Ölkə ərazisində qazlaşdırılma səviyyəsi 96,6 %, o cümlədən Naxçıvanda 100 %-dir. SİA xəbər verir ki, bunu Baş nazir Əli Əsədov parlamentin bugünkü plenar iclasında deyib.
Onun sözlərinə görə, bu göstəriciyə görə Azərbaycan MDB və digər qonşu ölkələri qabaqlayır: “Buna baxmayaraq yerdə qalan 3,4 % abonentlərin təbii qazla təmin olunması üçün maliyyə imkanları çərçivəsində mərhələli şəkildə işlər görüləcək. Hazırda bu istiqamətdə hökumətin aidiyyəti qurumları yerli icra orqanları ilə müzakirələr aparır. Paralel olaraq “İşğaldan azad olunmuş ərazilərdə qazlaşdırılma layihəsi” də həyata keçirilməkdədir.
2025-ci ildə Azərbaycanda dövlət büdcəsindən su ehtiyatlarından səmərəli istifadə, fermerlərin suvarma suyu ilə təchizatı və suvarma sahələrinin genişləndirilməsi üçün növbəti ilin dövlət büdcəsindən 546 milyon manat ayrılacaq. Su təsərrüfatında yaranmış problemlərin həlli su resurslarının məhdudluğu şəraitində Hökumət qarşısında duran ciddi vəzifələrdən biridir. Prezident oktyabrın 10-da “Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya”nı təsdiq edib. Sənəd 2024−2040-cı illəri əhatə etməklə ölkədə su ehtiyatlarının artırılması, su itkilərinin azaldılması, su sahəsində infrastrukturun və idarəetmənin təkmilləşdirilməsi tədbirlərini nəzərdə tutur".
Bütün xəbərlər Facebook səhifəmizdə