“Azərikimya” İB-də Milli Qurtuluş gününə həsr olunmuş tədbirlər keçirilib
ARDNŞ-nin "Azərikimya" İstehsalat Birliyinin əmək kollektivlərində "15 iyun – Milli Qurtuluş günü" silsilə tədbirlərlə qeyd olunub. SİA-nın məlumatına görə, ilk olaraq Birliyin nümayəndələri Ulu Öndər Heydər Əliyevin xatirəsini ehtiramla yad edərək dahi rəhbərin Sumqayıtın mərkəzində ucaldılmış abidəsini ziyarət edib, abidə önünə gül dəstələri qoyublar. Daha sonra tədbir "Azərikimya" İstehsalat Birliyinin Baş ofisində davam edib. Tədbirdə xalqımızın ümummilli lideri Heydər Əliyevin Azərbaycanın bir dövlət kimi dağılmağa doğru getdiyi bir zamanda xalqın təkidli tələbi və xahişi ilə Bakıya qayıtdığı, taleyüklü, ölkə əhəmiyyətli böyük və çox ağır bir problemi üzərinə götürərək mürəkkəb siyasi vəziyyətdən yeganə düzgün çıxış yolunu tapdığı qeyd edilib. Bununla da Ulu Öndər dünya şöhrətli bir siyasətçi kimi Azərbaycanı baş verə biləcək fəlakətlərdən böyük siyasi iradə, müdriklik və qətiyyət göstərərək qurtara bildirib. Çıxış edənlər – YAP-ın Sumqayıt şəhər təşkilatının böyük məsləhətçisi Vəzirxan Ənsərov, "Azərikimya" İB-nin Həmkarlar İttifaqı Komitəsinin sədri Vaqif Ömərov və Birliyin şöbə rəisi Mehman Behbudov qeyd edib ki, dahi lider yenidən hakimiyyətə qayıdışı ilə Azərbaycana nicat verib, onun müstəqil bir dövlət kimi tarixin səhifəsindən silinməsi təhlükəsindən qurtarıb. Bildirilib ki, Ulu Öndərin təşəbbüsü ilə "Əsrin müqaviləsi"nın imzalanması və bir sıra beynəlxalq əhəmiyyətli layihələrin reallaşması nəticəsində Azərbaycanın iqtisadi və hərbi qüdrəti möhkəmləndirilib. Milli Qurtuluş gününə həsr olunmuş tədbirlər Birliyin Səthi aktiv maddələr, Etilen-polietilen, "Üzvi sintez", Mexaniki-təmir zavodlarında, idarə və istehsalat sahələrində də keçirilib. Tədbirlər silsiləsi "Kimyaçı" Mədəniyyət sarayı qarşısındakı geniş meydanda Birlik müəssisələri əməkçilərinin, eləcə də Sumqayıt sakinlərinin iştirak etdiyi geniş konsert proqramı ilə başa çatıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB