ADB ilə elektron ticarətin vergiyə cəlb edilməsinə dair layihə müzakirə edilib

Azərbaycanda elektron ticarətin vergiyə cəlb edilməsi ilə bağlı yeni texniki layihənin başlanılması imkanları Asiya İnkişaf Bankı (ADB) ilə müzakirə edilib.

SİA bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.

Məlumata görə, qurumun rəis müavini Samirə Musayeva ADB-nin Dövlət Sektorunun İdarə Edilməsi Ofisinin Direktoru Navendu Karanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirib.

Görüşdə Dövlət Vergi Xidməti ilə ADB arasında mövcud əməkdaşlıq çərçivəsi, həyata keçirilən və planlaşdırılan texniki yardım təşəbbüsləri müzakirə olunub. Tərəflər vergi inzibatçılığının təkmilləşdirilməsi, daxili resursların səfərbər olunması, fiskal dayanıqlılığın gücləndirilməsi istiqamətində aparılan islahat tədbirləri barədə fikir mübadiləsi aparıblar. Eyni zamanda, elektron ticarətin vergiyə cəlb edilməsi ilə bağlı yeni texniki layihənin başlanılması imkanları müzakirə edilib. Bu istiqamətdə beynəlxalq təcrübənin tətbiqi, rəqəmsal nəzarət mexanizmlərinin gücləndirilməsi və inzibatçılıq alətlərinin təkmilləşdirilməsi məsələlərinə toxunulub.

Görüş zamanı vergi orqanında yeni texniki layihələr üzrə mümkün əməkdaşlıq istiqamətləri də nəzərdən keçirilib. Tərəflər əməkdaşlığın gələcəkdə daha da genişləndirilməsinin qarşılıqlı maraqlara xidmət etdiyini vurğulayıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə