bərk məişət tullantılarının idarə edilməsi sisteminin təkminləşdirilməsi məsələsinə böyük diqqət yetirildiyini bildirib. O qeyd edib ki, Bakı şəhər ərazisində bərk məişət tullantılarının idarə edilməsi sisteminin müasirləşdirilməsi məqsədilə Azərbaycan Höküməti və Dünya Bankı arasında "Abşeronun Ekoloji Bərpası Proqramı" çərçivəsində Bərk Məişət Tullantılarının Vahid İdarəçiliyi layihəsi üzrə 2009-cu ildə kredit sazişi imzalanıb: \"Layihənin icraçısı İqtisadi İnkişaf Nazirliyinin nəzdində yaradılmış Layihə İdarəetmə Qrupudur. Bərk Məişət Tullantılarının Vahid İdarəçiliyi layihəsinin icrası Bakı şəhəri ərazisində bərk məişət tullantılarının idarə edilməsi sisteminin inkişafında mühüm rol oynayacaqdır\".

"Təmiz Şəhər" ASC-nin İdarə Heyətinin sədr müavini Etibar Abbasov öz çıxışında isə qeyd edib ki, ekoloji tarazlığın qorunmasının ölkə rəhbərliyinin daim diqqət mərkəzindədir və bu istiqamətdə məqsədyönlü tədbirlər həyat keçirilir. O, "Təmiz Şəhər" ASC-nin bərk məişət tullantılarının yerləşdirilməsi və zərərsizləşdirilməsi istiqamətində görülən işlər barəsində məlumat verib və bildirib ki, Balaxanıda tikiləcək Bərk Məişət Tullantılarının Yandırılması Zavodu ildə 500 000 ton məişət tullantısını yandırmaq qabiliyyətinə malikdir: \"Eləcə də 10 000 ton dərman preparatı yandırmaq qabiliyyətinə malikdir. Bu zavod 2012-ci ildə təhvil veriləcək\".

Həbib Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə