Azərbaycan NATO-nun “Strateji kibermüharibə simulyasiyaları” təlimində təmsil olunub
Azərbaycan NATO-nun Birgə Kibermüdafiə Mükəmməllik Mərkəzinin rəhbər şəxslər üçün təşkil etdiyi “Strateji kibermüharibə simulyasiyaları” təlimində təmsil olunub. SİA Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinə (XRİTDX) istinadən xəbər verir ki, bu, Xidmətin nümayəndə heyətinin iştirakı ilə mayın 27-30-da Estoniyanın paytaxtı Tallin şəhərində keçirilən kibermünaqişələr üzrə 17-ci beynəlxalq konfransı “CyCon 2025” çərçivəsində baş tutub.
Tədbir çərçivəsində XRİTDX-nin əməkdaşları ilə NATO-nun Birgə Kibermüdafiə Mükəmməllik Mərkəzinin bir sıra nümayəndələri və yerli kibertəhlükəsizlik şirkətləri arasında görüşlər keçirilmişdir. Görüşlərdə cari ilin 9-10 oktyabr tarixlərində ölkəmizdə keçiriləcək “CIDC-2025” tədbiri, habelə kiberdiplomatiya, kibertəhlükəsizlik sahəsində təlimlərin təşkili və digər məsələlər üzrə əməkdaşlıq perspektivləri müzakirə edilmiş fikir mübadiləsi aparılıb.
Xatırladaq ki, “CyCon 2025” tədbirində “Kibermüharibə”, “Kiberhücumlardan müdafiə üzrə yanıltma taktikaları”, “Kiberməkanda beynəlxalq qaydaların tətbiqi”, “Transsərhəd kontekstdə kiberinsidentlərə cavab”, “Müasir kibermünaqişələrdən müdafiənin təmin olunmasında “OSINT” (açıq mənbə kəşfiyyatı) texnologiyasından istifadə, “Silahlı münaqişələrdə süni intellektdən istifadə”, “Qlobal həllərin verdiyi imkanlardan sui-istifadə” kimi müxtəlif mövzuları əhatə edən texniki sessiyalar, panel müzakirələri və interaktiv seminarlar təşkil olunmuşdur. Tədbirdə 55 ölkədən 650-dən artıq nümayəndə, o cümlədən dövlət rəsmiləri, ekspertlər, akademik dairələr və elmi-tədqiqat institutlarının nümayəndələrini və nüfuzlu brendləri iştirak edib.
Bütün xəbərlər Facebook səhifəmizdə